İnsanlara hürriyət, millətlərə istiqlal!

Əcnəbilərlə evlənənlər arasında boşanmalar çoxalıb

Son illər Azərbaycanda boşanmaların gətirdiyi problemlər barədə ekspertlər dəfələrlə fikir bildirir, həyəcan təbili çalırlar. Xüsusilə də əcnəbilərlə ailə quranlar arasında boşanmaların olduğu narahatlıq doğurur.

Elə Ədliyyə Nazirliyinin açıqladığı sonuncu statistikada da qeyd edilir ki, 2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub. 2019-cu ildən sonra əcnəbilərlə bağlanmış nikahların pozulması statistikası yenilənməyib. Evlənənlərlə boşananların sayını müqayisə etdikdə isə bəlli olur ki, ailə quranların təxminən dörddə biri - 25 faizə qədəri boşanır. Bu rəqəm dünya ölkələrində necədir? Azərbaycanda boşanmaların sayının artması nə ilə bağlıdır?

Müqayisə üçün bildirək ki, Türkiyə Statistika Təşkilatı da 2022-ci il üçün evlilik və boşanma statistikasını açıqlayıb. Müvafiq olaraq, ötən il evlənən cütlüklərin sayı 2021-ci ilə nisbətən 2 dəfə artaraq 574 min 358-ə çatıb. Hər min nəfərə düşən nikahların sayını ifadə edən nikah nisbəti mində 6,76 olub. Türkiyədə 2022-ci ildə əcnəbi gəlinlərin sayı isə 28 min 571 olaraq qeyd edilərkən, xarici gəlinlər arasında birinci yerdə suriyalılar olub ki, bu da 13.2 faiz təşkil edib.

Bəs ilbəil xarici nikahlar genefondumuza necə təsir edir? Bunda bir narahatlıq varmı?

kemale.jpg (88 KB)

Kəmalə Əhməd: “Azərbaycanda xəyanət boşanma üçün əksər hallarda əsas səbəb deyil”

Kouç Kəmalə Əhməd mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda boşanmalar yalnız Azərbaycanda deyil, dünya üzrə artmaqdadır: “Misal üçün, 2020-2023-cü il statistikasını nəzərdən keçirdikdə aydın olur ki, Avstraliyada evliliklərin 38%, Kanadada 40%, Böyük Britaniyada 42%, ABŞ-da 50%-i boşanma ilə bitir. Ölkəmizdə boşanmaların sayının artmasını ümumi bir qanunauyğunluğa tabe etməyə çalışmaq doğru olmaz, belə ki, hər bir cütlük individualdır və insanlar kimi problemlər də fərqlidir. Ümumi problemlər olaraq: şiddət, ailə üzvləri ilə problemlər, maddi sıxıntılar, ünsiyyət problemləri, xarakterik fərqliliklər, ehtiyacların və evlilikdən gözləntilərin dəyişməsi, dəyər fərqliliklərini göstərmək olar. Boşanmalar və cütlüklərlə iş praktikam göstərir ki, Azərbaycanda xəyanət boşanma üçün əksər hallarda səbəb deyil. Boşanmaq üçün müraciət edənlərin əksər halda göstərdiyi səbəb sevgi, diqqət və dəstək əksikliyidir”.

Ekspert əlavə edib ki, xəyanət  dünya üzrə boşanma səbəblərinin 27%-ini təşkil edir: “Boşanma səbəblərinin araşdırıldığı ən etibarlı mənbələrə görə 80% kişi və qadın boşanma üçün əsas səbəb kimi tərəflərin emosional uzaqlaşmalarını, yaxınlıq hissinin itməsini, sevildiyini, dəyər verildiyini və hörmət olunduğunu hiss etməməsini göstərir. Tərəflər arasında davalar 35% kişi, 44% qadın tərəfindən boşanma səbəbi kimi göstərilir. Evlilik üzrə ekspert professor Con Qotmana görə, ABŞ-da ilk evliliklərin 67%-ni, ikinci evliliklərin isə 77%-ni boşanma gözləyir. COVİD pandemiyası və stress dünya üzrə boşanmaların artım səbəblərindəndir”.

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu” -  05.08.2017, Sputnik Azərbaycan

Mehriban Zeynalova: “Qızlarımız əcnəbi kişi ilə nikaha daxil olmazdan əvvəl araşdırsınlar”

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə əcnəbilərlə evliliyin fəsadlarından danışıb: “Xaricilərlə evlənmək insanların evliliklə bağlı məlumatlarının az olmasından irəli gəlir. Bu da əsasən  iqtisadi məsələlərlə bağlıdır. Həm də gənc qızlar elə bilirlər ki, əcnəbilərlə ailə qurandan sonra  sərbəst olacaqlar. Bir sıra gənc xanımlar düşünür ki, əgər əcnəbi kişi ilə ailə həyatı qurarsa, demək, onun sərbəstliyi olacaq və istədiyi kimi yaşayacaq. Çünki son vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin qadınların ünsiyyət qurmasına da müəyyən qadağalar qoyulur. Xüsusən gənc xanımlar fikirləşir ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Bu cür yanaşma həm də azərbaycanlı kişilərdə var. Azərbaycan qadınları daha çox İran və Türkiyə vətəndaşı ilə ailə həyatı qurur. Bizim mərkəzə daha çox bu ölkələrin vətəndaşları ilə ailə quran xanımlar müraciət edir. Onları narahat edən məsələlər əsasən əmlak problemi və uşağın hansı valideynlə qalmasıdır. İranda daha çox kişinin hüquqları qorunur, nəinki qadınların. Xanımlar bizə müraciət edəndə, onlarla ünsiyyət zamanı məlum olur ki, ya bu xanım aldanacaq, ya da insan alverinin qurbanına çevriləcək. Məsələn, bir xanım bir dəfə üzləşdiyi problemlə əlaqədar bizə müraciət etmişdi. O, internet vasitəsilə bir əcnəbi oğlanla tanış olmuşdu. Onlar uzun müddət internetdə yazışıblar. Qız ailəsinə türk oğlanla ailə həyatı qurmaq istədiyini bildirəndə, valideynləri buna etiraz edib. Ancaq qız valideynlərinin sözünə baxmayıb və Türkiyəyə gedib. Bir müddət sonra qız Türkiyənin ucqar bir kəndində qul kimi yaşayıb. Sonra onu xaricə satırlar. Sonda qızı polislər taparaq, Azərbaycana gəlməsinə kömək etmişdilər. Yəni bu cür nikahlar həmişə uğurlu olmur. Ona görə də xüsusilə qızlarımız əcnəbi kişi ilə nikaha daxil olmazdan əvvəl araşdırsınlar, düşünsünlər, ağıllı qərar verirsinlər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR