Onlayn ictimai-siyasi qəzet
Gömrük orqanlarında tətbiq olunan sənədlərin elektronlaşdırılması prosesi çərçivəsində bütün sənədlər elektron formada təqdim olunur və gömrük nəzarət formalarından biri kimi sənədli nəzarət həyata keçirilir.
Musavat.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş Təhqiqat şöbəsinin Baş təhqiqatçısı Mehriban Əsgərova bildirib. Komitə rəsmisi qeyd edib ki, təqdim olunan sənədlərin əsasında ölkəyə idxal edilən, ölkədən ixrac edilən və ya tranzit olaraq keçirilən mallar üzərində nəzarət tədbirləri aparılır: “Bu zaman əsas məqsəd bəyan edilən məlumatların düzgün olub-olmamasını yoxlamaqdır. Məlumatlar düzgün deyilsə, həmin malların gömrükdən keçirilməsi məhdudlaşdırıla və ya əlavə yoxlamalar tələb oluna bilər.
Bu məlumatlara malın xarici iqtisadi fəaliyyət üzrə kodu, nomenklatura (malın təsnifatı), mənşə ölkəsi, dəyəri, miqdarı və çəkisi və s. aiddir.
Bütün bu göstəricilər düzgün və şəffaf şəkildə bəyan olunmalıdır ki, gömrük orqanları mallar üzərində nəzarəti səmərəli şəkildə həyata keçirə bilsin.
Hər hansı bəyannamədə yanlış məlumat varsa, təbii ki, ilkin araşdırma aparılır. Əgər əməldə həqiqətən də hüquqpozma tərkibi varsa, aparılan araşdırma üzrə şəxslər izahata çağırılır və müvafiq tədbirlər görülür.
Baş təhqiqatçı qeyd edib ki, statistikaya əsasən, fiziki şəxslər ehtiyacı, hüquqi şəxslər isə iri partiyalarla mal idxal etmələrinə baxmayaraq , həm fiziki, həm də hüquqi şəxslər tərəfindən bəyannamələrin düzgün təqdim olunmaması hallarına təsadüf olunur:
“Daha çox idxal-ixrac əməliyyatları hüquqi şəxslər tərəfindən həyata keçirilsə də, biz deyə bilərik ki, hansısa bir mal ilə bağlı yanlış bəyan etmə halları həm fiziki və hüquqi şəxslər tərəfindən törədilir və buna uyğun hüquqi tədbirlər görülür, araşdırma aparılır. İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində törədilmiş əməldən asılı olaraq müxtəlif mərhələlərdə müxtəlif müddətlər müəyyən olunub ki, bu müddətlər çərçivəsində işə baxılır və müvafiq əmələ hüquqi qiymət verilir. İş üzrə inzibati araşdırma bir ay müddətində aparılır. Müvafiq olaraq, cinayət işlərində də Cinayət-Prosessual Məcələsinin tələblərinə uyğun olaraq, müddətlər müəyyən edilib”.
Nigar HƏSƏNLİ,
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ