İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın iki liderindən ilginc anons: Ukrayna savaşı hələ uzun çəkəcək...

NATO baş katibi ilə Böyük Britaniya baş naziri xəbərdarlıq edib ki, müharibə illərlə davam edə bilər və Ukrayna bir qədər də sürətlə silahlanmalıdır - ekspertlərdən fərqli proqnozlar

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin uzun və baha başa gələ biləcəyi barədə xəbərdarlıq edib. “Yeni Müsavat” xəbər verir ki o, müharibənin  illərlə çəkə biləcəyinə hazır olmağa çağırıb. Böyük Britaniyanın baş naziri Boris Conson da xəbərdarlıq edib ki, müharibə uzun sürə bilər və Ukrayna bir qədər də sürətlə silahlanmalı, avadanlıq, sursat və təlim almalıdır. Kollektiv Qərb sanki bilərəkdən savaşın uzanmasını istəyir, hətta buna çalışır. Bəs burada maraq nə ola bilər? Rusiyanın savaşaraq tükənib, məğlub olmasını istəyir Qərb, yoxsa başqa məqsəd var?

Halbuki müharibə yeni başlayanda əksəriyyət deyirdi ki, tezliklə başa çatacaq, Rusiya məğlub ediləcək, biabırçı şəkildə geri çəkiləcək. Müharibənin 4 ayının tamam olduğu bugünlərdə NATO baş katibi ilə B.Britaniya baş naziri deyirlər ki, savaş uzana bilər. Bu arada Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, ölkəsinin cənubunu heç kimə verməyəcəklər. O əlavə edib ki, özümüzə məxsus olan hər şeyi geri qaytaracağıq. Zelenski bildirib ki, cənub bölgələrindəki itkilər əhəmiyyətlidir, çoxlu dağılmış evlər, mülki maddi-texniki təchizatın pozulması və bir sıra sosial problemlər var. O, hər şeyin bərpa olunacağına inandığını dilə gətirib. Ümumiyyətlə, Ukraynanın hazırda 25 faiz ərazisinin Rusiya ordusu tərəfindən işğal olunduğunu nəzərə alsaq, ölkəni qabaqda hələ daha böyük işlərin, savaşların gözlədiyi məlumdur.

Siyasi təhlilçi Şahin Cəfərli qeyd edir ki, Britaniya baş naziri Kiyevə yeni təşəbbüslə gəlmişdi: “Hər 4 ayda 10 min (1 ildə 30 min) Ukrayna əsgərinə Britaniya ərazisində bu ölkənin hesabına britaniyalı zabitlər tərəfindən təlim veriləcək. Bu, o deməkdir ki, müharibə uzanarsa, Ukrayna Britaniya ordusunun təlim mərkəzlərində NATO standartları üzrə hazırlanmış yüksək səviyyəli rezervləri döyüşə daxil etmək imkanı qazanacaq. Rus ordusunun rezervlərinin döyüş qabiliyyətinin isə hazırda döyüşən hərbi birləşmələrdən daha aşağı səviyyədə olacağı sirr deyil”.

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop

Şahin Cəfərli 

Şərhçi bildirir ki, Sankt-Peterburq forumundakı çıxışında Putin Donbasdakı döyüşlərlə bağlı maraqlı açıqlama vermişdi: “Etiraf edib ki, onun ordusu Ukrayna ordusunun Donetsk istiqamətindəki möhkəmləndirilmiş mövqelərini yara bilmir, bu səbəblə indi üzbəüz hücumlardan imtina edərək həmin rayonların arxasına çıxmağa çalışırlar. Həqiqətən Rusiya ordusunun 24 fevraldan bəri Avdeyevka başda olmaqla, Donetsk şəhəri ətrafındakı Ukrayna mövqelərinə aramsız hücumları nəticə verməyib. Təkcə bu lokal ərazidə rus ordusu və qondarma DNR-LNR qüvvələri minlərlə əsgər-zabit itirib”.

Ş.Cəfərlinin sözlərinə görə, Ukrayna dövləti hər hansı ərazi güzəştinə getməyəcəyini qəti şəkildə bəyan edib və döyüş meydanındakı vəziyyət də Kiyevi belə bir güzəştə vadar etmir: “Bəzi Qərb hökumətləri Ukraynanı güzəştlərə razı salmaq istəyə bilər, amma Kiyevin qəbul etmədiyi şəraitdə onu zorla, basqı ilə buna məcbur edəcəkləri inandırıcı deyil. Ukrayna ordusunun şiddətli müqavimətini da vurğulamaq lazımdır; Rusiyanın Donbasda - lokal bir ərazidə üstün qüvvələr toplamasına rəğmən, 2 aydır regionun inzibati sərhədlərinə çıxa bilməməsi və orada ağır itkilərə məruz qalması, Ukrayna xalqının nə qədər itki və dağıntılar olursa-olsun, mübarizə əzmini itirməməsi və müharibəni torpaqların azad edilməsinə qədər davam etdirməyə dair iradə ortaya qoyması çox mühümdür. Hətta bunu başlıca faktor adlandıra bilərik. Qərb həm müharibəni, həm də Ukrayna toplumunun əhval-ruhiyyəsini çox yaxından, real rejimdə izləyir və müvafiq nəticələr çıxarır. Bu müharibədə Rusiyanın qələbəsi variantına inanmadığımı ilk günlərdən söyləyirəm və həmin fikrimdə qalıram. Sadəcə olaraq, müharibənin nə qədər davam edəcəyi və Ukraynanın qələbəsinin hansı miqyasda - bütöv, yoxsa yarımçıq olacağı ilə bağlı hələ ki qeyri-müəyyənlik var”.

Elxan Şahinoğlu: Azərbaycan heç vaxt işğalla barışmayacaq - "İki sahil"

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin ilk günlərində Qərb vahid mövqedən çıxış edərək Rusiyanın dayandırılması və Ukraynaya hərbi dəstəyin artırılması mövqeyindən çıxış edirdi, hazırda bu yekdillik yoxdur: “Qərb sözdə yenə Ukraynanın yanında olduğunu desə də, əməldə ikitirəlik yaranıb. ABŞ, Böyük Britaniya və Polşanın simasında bir qrup ölkə Ukraynaya hərbi yardımın artırılması və Rusiyanın məğlubiyyətə uğradılmasına çalışır. Fransa, Almaniya, İtaliyanın simasında digər qrup isə Ukraynanın güzəştə getməsini və bununla müharibənin sona çatdırılmasını istəyirlər. Ancaq Ukrayna üçün ”güzəşt" ərazilərin itirilməsi və işğalla barışmaq deməkdir.

Görünür, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini itirməsi Paris və Berlini az narahat edir. Onlar üçün əsas odur ki, nə yolla olursa-olsun müharibə dayandırılsın, Kreml razı salınsın və Rusiyadan enerji ixracı davam etsin. Fransa prezidenti, İtaliya baş naziri və Almaniyanın kanslerinin bu gün Kiyevə başlayan səfəri də Kiyevi mümkün “güzəştlərə” dəvət etməkdir. Ukrayna prezidenti Volodimir Zelenski onların təklif etdiyi “güzəştə” hazır deyil".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR