Onlayn ictimai-siyasi qəzet
Dünya liderləri ABŞ Prezidenti Donald Tramp vəzifəsinə başlaması münasibətilə təbrik ediblər.
“Report” xəbər verir ki, onlar bu barədə “X” hesablarında yazıblar.
Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, ABŞ ölkəsinin əsas strateji tərəfdaşı və müttəfiqidir. O, Trampın hakimiyyəti dövründə əməkdaşlığı səbrsizliklə gözlədiyini diqqətə çatdırıb.
Moldova Prezidenti Maya Sandu ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb: “Hər iki xalq üçün təhlükəsizlik, enerji əməkdaşlığı və rifahı gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.
İtaliyanın Baş naziri Corciya Meloni yeni prezidentə ən xoş arzularını çatdırıb: “Əminəm ki, xalqlarımız arasındakı dostluq, habelə bizi birləşdirən dəyərlər İtaliya ilə ABŞ arasında əməkdaşlığı gücləndirməyə, qlobal çağırışlarla birlikdə üzləşməyə və xalqlarımız üçün firavanlıq, təhlükəsizlik gələcəyini qurmağa davam edəcək”.
Baş nazirin sözlərinə görə, İtaliya ABŞ və Avropa arasında dialoqun möhkəmləndirilməsinə sadiq qalacaq.
Gürcüstan Baş naziri İrakli Kobaxidze Trampa uğurlar arzulayıb: “Onun rəhbərliyi altında ABŞ qlobal sülhü təşviq etməli və Gürcüstanla ikitərəfli münasibətləri gücləndirməlidir”.
Çexiya Baş naziri Petr Fiala qeyd edib ki, ABŞ həm təhlükəsizlik, həm də ticarət sahəsində ölkəsinin əsas müttəfiqidir: “Əminəm ki, Prezident Tramp və onun yeni administrasiyası ilə birlikdə bu əlaqələri uğurla inkişaf etdirməyə davam edəcəyik”.
Misir Prezidenti Əbülfəttah Əl-Sisi də Tramp vəzifəyə başlaması münasibətilə ilk təbrik edənlərdən olub: “Mən ölkələrimiz arasında strateji münasibətlərin genişləndirilməsi və hər iki xalqın mənafeyinə, regionumuzda və dünyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə xidmət edən ümumi maraqlarımıza nail olmaq üçün Zati-aliləri ilə işləməyə, həmçinin əməkdaşlığı davam etdirməyə sadiqliyimizi təsdiqləyirəm”.
Belçika Baş naziri Aleksandr De Kro ölkəsinin ABŞ ilə çoxdankı müttəfiq və etibarlı tərəfdaş olmasına diqqət çəkib: “Belçika qlobal çağırışların öhdəsindən gəlmək, vətəndaşlarımızın rifahını və təhlükəsizliyini artırmaq üçün ABŞ administrasiyası ilə işləməyi səbirsizliklə gözləyir”.
İordaniya Kralı II Abdullah ibn Al Hüseyn də Trampı təbrik edib: “Biz ABŞ ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Daha firavan və dinc dünya yolunda sizinlə işləməyə sadiqik”.
Macarıstanın Baş naziri Viktor Orban da Trampı təbrik edib və ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ