İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əgər partlayıcı ilə yüklənmiş “iPhone”lar partlasaydı..."- Dəhşətli faktlar

ABŞ-ın xüsusi xidmət orqanlarının keçmiş kəşfiyyatçısı Edvard Snouden Livanda peycerlərin partladılmasının dəhşətli presedent yaratdığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb. 

“Əgər partlayıcı ilə yüklənmiş “iPhone”lar istehsal fabriklərini tərk etsəydi, geniş ictimaiyyət bu gün yaradılmış dəhşətli presedenti daha tez anlaya, başa düşə bilərdi. Bu əmələ heç nə ilə haqq qazandırıla bilməz. Bu, cinayətdir”, - deyə o bildirib.

Snouden əlavə edib ki, Livandakı hadisədən sonra dünya təhlükəsizlik baxımdan daha da pisləşib.

Bundan əvvəl məlum olmuşdu ki, peycer partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amani də yaralanıb. Son məlumatlara görə, səfir yüngül xəsarət aldığı üçün Beyrut xəstəxanalarından birinə köçürülüb. “HƏMAS” hərəkatı Livandakı peycer partlayışlarına görə İsrailin məsuliyyət daşıdığını bildirib. Əl-Cəzirə telekanalı Livan təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir ki, İsrail hərbçiləri Hizbullahın istifadə etdiyi peycerləri şifrələrini sındıraraq onların partlamasına səbəb olub.

Hizbullah Livanda peycerləri partlatdığına görə İsrailə cavab verəcəyini vəd edib. Bu barədə hərəkatın partlayıcı qurğularla insidentlə bağlı bəyanatında deyilir. “Livandakı İslam Müqaviməti əvvəlki kimi Qəzzaya dəstək əməliyyatlarını davam etdirəcək - bu, davam edən bir prosesdir, lakin çərşənbə axşamı günü Livan xalqına qarşı törətdiyi qırğına cavab olaraq düşmən gözlədiyi sərt cavabı alacaq” - təşkilatların nümayəndələri bildiriblər.

İsrailli analitiklər isə baş verənləri 1 il əvvəl İsraillə müharibənin başlamasından bəri Hizbullahın ən böyük təhlükəsizlik uğursuzluğu adlandırıblar. Qeyd ediblər ki, bu, İsrail kəşfiyyat xidmətlərinin Hizbullahla mübarizədəki imkanlarını nümayiş etdirir.

Livan mətbuatının yazdığına görə, peycerlər nisbətən yeni idi və son aylarda Hizbullah silahlılarına təhvil verilib. İsrail mobil telefon danışıqlarını izləmək və qeyd etmək iqtidarında olduğu üçün onlar ünsiyyət qurmaq üçün peycerlərdən istifadə edirdilər. İsrailin iddia edilən hücumu İsrail və Livan arasında gərginliyi daha da artırıb. İsrailin Livanla sərhədə yaxın şəhərlərinin səlahiyyətliləri Hizbullahın cavabından qorxaraq sakinləri bomba sığınacaqlarına yaxın olmağa çağırıb.

İsrail Qəzzada HƏMAS-a qarşı müharibəsini genişləndirdiyini elan edərək, məqsədlərindən birinin İsrail-Livan sərhədində Hizbullah ilə toqquşmalara görə evakuasiya edilən şimali İsrail sakinlərinin evlərinə qayıtmasına imkan yaratmaq olduğunu bildirib. 100 mindən çox insan sərhədin Livan tərəfindəki məskunlaşma yerlərindən qaçıb.

Məlumata görə, indiyədək döyüşlər Qəzzada cəmlənib və burada 41 mindən çox adam, o cümlədən 17 mini yaraqlı öldürülüb. Ancaq indi diqqət Livana yönəlir, bəzi İsrail rəsmiləri Hizbullahı sərhəddən uzaqlaşdırmaq və İsrail vətəndaşlarının evlərinə qayıtmasına imkan yaratmaq üçün quru əməliyyatına çağırır.

Hizbullah İsrail ilə ABŞ-ın terror təşkilatı hesab etdiyi HƏMAS arasında Qəzzada atəşkəs əldə olunarsa, hücumları dayandıracağını bildirib. Bir neçə həftə əvvəl belə bir razılaşma real görünürdü, lakin sonradan tərəflərin mövqeləri sərtləşdi.  Qətərin xarici işlər naziri Məcid əl-Ənsari danışıqların davam etdiyini bildirib.

“Yaxın vaxtlarda sazişin bağlanma ehtimalına gəlincə, əlbəttə ki, biz hər mərhələdə ümidliyik və hazırda bütün mümkün kommunikasiyaları həyata keçiririk. Hazırda razılaşmanın perspektivlərini şərh edə bilmərəm, lakin deyə bilərəm ki, biz səylərimizi davam etdiririk və nikbin qalırıq”.

Qeyd edək ki, ötən gün  Livanda bir çox peycer eyni vaxtda partlayıb, nəticədə onlarla insan yaralanıb. Partlayışlar nəticəsində minlərlə adam yaralanıb, onlardan 500-nün vəziyyəti ağırdır. İndiyədək ölənlərin sayının 11-ə çıxdığı bildirilsə də, bu rəqəmin artacağı da istisna edilmir.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR