İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbləh Zatulin köhnə ampluasında - Bakı cəzalanmasını istəmişdi...

Putinin deputatı işğalı və terroru “erməni xalqının qəhrəmanlıq mübarizəsi” adlandırır; hərbi ekspert: “Qəhrəman öz vətənini qoruyan xalqa və əsgərə deyilir, erməni ordusu isə...”

Ermənistanın 4 ildir Azərbaycanla ədalətli sülh müqaviləsindən yayınmasının səbəblərindən biri, bəlkə də birincisi, şübhəsiz, onun xarici havadarlarının tutduğu qızışdırıcı mövqedir. Erməni radikal revanşistlər, - təəssüf ki, onlar hakimiyyətdə də az deyil, - məhz həmin havadar-kuratorlarların şirnikləndirici vədlərinə aldanaraq, bölgədə daimi sülh və əməkdaşlığın bərqərar olunmasını, iki qonşu xalqın barışmasını əngəlləməyə çalışırlar.

Onlardan biri də Paşinyan hökuməti tərəfindən Ermənistana girişi qadağan edilmiş, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, Rusiyadakı hakim “Vahid Rusiya” partiyasının üzvü Konstantin Zatulindir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə vaxtaşırı həqarət edən bu zat yenə revanşistləri qızışdıran açıqlama verib.

Sitat: “Ermənistan baş naziri hesab edir ki, erməni xalqının qəhrəmanlıq mübarizəsini və erməni soyqırımı qurbanlarını unutmaq lazımdır. O, erməni xalqını inandırmaq istəyir ki, hətta dövlətçiliyin olmadığı bir zamanda erməni xalqını birləşdirən və qoruyub saxlayan Ermənistan kilsəsi də Bizans imperiyası dövründən bəri xarici agent olub”. Görəsən, erməni xalqının hansı “qəhrəmanlıq mübarizəsi”ndən söhbət gedir. Aydındır ki, K.Zatulin Qarabağdakı gorbagor olmuş separatçı xunta rejimini nəzərdə tutur. Azərbaycanın Rusiyadakı sabiq səfiri Polad Bülbüloğlu bu il sentyabrın 2-də mifik “artsax”ın “müstəqillik günü” ilə bağlı K.Zatulinin erməni xalqına son dərəcə təxribatçı, ərazi bütövlüyümüzə saymazyana təbrikinə cavab olaraq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub yazmış, bu zatla bağlı tədbir görülməsini xahiş etmişdi. Amma belə görünür Zatulin öz ənənəvi amluasındadır. Görəsən niyə?

“Onun ”qəhrəman" adlandırdığı erməni hərbçilər işğalçı ordunun əsgərləri və separatçı silahlı birləşmələrin üzvləri idi. Qəhrəman öz vətənini qoruyan xalqa və əsgərə deyilir. Ermənistan Silahlı Qüvvələrinin əsgərləri isə 2020-ci ilə qədər Azərbaycan ərazilərini işğalda saxlayıblar və bu, qəhrəmanlıq deyil. Əgər müharibə olmasaydı, Paşinyan indi nə sülhdən danışardı, nə də onun ali baş komandanı olduğu işğalçı ordu Qarabağdan çıxardı. Eləcə də “artsax özünümüdafiə batalyonu” adlanan, əslində Ermənistan Silahlı Qüvvələrinin Qarabağda olan korpusu terrorçu əməllərinə son qoyardılar. Ona görə də terrorçu və işğalçı ordunun hərbçiləri qəhrəman adlana bilməz. Sadəcə, Zatulin erməni xalqının könlünü almaq üçün yenə danışıb", - bu sözləri “Yeni Müsavat”a hərbi ekspert Ramil Məmmədli Zatulinə cavabında qeyd edib.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

Onun sözlərinə görə, Zatulin hakim partiyanın deputatıdır və bununla bağlı “Vahid Rusiya”ya etiraz məktubu göndərmək olar. Hərbi analitikin fikrincə, Zatulinə töhmət verilsə belə, mövqeyini dəyişməyəcək: “Onun bəlası necə verilibsə, Ermənistana girişinə stop qoyulub. Bu şəxs anlamır ki, hər çıxışı Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir. İki qonşu ölkənin Moskvada imzaladığı strateji müttəfiqlik bəyannaməsi var və sənəddə bir sıra vacib bəndlər yer alır. Onlardan biri də tərəflərin biri-birinə qarşı propoqanda aparmaması, separatizmə qarşı birgə mübarizə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə əsaslanır. Amma Zatulin razılaşdırılmış bəndlərin heç birinə riayət etmir. Söhbət qanunverici orqanın üzvündən və iqtidar partiyasının deputatından gedir. Halbuki Azərbaycan parlamentinin heç bir üzvü Rusiyaya hörmətsizlik etməyib. Bəli, Rusiyanın siyasətini tənqid edənlər olub, bu da normaldır, amma belə sayğısız çıxışlara yol verilməyib. Ona görə də Zatulin cavabını almalıdır”.

Hərbi ekspert hesab edir ki, Ermənistan ərazilərinə hücum olsaydı və onlar öz şəhərlərini qorusaydılar, Zatulin haqlı sayıla bilərdi: “Ancaq müharibə Azərbaycan ərazilərində gedib. Zatulinin partiyasının sədri Putin müharibənin ilk vaxtlarında bəyan edib ki, döyüşlər Azərbaycanın tərkib hissəsi olan Qarabağda aparılır. Bunu Paşinyanın KTMT-yə müraciətinə reaksiyasında bildirmişdi. O zaman Zatulin niyə sual vermir ki, erməni hərbçilərinin başqasının torpağında nə azzarı var idi? Əgər döyüşlər Ermənistan ərazilərində getsəydi, KTMT qarışardı, Zatulini də başa düşmək olardı. Üstəlik, Qarabağ müharibəsində Ermənistanın heç bir rayonu, sərhəd bölgəsi zərər çəkməyib. Azərbaycan Ordusu düşmən ölkənin hər hansı şəhərinə zərbə endirməyib. Amma işğalçı qüvvələr Qarabağda gedən döyüş meydanında uzaqda olan Gəncəni, Bərdəni, Tərtəri bombalayıblar. Hazırda həbsdə olan Araik özü deyib ki, bu əmri mən vermişəm. İndi Zatulinin "qəhrəmanlıq" dediyi insanlıq əleyhinə olan bu cinayətlərdir?"

Hərbi ekspert Ermənistanın yenə də Qərbdən silahlandığını, Prezidentin də bu məsələyə toxunduğunu yada salaraq yeni savaş riskləri olduğunu düşünür: “Zatulin revanşa hazırlaşan Ermənistan ordusunun yeni "qəhrəmanlıq" xülyalarından danışsa yaxşı olar. Sadəcə, onun İrəvana girişinə qadağa qoyulduğuna görə acığından bilmir ki, nə desin. Həm Ermənistan hakimiyyətini, həm Azərbaycanı ittiham edir. Guya erməni xalqının təəssübünü çəkir. Əslində aldığı rüşvətlərin əvəzini ödəyir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR