İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Dumasının deputatının faşistsayağı çağırışına Bakıdan kəskin reaksiyalar

“Rossiya 1" telekanalında yayımlanan ”60 minut" siyasi tok-şousunda Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyagin Qarabağda yaranmış son vəziyyətə toxunub. O, ölkəmizi Qarabağda atəşkəsi pozmaqda, üçtərəfli bəyanatın müddəalarına riayət etməməkdə günahlandırılıb.

Dumanın ermənipərəst fraksiyası “Ədalətli Rusiya”nın üzvü olan Delyagin bir az da irəli gedərək Azərbaycanı Rusiya üçün real təhlükə adlandırıb. “Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın satellitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və ”Türkiyənin proksisi", hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır", - deyə deputat bildirib. Erməni teleqram-kanallarındakı tezisləri dilə gətirən rusiyalı deputat əslində nəyə və kimlərə xidmət etdiyini göstərmiş olub. Rusiya mediasının təxribatı “Rossiya 1" kanalı ilə yekunlaşmayıb. O, Azərbaycan mövzusunu ”Pervıy" kanalda da davam etdirib.

M.Delyagin doğrudanmı Rusiyanın Ukrayna fəlakəti ilə üz-üzə qaldığını, belə bir durumda ona qarşı sanksiyalara qoşulmayan ölkələrin içərisində Azərbaycanın da olduğunu nəzərə ala bilməyəcək qədər sərsəmdir? Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı 22 fevral tarixli müttəfiqlik haqqında sazişi pozmaqda, ən əsası da faşist çağırışı ilə çıxış etməkdə gerçək məqsədi nədir? Azərbaycan saytlarını öz ərazisində bloklayan Rusiya belə təxribatçı çıxışlara yer ayıran TV-lərlə bağlı ölçü götürəcəkmi?

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “Bu cür siyasətçilər məhz başqa dövlətlərə yuxarıdan-aşağı baxanda sonradan özləri onun bədəlini ödəyirlər”

Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, Rusiya Dövlət Dumasının üzvü çox güman ki, Ukraynada gedən proseslərlə bağlı başını itirib: “Çünki Azərbaycan Rusiya ilə normal müttəfiqlik münasibəti olan ölkədir və hər hansı bir şəkildə də Rusiya ilə bağlanan sazişlərə, müqavilələrə qarşı davranış sərgiləmir. Azərbaycan Rusiya ilə normal, dost münasibətləri saxlamağa maraqlıdır. Sadəcə, ermənilərin əli ilə müəyyən dərəcədə yellənən bu cür siyasətçilər Rusiya-Azərbaycan münasibətlərini pozmaq üçün əllərindən gələni etməyə çalışırlar. Bu adamlar anlamırlar ki, bütövlükdə 10 noyabr sazişində təkcə Azərbaycana aid olan hansısa bir öhdəliklər yoxdur, həm də Rusiya və Ermənistana aid öhdəliklər var, bu ölkələr də özlərinə aid olan öhdəliklərdən danışsalar, daha doğru olar”.

Millət vəkili qeyd etdi ki, burada hər hansı bir şəkildə Azərbaycana irad bildirmək məqsədyönlü xarakter daşıyır: “Ümid edirəm ki, bu, Rusiya dövlətinin mövqeyi yox, hansısa başını itirmiş bir siyasətçinin məsuliyyətsiz açıqlamasıdır. Çünki Azərbaycan da hər hansı bir şəkildə Rusiyaya qarşı sanksiyalarda iştirak etmir və bu kimi məsələlərdə məqsədyönlü şəkildə Azərbaycanı hədəfə almağın əsası yoxdur. Digər tərəfdən, Azərbaycanı aşağılayıcı mövqedən, bir dövlət olaraq statusuna münasibət bildirməsi də, açığı, gülüş doğurur. Bu cür siyasətçilər məhz başqa dövlətlərə, xalqlara yuxarıdan aşağı baxanda sonradan özləri onun bədəlini ödəyirlər, əziyyətini çəkirlər. Çünki beynəlxalq hüquq kiminsə kimdənsə üstünlük prosesini artıq ortadan qaldırıb, hamı bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdır. Necə ki, Azərbaycan Rusiyaya qonşu, böyük dövlət kimi hörmətlə yanaşır, Rusiyadakı siyasətçilər də məhz bu qarşılığı verməlidirlər. Məhz bu mövqe uzun illər müəyyən münasibətlər, əlaqələr, bugünkü əlaqələrin səviyyəsi onu deməyə əsas verir ki, münasibətləri pozmağa yox, münasibətləri daha da yaxşılaşdırmağa yönəlik addımların atılması hamımızın xeyrinə olardı”.

Ceyhun Məmmədov: Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal  rolunu oynayırlar

Ceyhun Məmmədov: “Yaxşı olar ki, belə fikirlər hər dar məqamda Rusiyaya arxa çevirən Ermənistanla bağlı verilsin”

Deputat Ceyhun Məmmədov da hesab edir ki, Mixail Delyaginin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər növbəti sərsəm açıqlamadır, ikitərəfli münasibətlərə ciddi xələl gətirən, iki ölkə arasında imzalanmış müttəfiqlik sazişinə zidd yanaşmadır: “Azərbaycan hər zaman Rusiya ilə münasibətlərə həssas yanaşıb, əlaqələri qoruyub. Ancaq dəfələrlə Rusiyanın rəsmi şəxsləri Azərbaycanın ünvanına əsassız, sərt fikirlər səsləndiriblər. Məqsəd nədir? Rusiyanın sadiq müttəfiqi olan Azərbaycanla münasibətləri pozmaq? Hazırkı dövrdə münasibətləri qorumaq daha çox Rusiyaya lazımdır. Ona görə Rusiya rəsmiləri belə bəyanatlar verərkən çox diqqətli olmalıdırlar”. C.Məmmədov əmindir ki, Azərbaycan belə bəyanatlara mütləq sərt münasibət bildirəcək: “Yaxşı olar ki, belə fikirlər hər dar məqamda Rusiyaya arxa çevirən, ikili oyunlar oynayan Ermənistanla bağlı verilsin. Rusiya-Ukrayna münasibətləri gərginləşən kimi Ermənistan rəsmiləri Rusiyaya arxa çevirərək Qərb dövlətlərinə üz tutdular. Budur Ermənistanın həqiqi mahiyyəti. Azərbaycan isə hər zaman olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətli siyasət həyata keçirir, etibarlı tərəfdaş imicini hər zaman qoruyur. Azərbaycana dünyada marağın artmasının səbəbi də məhz budur”.

Вахид Ахмедов: «Наш единственный путь - война»

Vahid Əhmədov: “Milli Məclis Dövlət Dumasına öz etirazını bildirməli və Mixail Delyaginin Azərbaycandan üzr istəməsini tələb etməlidir”

Deputat Vahid Əhmədov baş verənlərin bir mərkəzdən idarə olunduğu qənaətindədir. “Hesab edirəm ki, Milli Məclis Rusiya Dövlət Dumasına öz etirazını bildirməli və Mixail Delyaginin Azərbaycandan üzr istəməsini tələb etməlidir. O, sıravi bir deputat da deyil və komitə sədrinin müavinidir. Ona görə də kimsə ”bu, onun şəxsi fikridir" deməklə yaxasını kənara çəkə bilməz. Onun bu açıqlaması iki ölkə arasında mürəkkəbi hələ qurumamış müttəfiqlik sazişinə qarşı hörmətsizlikdir və buna görə də cavab verməlidir", istiqlalçı millət vəkilimi Moderator.az-a bildirib. V.Əhmədov deyib ki, bu gün Rusiya bütün dünyanın sanksiyaları ilə üz-üzə qalıb və təklənmiş duruma salınıb: “Belə bir həssas dönəmdə yeni dostlar qazanmaq əvəzində dost itirmək, müttəfiqinə qarşı yolverilməz ifadə işlətmək heç rəsmi Moskvanın da işinə yaramaz. Amma görünür ki, Ukraynaya müdaxilənin ardından Rusiyada at izi it izinə qarışdığından yeni Jirinovskilər peyda olmağa başlayıb və onlar ermənilərdən aldıqları ianələr hesabına Azərbaycana qarşı yolverilməz ifadələr işlətməyə həvəsləniblər. Onların həvəslərini boğazlarında qoymaq üçün Azərbaycanın kifayət qədər imkanı var və bu cür açıqlamalar əslində Rusiyanın öz quyusunu qazmaqdır. Düşünürəm ki, tezliklə bu deputat haqq etdiyi cəzanı alacaq, daha doğrusu, almalıdır, yoxsa Bakıda belə anlaşılacaq ki, bu, təkcə bir deputatın deyil, Dövlət Dumasındakı çoxluğun fikridir”.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov: “Yəqin Ukraynadakı tərs şapalağın təsiridir ki,  indi Azərbaycana qarşı belə absurd və sarsaq bir fikir səsləndirib”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə “Yeni Müsavat”a dedi ki, zaman-zaman Rusiyada bu cür faşist düşüncəli sarsaqlar peyda olur və öz sayıqlamaları ilə gündəm yaratmaq istəyirlər: "İndi bu xəstə təfəkkürlü adam da guya ağıllı nə isə demək istəyib, amma çox səfeh “quş buraxıb”. Həm də Rusiyada LDP-nin sədri Jirinovskinin sağlıq durumunun necə kritik olduğunu bilənlərdən biridir bu axmaq. Özlərinin bir atalar sözü var, “müqəddəs yer boş olmur”, ona uyğun olaraq Türkiyə və Azərbaycan üzərinə illərlədir şər-böhtan yağdıran Jirinovskinin yerini kimsə tutmalıdır axı. Ona görə də bu adam indi Azərbaycana dil uzadır. Yəqin ki, Ukraynadakı tərs şapalağın təsiridir ki, bu indi Azərbaycana qarşı belə absurd və sarsaq bir fikir səsləndirib. Onun dilini yaxın saatlarda kəsəcəklər. Rusiya Dövlət Dumasında həyasızcasına bu üzdəniraq deputata başa salacaqlar və hansısa növbətçi bir açıqlama ilə çıxış edəcəklər ki, onun fikirləri kontekstdən çıxarılıb-filan. Amma bu sarsaq öz şəxsi səhifəsində özü ağılda olanlar arasında bir sorğu formasında tərbiyəsiz ictimai marağa hesablanmış addım da atıb. Hətta orada da öz ağlında olanlar bunun necə səhv yolda olduğunu buna sübut ediblər". Polkovnik hesab edir ki, istənilən halda bu axmağın hərəkətləri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Milli Məclis rəsmiləri səviyyəsində bir ciddi təpki göstərilməlidir ki, gələcəkdə bir daha belə hallar təkrarlanmasın.

44 günlük müharibə dönəmində Azərbaycanın şəhər və rayonlarının raket atəşinə tutulmasının şahidi olduq. Rus deputatın təhdidlərinin qarşılığında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac varmı? Ü.Cəfərov: “O deputat unutmamalıdır ki, Azərbaycan Hərbi Hava Qoşunları və Hərbi Hava Müdafiə sistemləri istər postsovet məkanında, istərsə də dünyada ən etibarlı şəkildə müdafiə olunan hava məkanları sırasındadır. Onun sayıqlamaları olsa da, olmasa da biz öz lazımi işlərimizi görmüşük və görürük”.

P.S. Kremlin mətbuat katibi Dmitri Peskov Delyaginin açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb. Kremlin sözçüsü Mixail Delyaqini emosiyalarına nəzarət etməyə və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırıb.

Elşad PAŞASOY,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR