İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədliyyə nazirinin müavini: “Həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb”

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi və müzakirə olundu. Məruzəni Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov təqdim etdi. Bildirdi ki, ölkəmiz 2022-ci ildə də Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində hərtərəfli davamlı tərəqqi yolu keçib, əzəli torpağımız Qarabağ və Şərqi Zəngəzurda dövlətimizin öz iqtisadi imkanları hesabına misilsiz quruculuq işləri sürətlə davam etdirilib, çoxşaxəli infrastruktur layihələri gerçəkləşdirilib: “Post-konflikt dövründə həyata keçirilən ardıcıl tədbirlərdə Azərbaycan bələdiyyələri də yaxından iştirak etib, ötən dövrdə Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri təmin olunub, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bələdiyyələr tərəfindən 900-dən çox abidə və abidə kompleksi, xatirə lövhəsi və bulağı istifadəyə verilib, onların yaşadıqları evlər və küçələr abadlaşdırılıb. 2022-ci ildə də bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bir sıra işlər görülmüş, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət dəstəyi göstərilmişdir. Dövlət başçısının 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nda ölkəmizdə yerli özünüidarəetmə sisteminin müasir innovativ cəmiyyətin tələblərinə uyğunlaşdırılması məqsədilə bir sıra tapşırıqlar nəzərdə tutulmuş, onların icrası istiqamətində zəruri tədbirlər görülür. Ötən il 95466 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 91307 (95,6%) akt qanunvericiliyə uyğun hesab edilib. Habelə bələdiyyələrin fəaliyyəti ilə bağlı 4180 müraciətə baxılıb”.

Məruzəçi bildirdi ki, ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3799 aktla bağlı bələdiyyələrə təkliflər verilib, 2044-ü ləğv edilib, 1399-u dəyişdirilib, təmin olunmayan 40 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb: “Verilmiş təklif və ya məhkəmə iddiaları əsasında bütövlükdə 13089 ha (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bələdiyyə fəaliyyəti ilə bağlı baxılmış müraciətlərin 408-i, o cümlədən xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının müraciətlərindən 132-si təmin edilib. 2022-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 68 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları ilə bağlı aidiyyəti üzrə istintaq orqanlarına müraciət edilmişdir. Həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb”.

V.Zahirov dedi ki, 2022-ci ildə yerli büdcə gəlirlərinin artırılması istiqamətində tədbirlər nəticəsində fiziki şəxslərin torpaq və əmlak vergisi üzrə yerli büdcələrə 2021-ci illə müqayisədə təqribən 2 milyon manat çox vəsait daxil olub: “Əvvəlki dövrlərdə icarəyə verilmiş torpaqların icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması tədbirləri nəticəsində 2022-ci ildə 167 bələdiyyənin 1836 icarə müqaviləsində (təxminən 15 min ha torpaq sahəsi üzrə) icarə haqqı ümumilikdə təqribən 552 min manat (1,8 dəfə) artıb”. Nazir müavini qeyd etdi ki, eyni zamanda torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların 2 milyon manatdan çox hissəsi ödətdirilib: “Bələdiyyələrin qəbul etdikləri pul tələbinə dair inzibati aktlarının icra məmurları tərəfindən icrası nəticəsində yerli büdcəyə 850 min manata yaxın vəsait ödənilib. 2022-ci ildə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edən bələdiyyələrin rolunun ölkə ictimaiyyətinə çatdırılması məqsədilə Ədliyyə Nazirliyinin metodiki dəstəyi ilə son bələdiyyə seçkilərindən keçən dövr ərzində yerli əhalinin rifahı naminə görülən işlər barədə bir sıra bələdiyyələr tərəfindən broşürlər hazırlanaraq çap edilmiş və yerli sakinlərə paylanılıb. Həmçinin nazirlik tərəfindən bələdiyyələrin gördüyü işlər, yerli vergi və ödənişlərin ödənilməsinin əhəmiyyəti və s. ilə bağlı videoçarx hazırlanaraq nazirliyin Facebook və Youtube sosial şəbəkələrindəki səhifələrində paylaşılıb”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR