İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfv üçün müraciət edənlər - Hüseyn Abdullayev və daha kimlər...

Çingiz Qənizadə: “Adıçəkilən hər iki şəxsin əfv olunacağı gözlənilir”

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib və 100-ə yaxın müraciətə baxılıb. Komissiyadan “Turan”a bildiriblər ki, bu ilin yanvarından 700-dən çox müraciətə baxılıb. Növbəti iclas fevralın 23-də olacaq. İclaslar may ayına qədər davam edəcək. Bundan öncə xəbər verildiyi kimi, Prezidentin əfv sərəncamı eks-prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi (10 may) münasibətilə olacaq.

Milli Məclisin həbsdə olan sabiq deputatı Eldəniz Səlimov azadlığa buraxılmasını istəyir. Eks-deputatın bu məqsədlə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanladığı bildirilir.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, bununla bağlı məlumat ictimaiyyətə açıqlanmır: “Əfv Komissiyasına daxil olan müraciətlər və onun müəllifləri şəxsi məlumatlar kateqoriyasına aid olduğundan bu barədə məlumatlar açıqlanmır. Həmin məlumatları yalnız müraciət edən şəxslər özləri açıqlaya bilərlər”.

Xatırladaq ki, E.Səlimov 2021-ci il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Faktla bağlı Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İddialara görə, gözlənilən əfvlə bağlı Hüseyn Abdullayevin (“Quska”) də azadlığa buraxılacağı gözlənilir.

Xatırladaq ki, keçmiş deputat və sahibkar Hüseyn Abdullayev 2013-cü ildə Azərbaycandan mühacirət edib. 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.

İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır. Hüseyn Abdullayev isə özünü təqsirli bilmir.

Bəs daha kimlər əfv üçün müraciət edib? Bu dəfə kimlərin əfv olunacağı gözlənilir?

Ermənilərə yardım etmək olmaz” deyənləri qınayıram” - Novella Cəfəroğlu  Yeni Sabah

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə Hüseyn Abdullayev barəsində demək istəyirəm ki, o, xəstədir. Özü də həmişə hökumətin tərəfini saxlayan adam olub. Elə adamı buraxmaq olmaz ki, cəmiyyətə, dövlətə ziyan vura bilər. Lakin nə Hüseyn Abdullayev, nə də eks-deputat Eldəniz Səlimov bu dövlətə, insanlara zərər gətirib. Çox istərdim ki, xəstələr, həmçinin siyasilər, jurnalistlər, blogerlər də  azadlığa buraxılsın. Məlum olduğu kimi,  bütün Avropa bizə irad tutur ki, ölkədə insan haqları pozulur - baxmayaraq ki, bütün dünyada insan haqları pozulur -  amma gözləri bir tək Azərbaycanı görür. Məsələn, bu dəqiqə Gürcüstanda Saakaşvili ölüm ayağındadır, bir Avropa ölkəsi onun müdafiəsinə qalxmır. Amerika hərdən  nəsə deyir, amma bu da ciddi  deyil.  Amma hamımız bilirik ki, Saakaşvili demokrat olub, ölkədə korrupsiyanın kökündən məhv etməyə çalışırdı. Lakin qeyd etdiyim kimi, bu dəqiqə nə Avropa, nə də Amerika onun adın çəkir, gözləri görmür ki, Gürcüstanda insan haqları pozulur. Biz isə ermənilərin hay-küyünə görə daima hədəfdəyik. Bu baxımdan, bu yükü üstümüzdən götürmək üçün bu dəfə bir çox siyasiləri, jurnalist və digərlərini əfv etməliyik ki, kənardan ölkəmizə heç kəs irad tutmasın, bizə söz deyə bilməsin. Onsuz da ağır günlərimizdir,  nə qədər şəhidlərimiz, qazilərimiz, xəstəmiz var, hələ Xankəndi bizim əlimizdə deyil, rus qoşunları ərazimizdədir və sairə. Ona görə də hamımız birləşib Azərbaycanı bəlalardan xilas etməliyik”.

Novella Cəfəroğlu qeyd edib ki, əfv üçün müraciət edənlərdən biri də “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovdur. Qeyd edək ki, İ.İsmayılov ötən ilin fevral ayında 6 il azadlıqdan məhrum edilib. O, 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Lakin o, özünü təqsirli bilmir və dediyinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb.

Novella Cəfəroğlunun sözlərinə görə, İlqar İsmayılovun əfv olunması gözləniləndir: “İlqar İsmayilovun işi ilə tanış olmuşam və görünəni də budur ki, onun işində ağır cinayət yoxdur. Hesab edirəm ki, belə insanları buraxmaq lazımdır. Elə etmək lazımdır ki, bu cür işlər Avropa Şurasına gedib çıxmasın. İlqarın işi yüz faiz Avropa Şurasına gedib, reabilitasiya olunub, geri qayıdacaq. Həmçinin ömürlük həbs olunanlar var ki, onların arasında 20 ildir məhbus həyatı yaşayan var. Məsələn, OMON-çular... Hər halda, onlar müharibədə olublar, pis zamanlarda  Azərbaycanı qoruyublar, indi əllərindən xəta gəlib və bunun heç kim inkar  etmir, amma artıq 20 ildir ki, həbsxanadadırlar. Və yaxud "Qaranquş" dəstəsi var, onların hamısının işinə yenidən baxıb, 20 ildir həbsdə olanları ömürlükdən azad etmək olar. Yəni yalnız caniləri, Azərbaycana, cəmiyyətimizə zərər gətirə biləcək insanları həbsdə saxlamaq lazımdır, digərlərini bağışlamaq mümkündür".

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə dedi ki, Əfv Məsələləri Komissiyasının iclasının  keçirilməsi ilə bağlı mətbuatda verilən məlumatlar bir daha onu göstərir ki, yaxın vaxtlarda cənab Prezident tərəfindən çox böyük əfv sərəncamı imzalanmasının şahidi olacağıq: “700-dən çox müraciətə baxılıb, amma bu proses hələ  davam edir. Nəzərə alsaq ki, əfv sərəncamı ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə veriləcək, o zaman görünən budur ki, bu müraciətlərə baxılması prosesi hələ davam edəcək. Hüquq müdafiəçiləri olaraq, həmişə cənab Prezidentin bu humanist addımını alqışlamışıq. Belə  hesab edirik ki, bu dəfə daha çox insanın əfv sərəncamı ilə azadlığa buraxılmasının şahidi  olacağıq.  Milli Məclisin sabiq deputatı Eldəniz Səlimovla bağlı biz hüquq müdafiəçilərinin də mövqeyi belədir ki, cəzasının yarısını demək olar ki, çəkib, həm də ağır cinayətlər kateqoriyasından deyil. Bu baxımdan, Eldəniz Səlimovun azadlığa buraxılmasını biz də arzulayırıq və cənab Prezident bu addımı atacaqsa, biz bunu  alqışlayacağıq.  Hüseyn  Abdullayevlə bağlı da məsələnin gündəmdən olması gözlənilir. Hüquq müdafiəçiləri olaraq onun əfvə düşməsi və azadlığa buraxılmasını arzulayır, bu istiqamətdə addımlar atırıq. Hər iki şəxsin azadlığa çıxması üçün hüquq müstəvisində bir problem yoxdur və onlar azadlığa buraxıla bilərlər. Amma təbii ki, son söz cənab Prezidentindir. Budəfəki əfvdə daha çox insanın azadlığa çıxacağını nəzərə alsaq, deyə bilərik ki, hər iki şəxsin əfvə düşmə ehtimalı olduqca böyükdür.

Hansı kateqoriyadan daha çox insanların əfvə düşəcəyi məsələsinə gəldikdə, bu artıq Əfv Komissiyasını işi, təklifidir və cənab Prezidentin qərarıdır.  Kimliyindən asılı olmayaraq cənab Prezident tərəfindən yüzlərlə insan əfv ediləcəksə, bu, artıq yüzlərlə deyil, minlərlə insanın sevinci deməkdir. Çünki əfv olunanların sevincinə onların ailələri, qohumları, valideynləri, yaxınları da qoşulacaq. Ona görə də ümid edirəm ki, cənab Prezident budəfəki humanist addımı ilə minlərlə insanın sevincinə səbəb ola biləcək bir sərəncam imzalayacaq".

Xalidə Gəray
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR