Onlayn ictimai-siyasi qəzet
İLK YAYIM SAATI: 23 İYUN, 20:00
O olmasaydı, nə Səlcuqlular qalacaqdı, nə də türkün yolunu yenidən Anadoluya açan məşhur Malazgirt savaşı olacaqdı... Övladının yox, dövlətin anası olmağı seçən və Səlcuqlular dövlətini xilas edən möhtəşəm bir xatun idi!
Altuncan xatun kim idi?!
Altuncan xatun doğumu haqqında dəqiq dəqiq məlumat olmasa da, Xarəzmdə əsilzadə türk ailəsində doğulduğu haqqında bigilər vardır. Altuncan dövrün qadınları kimi at minməyi də, ox atmağı da , döyüşməyi də yaxşı bacarırdı. Mənbələr onu mədəni, əxlaqlı, dindar türk-müsəlman qadını kimi təsvir edirlər. Ailəsi tərəfindən yaxşı yetişdirilmiş Altuncanın, ilk evliliyi olan Otrar və Cənd oğuzları Yabqusu hökmdar Məlikşahla necə və nə vaxt evləndirildiyi məlum deyil. Bu evlilikdən onların Ənuşirvan adlı oğulları anadan olur.
Səlcuqluların yüksəlişi və Oğuz Yabqu dövlətinin ləğvi-Altuncanın taleyində ancaq hökmdar xanımı olmaq vardı...
XI əsrin əvvələrində oğuzun qınıq tayfasından olan Səlcuqlular Oğuz Yabqu dövlətindən ayrıldılar. Arasıkəsilməz döyüşlər 1042-ci ildə son oğuz yabqusu Məlikşahın məğlubiyyəti və öldürülməsi ilə başa çatdı.
Ərinin ölümündən sonra böyük Səlcuqlu Sultanı Toğrul evlənmək üçün Altuncana elçilər göndərir. Haqqında aldığı məlumatlar böyük Sultanın onu görmədən belə heyran olmasına səbəb olmuşdu. Sultanın evlilik təklifini qəbul edən Altuncan xatun paytaxt Reydə Səlcuqlu sarayında məskunlaşdı. O, oğlu Ənuşirvanı da saraya gətirir. Çox keçmədən Altuncan xatun saray və əhalinin rəğbətini qazandı. Xatun ədalətli və dürüst idi. Üstəlik də sultana ciddi dövlət məsələlərində məsləhətlər verirdi. Bütün bunlar Toğrul bəyin seçiminin doğru olduğu təsdiq edir. Mənbələr yazır ki, Sultan ancaq iki adama etibar edirdi: qardaşı Çağrı bəyə və Altuncan xatuna. Sultan Altuncana şəxsi xərcləri üçün ayrıca gəlir və onu qoruması həm də məşq edə bilməsi üçün hərbi birliklər də verir.
Altuncan hər məsələdə sultanın yanında idi
1055-ci ildə Toğrul bəy xəlifənin dəvəti ilə Bağdada gəlir. Xəlifə düşmənlərindən xilas edilərək Sultanın himayəsi altına alınır. Onu həyat yoldaşı Altuncan xatun və ögey oğlu Ənuşirvan müşayiət edir. Adına xütbə ozunduqdan dərhal sonra Sultan Nusaybinə gedir.
Qısa müddət sonra Səlcuqlu dövləti parçalanmaq təhlükəsi ilə üz-üzə qalır. 1058-ci ildə ögey qardaşı İbrahim Yınalın üsyan xəbərini alanda Altuncan və vəziri Kudurinin Bağdada getməsini əmr edərək özü Həmədan istiqamətində yola düşür. İki qardaş Həmədan ətrafında üz-üzə gəlir. Toğrul məğlub olaraq Həmədan qalasının çəkilir.
Bağdadda olan Altuncan xatuna Sultanın ölümü ilə bağlı yalan xəbərlər çatdırılsa da, sadiq adamlar Altuncan xatuna Toğrul bəyin sağ-salamat olduğunu, lakin hərbi yardıma ehtiyacı olduğunu söyləyə bildilər.
Çətin məqam!
Sultan Toğrul İbrahim Yınala qarşı kömək məqsədilə xəlifə və vəzirindən kömək istədi. Lakin xəlifənin və vəzir Kudurinin fikirləri ayrı idi. Onlar Toğrul bəyə bir şey olsa Altuncan Xatunun Məlikşahdan olan oğlu Ənuşirvanı Səlcuq taxtına oturtmaq niyyətində idilər. Çünki Tuğrul bəyin yerinə zəif bir hökmdarın oturması və bu işdə özlərinin rolu gələcəkdə onlara böyük fayda verə bilərdi. Bu fikri Ənuşrəvan da dəstəkləyir.
Dövlət qurtaran Türk anası!
Altuncan xatun bir ana üçün olduqca çətin qərar qəbul edir . Bağdaddan ayrılmamasını söyləyən xəlifəyə qulaq asmır, vəzirini yanından uzaqlaşdırır və Ənuşirvanı üsyana və hərbi yolla hakimiyyəti ələ keçirməyə hazırlaşdığı üçün tərəddüd etmədən zindana salır.
Altuncan xatunun bu bənzərsiz səyi onun tarixdə Ənuşirvanın anası kimi deyil, “dövləti xilas edən türk anası” kimi qalmasını təmin etdi.
Bu hadisədən dərhal sonra Altuncan xatun 20 minlik qoşunun başında Həmədana doğru yola düşərək İbrahimin üsyankar qoşunlarına qarşı vuruşan ərinin köməyinə tələsir. Bu vaxt şərqdən gələn sultanın qardaşı Çağrı Bəyin oğulları Kavurd, Yakuti və Alp Arslan əmilərinin köməyinə gəldilər. Onların köməyi ilə Toğrul bəy 1060-cı ildə İbrahimin üsyanını yatırmağa nail olur. Altuncan dövlət qadın olduğunu təsdiq edir. Səlcuqlular dövləti məhv olmaqdan qurtulur.
Altuncan xatunun son istəyi
1060-cı ildə Altuncan xatun dünyasını dəyişir. Ölümündən əvvəl Toğrul bəydən xəlifənin qızı Seyidə Fatimə ilə evlənməsini xahiş edir. Üstəlik özünün bütün şəxsi əmlakını da Sultana və xəlifənin qızına vəsiyyət edir.
Altuncanın bu arzusu tarixçilər belə izah edir ki, o, ərəb və türkləri daha da yaxınlaşdıraraq İslam dövlətini öz əvvəlki qüdrətli dövrünə qaytarmaq istəyirdi.
Toğrul bəy can yoldaşının ölümünə çox kədərlənir, onun arzusunu yerinə yetirib xəlifənin qızı ilə evlənsə də çox keçmədən özü də vəfat edir.
Son olaraq....
Tarixdə övladını yox, dövlətin marağını üstün tutan qadınların sayı barmaqla sayılacaq qədərdir. Şübhəsiz ki, Altuncan Xatun oğlunu Səlcuqlu taxtına oturtsaydı, bu gün Səlcuqlu xanədanının yerinə başqa bir sülalə olacaq, tarix ayrı cür yazıla bilərdi. Məhz onun sayəsində Səlcuqlu Dövlətinin davamlılığı təmin edilmiş, türkün Anadoluya qapıları açılmışdı.
Eyni zamanda, Altuncan xatun türk cəmiyyətində qadınların siyasi tarixinin bir parçasıdır və qadınların dövlət idarəçiliyində iştirak etməsi üçün tarixi bir nümunədir.
Məqalə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadın təşəbbüsləri: tarixi irs” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Məqalədəki fikirlərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ