İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya nüvə təhlükəsinin bir addımlığında – geri yol varmı?

Dünya liderlərinin nüvə təhlükəsi ilə bağlı sözləri getdikcə daha intensiv şəkil almağa başlayıb. Əvvəl bu barədə fikirlər ancaq Rusiya liderləri tərəfindən dilə gətirilirdisə, indi NATO ölkələri də eyni ritorikanı mənimsəyiblər. NATO-nun baş katibi Yens Stoltenberq dünən Böyük Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində rəhbərlik etdiyi alyansın nüvə savaşına hazırlıq planından danışıb.

“ABŞ özünün B61 bombalarını (havadan yerə sərbəst düşən taktiki nüvə bombası) modernləşdirir. Onun Avropada döyüş başlıqları da var. Avropalı müttəfiqlər isə NATO-nun nüvə missiyasına xidmət edən təyyarələrini modernləşdirirlər”.

Stoltenberqin sözlərindən belə çıxır ki, gözlənilən nüvə savaşında nüvə başlıqları ABŞ-dan, onları mənzilə daşıyacaq raket və təyyarələr isə Avropadan olacaq.

O həmçinin qeyd edib ki, Rusiya və müttəfiqlərinin nüvə hazırlıqları NATO ölkələrini də adekvat addım atmağa məcbur edir: “NATO-nun məqsədi nüvəsiz bir dünyadır, ancaq nüvə silahları olduğu müddətcə, biz də nüvə ittifaqı olmağa davam edəcəyik”.

Ukrayna savaşının taleyinin NATO ölkələri üçün həyati önəm daşıdığını vurğulayan Stoltenterq nəyin bahasına olursa olsun Rusiyanın qələbəsinə izn verməyəcəklərini də gizlətməyib.

“Putinin Ukraynada qələbə qazanmasının qarşısını almaq bizim təhlükəsizlik maraqlarımızdır”, - deyən Baş katib fikrini belə əsaslandırıb: “Putin Ukraynada qalib gəlsə, inanıram ki, biz mütləq mənada daha çox müdafiəsiz olacağıq. Putin hər dəfə başqa ölkəyə qarşı hərbi güc tətbiq edəndə istədiyini ala biləcək. Biz bunun baş verməyəcəyini göstərməliyik və müdafiə xərclərimizi artırmalıyıq ki, Putinin Ukraynada qalib gəlməsinin qarşısını ala bilək”.

Maraqlıdır ki, Rusiyanın Avropadakı ən yaxın müttəfiqi kimi tanınan Serbiya prezidenti Aleksandar Vucic də Rusiya ilə Qərb arasında “böyük münaqişə”nin qaçılmaz olmasından narahatdır. O, iki qüvvə arasında heç vaxt kompromis olmayacağını, üç-dörd ay kimi qısa müddətdə dünyada “böyük münaqişə”nin baş verəcəyini bəyan edib.

Serbiya prezidenti Rusiya ilə Ukrayna arasında vəziyyətin “hər gün daha da pisləşdiyini” ifadə edərək, Məşhur tarixçi Alan JP Taylorun sözlərini xatırladıb: “Qatar stansiyanı tərk edib və heç kim onu dayandıra bilməz”. Bu gün də vəziyyət belədir. Böyük dövlətlər heç nə etməsələr, əminəm ki, biz Ukraynada baş verənlərin acı sonunu qısa zamanda görəcəyik”.

Digər həyəcan doğuran açıqlama İtaliya Baş naziri Corca Melonidən gəlib: “Biz Putinin təslim olmasını tələb edirik!! Rusiya bizim şərtlərimizi qəbul etməsə, biz onu təslim olmağa məcbur edəcəyik”.

NATO ölkələri Rusiyaya qarşı nüvə müharibəsinə hazırlaşdığı bir zamanda Rusiya prezidenti Şimali Koreyaya gedib. Şimali Koreyanın da bir nüvə dövləti olduğunu nəzərə alsaq, Putin bu səfəri ilə sanki düşmənlərinə əlindəki “kozır”ı göstərərək onları geri çəkilməyə vadar etməyə çalışır.

Bəs görəsən, Putinin bu blefi işə yarayacaqmı?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydən Oğuz Putinin Şimali Koreyaya səfərinin nüvə gərginliyini azaldacağına inanmır:

oğuz.jpg (255 KB)

“Məsələ burasındadır ki, Şimali Koreya dünyada oyun dəyişdirə biləcək nüvə dövləti hesab olunmur. Baxmayaraq ki, özünün iddiasına görə, onun 13 min kilometr məsafəni vura biləcək uzaqmənzilli raketləri var. Hərbi arsenalında 30 və ya 60 arasında nüvə başlığı olduğu bildirilir. Hətta hidrogen bombası kimi ən güclü nüvə silahlarını belə sınaqdan çıxarıb. Bununla belə, ABŞ-ın özünə yönələ biləcək bu nüvə atışlarını yarıyolda zərərsizləşdirəcək çoxqatmanlı hava hücumundan müdafiə sistemləri mövcuddur. ABŞ-ın öz sərhədlərindən kənarda qurduğu bu HHM sistemləri ona atılan raketləri özündən uzaq coğrafiyalarda təsirsiz hala gətirir. Nəticədə, kənar coğrafiyaya böyük zərər dəysə də, ABŞ özünü bu təhlükədən sığortalaya bilər. Odur ki, Vaşinqton nüvə savaşından o qədər də çəkinmir. Sadəcə beynəlxalq qınağa məruz qalmamaq üçün ilk zərbəni əks tərəfdən gözləyə bilər”.

Siyasi şərhçinin fikrincə, Rusiya nüvə tənliyinə Çini qata bilsəydi, real təhdid əmələ gətirə bilərdi: “Putinin seçkilərdən sonra ilk səfərini Pekinə etməsi də bu məqsədi güdürdü. Ancaq Putinin səfəri zamanı Pekindən verilən mesajlar Kremlin arzuladığı səviyyədə olmadı. Çin Rusiya liderinin diqqətinə açıq şəkildə onun ölkəsi ilə üçüncü tərəfi təhdid edəcək məzmun üzərində anlaşmayacağını çatdırdı. Cinpinq xatırlatdı ki, 1.5 milyardlıq əhaliyə sahib olan Çin qlobal iqtisadi əməkdaşlığın inkişafında və ticarət dövriyyəsini artırmaqda maraqlıdır. Rusiya isə onun üçün 4-cü dərəcəli ticarət ortağıdır. İllik ticarət dövriyyəsi 150 milyard dollar olan Rusiyanın xətrinə ticarət dövriyyələri hardasa bir milyarda dollara yaxınlaşan Avropa İttifaqı və yaxud ABŞ-ı qurban verə bilməz”.

Çinin iştirak etmədiyi geosiyasi təklikdə Şimali Koreyanın hər hansı dəyər ifadə etmədiyini vurğulayan Heydər Oğuz fikrini belə əsaslandırdı: “Şimali Koreyanın gücü bəllidir və bəlli olan istənilən rəqəm tənliyin məchulu ola bilməz. Sadəcə məchulun vurğuna çevrilib, dəyər artıra bilər. Məchul yoxdursa, tənlik də yoxdur. Bu baxımdan Rusiyanın nüvə təhdidində Şimali Koreyanı öz yanına alması onun gücünü Belarus qədər artıra bilər. Hətta Belarusda daha az. Çünki Belarusun ipi Rusiyanın əlindədir. Şimali Koreya üçün eyni sözü söyləmək isə mümkün deyil. 1950-ci illərdən indiyədək Çinin himayəsi altında olan Pxenyanın Pekinin iştirak etmədiyi ciddi hesablaşmalarda yer almasına inanmıram. Həlledici məqamda Pekin dövriyyəyə daxil olub onu istədiyi istiqamətə yönlədirə bilər”.

Bəs o zaman Şimali Koreya lideri niyə Putini böyük təmtəraqla qarşıladı?

Heydər Oğuzun fikrincə, təcrid olunmuş vəziyyətə düşən bu cür manevrlərlə əslində öz dəyərini artırır və dünyaya inteqrasiya üçün yeni fürsətlər qazana biləcəyini düşünür: “Təsadüfi deyil ki, hələ Tramp hakimiyyəti dövründə Kim Çen İn açıq şəkildə ABŞ-a yaxınlaşmış, hətta Cənubi Koreya lideri ilə görüşmüşdü. Yəqin ki, Putinin səfərindən və ya ABŞ-da payızda keçiriləcək prezident seçkilərindən sonra Vaşinqon-Pxenyan xəttində yeni him-cimlərin başlaması ilə tanış olacağıq”.

Həmsöhbətimizin fikrincə, Putinin Uzaq Şərqə son səfərində ən diqqətəşayan hadisə onun Vyetnama da getmək planıdır: “Vyetnamla Rusiya arasında əvvəllər çox yaxın əlaqələr olub. Bu ölkəni əvvəl ABŞ-ın, sonra isə Çinin hücumlarından müdafiəsində sovet yardımlarının böyük rolu olsa da, Vyetnam SSRİ-nin boyunduruğu altında da çox yaşamayıb”.

Vyetnamla Çin arasında çox dərin problemlərin olduğunu bildirən Heydər Oğuzun fikrincə, xüsusilə Cənubi Çin dənizi üzərində ərazi mübahisələri bu iki dövlət arasındakı münasibətləri kəskinləşdirir və Vyetnamı ABŞ xəttinə yaxınlaşdırır: “Vyetnam istər-istəməz Tayvan, Filippin, Cənubi Koreya, Avstraliya və Yaponiya ilə daha yaxın əlaqələr qurur. Bu da Çini mühasirəyə almağa və dəniz ticarətini əlində saxlamağa çalışan ABŞ-ın işinə yarayır. Üstəlik, Vyetnam Cənubi Çin dənizinin ən kritik bölgəsində yerləşir. Şərqdən Filippinlər, qərbdən Maleyziya və Sinqapur, cənubdan isə İndenoziya ilə həmsərhəd olan Vyetnam dünya dəniz ticarətinin 40%-ə yaxınının keçdiyi marşrut üzərindədir. Vyetnama sahib olan dünya ticarətinə nəzarət etmək imkanına malikdir. Məhz bu səbəbdən də İkinci Dünya savaşından sonra əvvəl ABŞ, sonra isə Çinlə ağır döyüşlərə girən bu ölkə məğlubedilməzliyini sübut edib. Sözsüz ki, bu özəlliyini ona vətəndaşlarının cəsarəti ilə yanaşı keçilməz relyefi də qazandırıb. Ərazisinin 40%-i dağlardan, 42% isə tripik meşələrdən ibarət olan bu ölkə həm də kritik nadir minerallarla zəngindir. Dünyanın yeni sənaye inqilabı yaşadığı indiki dönəmdə kritik minerallar həm də yenilənəbilən enerji mənbəyi hesab olunur. Dünyanın kritik minerallar istehsalının 80%-dən çoxuna nəzarət edən Çinə ən yaxşı alternativlərdən biri kimi tanınan Vyetnam xüsusilə ABŞ-ın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Ukrayna Rusiya savaşının başladığı 2022-ci ildə Vyetnama səfər edən ABŞ prezidenti bu ölkə ilə “genişləndirilmiş strateji əməkdaşlıq” müqaviləsi bağlamış və bu müqavilədə hərbi ittifaqdan tutmuş nadir və kritik metalların istehsalına qədər bir çox məsələlər yer almışdır. Baydenin bu səfərindən sonra Vyetnamın Yaponiya ilə əlaqələrini gücləndirməsi də Pekində ciddi narahatlıqlar yaratmışdı. Baydendən sonra Çin lideri Cinpinqin Vyetnama səfəri də bu nahatlığın təzahürü kimi qiymətləndirilir. Görünür, Putinin Vyetnama səfərində onun Çinlə daha yaxından əməkdaşlıq etməsi tövsiyəsi ön plana çıxacaq”.

Heydər Oğuzun fikrincə, Putinin bu səfər çərçivəsində Vyetnam ziyarəti onun Uzaq Şərq turuna tamamilə fərqli mənzərə qazandırır: “Belə görünür ki, Putin nüvə müharibəsi üçün özünə tərəfdaş axtarmır. Sadəcə, öz yaxın münasibətlərindən istifadə edib ABŞ-ın Çin ətrafında yeni blok yaratmasını əngəlləməyə çalışır. Amma bütün bu arzular nəticə verəcəkmi? Düşünmürəm. Nəticə üçün gərək Çin öz böyük arzularından vaz keçib, qonşularını yeni ərazi iddiaları ilə narahat etməyə. Bu isə Çinin strateji hədəflərinə ziddir. Çünki ölkələr böyüdükcə, öz dərilərinə sığmır, yeni ərazilərə göz dikirlər. Əks halda əhalinin artan tələblərini reallaşdırmaq çətinliyi ilə üz-üzə qalıb getdikcə sosial narazılıqlar burulğanına düşürlər. Təbii ki, Pekin bu duruma düşmək istəmir və ətrafa yayımaq məcburiyyətindədir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR