Onlayn ictimai-siyasi qəzet
"Zamanımda bir neçə il öncə “Qafqazın Xirosiması” adlandırılan, bu gün isə Azərbaycanın yenidən ən gözəl cənnət məkanlarından birinə çevrilmiş Ağdamda sizləri xoş gördük. Möhtərəm Prezidentimizin tapşırığı ilə hamınızı bu gözəl məkanda salamlayıram".
Musavat.com bildirir ki, bu sözləri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiya nümayəndələrinin 10 iyul Ağdam səfəri zamanı deyib.
Ədalət Vəliyev xatırladıb ki, 1993-cü ildən başlayaraq, 30 ilə yaxın bir müddətdə erməni faşizminin vandalizminə məruz qalan Ağdam şəhəri dağıdılıb, talan edilib, yandırılıb və tamamilə məhv edilib:
"Məlum olduğu kimi, 1993-cü ildən başlayaraq 30 ilə yaxın bir müddətdə erməni faşizminin vandalizminin ən ağır yaralarını alan şəhərlərdən biri Ağdam olmuşdu. Dağıdılmış, sökülmüş, oğurlanmış, yandırılmış, məhv edilmiş bir miras qoyaraq, ermənilər 2020-ci ilin noyabr ayının 20-də buranı tərk etmişdilər. İşğal nəticəsində Azərbaycanın 62 rayonuna səpələnmiş 200 minə yaxın ağdamlı bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında həyata keçirilən “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq yenidən ata yurduna, ocağına qayıdır və ya qayıtmağa hazırlaşırlar".
Ağdamda çox böyük yenidənqurma, abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran Ədalət Vəliyev həmçinin bildirib:
"Noyabrın 20-si, həm də Ağdamın qan tökülmədən azad edildiyi gün kimi, cənab Prezidentin sərəncamı ilə “Ağdam şəhəri günü” kimi qeyd olunur. Ağdamın azadlığı uğrunda medal təsis olunub. 5 970-dən çox qəhrəman övladımız bu medala layiq görülüblər.
Bu gün siyasi partiya rəhbərləri, nümayəndələri, politoloqlar, siyasi məsuliyyət daşıyan şəxslərlə birlikdə səkkizinci səfərimizdir. Hər bir səfərdə iştirakçılar təkcə yenilənən bir şəhəri, bir rayonu deyil, bütövlükdə yenilənən Azərbaycanı görürlər. Bu gün də dəmir yolunun geniş imkanlarından istifadə edərək Ağdama gəlmişik. Bu rahat və təhlükəsiz imkanı yaratdığı üçün sizin adınızdan cənab Prezidentə dərin təşəkkür və minnətdarlığımızı bildirmək istəyirəm".
Xalidə Gəray
Video müəllifindir
Musavat.com
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ