Onlayn ictimai-siyasi qəzet
“Bəzi məqamlarda peyvəndlər əks göstərişdir. Əgər uşaqda ağır xəstəlik varsa və ya əvvəlki peyvənddən sonra ciddi allergik reaksiya veribsə, ona peyvənd vurdurmaq olmaz”.
Bu barədə Musavat.com-a Azərbaycan Pediatriya Cəmiyyətinin sədr müavini, tanınmış həkim Əli Quliyev bildirib.
“Uşağın yanaşı olaraq immun çatışmazlığı varsa, ona canlı peyvəndlərin vurulması əks göstərişdir.
Uşaq yaxında antibiotik istifadə edibsə, onda yüngül xəstəlik varsa, uşaqda gipoksiya varsa, yaxud əmgəyi balacadır, ya böyükdür kimi diaqnozlar qoyulubsa, bu vəziyyətlərin heç biri peyvənd üçün əks göstəriş sayılmır. Rahatlıqla peyvəndlər tətbiq oluna bilər”, - həkim əlavə edib.
Qeyd edək ki, Azərbaycana artıq böyüklər üçün qızılca əleyhinə peyvəndlər gətirilib. Onlar canlı peyvəndlər sayılır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar olaraq dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb. Bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18%, ölüm halları isə 43% artıb.
ÜST və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesablamasına görə, bu vəziyyət çoxluq uşaqlar təşkil etməklə təxmin edilən qızılcaya yoluxma hallarının 9 milyona, ölüm hallarının isə 136 minə çatması deməkdir. Qızılcaya yoluxma halları peyvəndlənmənin əhatə dairəsinin zəif olduğu bütün ölkələr və icmalar üçün risk yaradır. Qızılcaya yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasında peyvəndin rolu əvəzsizdir. Təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın bu xəstəlikdən həyatını itirməsinin qarşısını alıb.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ