Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xarici borclanmanı artırmağa hazırlaşır. Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda edilən dəyişiklik bundan xəbər verir. Sərəncama əsasən, 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. Xatırladaq ki, indiyə qədər hədəf 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanılması idi.
Yada salaq ki, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu barədə danışıb: “Bir neçə il bundan əvvəl biz qarşıya hədəf qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun. Biz artıq bu hədəfə də çatdıq” deyib. Dövlət başçısı bildirib ki, mütləq rəqəmlərdə Azərbaycanın xarici borcu cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir.
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda edilən dəyişiklikdən görünür ki, Azərbaycanda dövlət borclanmasının həcmi artırılacaq. Belə ki, dəyişikliklə həm ümumi dövlət borcunun ÜDM-dəki payı artırılır, həm də xarici borcun həcmi. Yaxın və ortamüddətli dövrdə Azərbaycan ÜDM-də az da olsa artımın olacağını nəzərə alsaq, borclanma limitinin də artacağını söyləyə bilərik.
2023-cü ilin dövlət büdcəsinin layihəsi hazırlanan zaman İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən, xam neftin qiyməti əsasında 3 ssenari üzrə QDM artımı proqnozlaşdırılıb. Baza (hədəf) ssenarisində neftin qiyməti 50 ABŞ dolları, optimist ssenaridə 60 ABŞ dolları, pessimist ssenaridə isə 40 ABŞ dolları götürülüb. Bu əsasda təqdim olunan məlumatlara əsasən ÜDM-in artım tempi 2023-cü ildə baza (hədəf) ssenarisində 2,7 faiz, həcmi 106,0 milyard manat, optimist ssenaridə 3,3 faiz (0,6 faiz-bənd çox) və ya 111,2 milyard manat (5,2 milyard manat çox), pessimist ssenaridə isə 1,3 faiz (1,4 faiz-bənd az) və ya 99,1 milyard manat (6,9 milyard manat az) təşkil edə bilərdi. Lakin hökumət bu proqnozlara dəyişiklik edib. Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, 2023-cü ilin ötən dövrünün makro-iqtisadi nəticələri ilə yanaşı, fiskal icra göstəriciləri və əmtəə bazarlarının konyukturası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib.Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft/qaz ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Rəşad Həsənov: “Ərazilərin bərpa xərci nəsillər arasında bərabər bölünməlidir”
Xatırladaq ki, Standard & Poors Beynəlxalq Reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb: “Biz Azərbaycanın real ÜDM-in 2023-cü ildə durğunlaşacağını proqnozlaşdırırıq ki, bu da əvvəlki dekabr 2022-ci il proqnozumuza uyğundur. 2023-cü ildə qeyri-neft sektoru böyüməyə davam etsə və qaz hasilatında müəyyən artım olsa da, neft hasilatının aşağı salınması bir maneə olacaq. Neft hasilatının azalması ortamüddətli perspektivdə artıma təsir göstərməyə davam edəcək və biz 2024-2026-cı illər ərzində orta real artımın 1,4 faiz olacağını proqnozlaşdırırıq”.
Agentliyə görə, bu il Azərbaycanın nominal ÜDM-i 77 milyard dollar (2022-ci ildə 79 milyard dollar olub), 2024-cü ildə 81 milyard dollar, 2025-ci ildə 84 milyard dollar, 2026-cı ildə 87 milyard dollar təşkil edəcək.
Maliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, 2023-cü ilin 01 iyul tarixinə xarici dövlət borcu 6576,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ilin sonunadək onun 195,9 milyon dollar azaldılacağı deməkdir. Hesabat dövrünə daxili dövlət borcu 4 milyard 970,3 milyon manat təşkil edib.
Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilən dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib. Hesabat tarixinə daxili dövlət borcunun 27,5 faizi 1 illik, 52,1 faizi 2 və 3 illik, 20,4 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
2023-cü il büdcəsində edilmiş dəyişikliklə cari ildə dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1 milyard 182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox) vəsait yönəldiləcək. 2023-cü ilin yanvar-iyun aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 430,8 milyon manat təşkil edərək dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərinin 3,1 faizinə bərabər olub. Sözügedən vəsaitin 352,7 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, o cümlədən 201,1 milyon manatı hökumət tərəfindən cəlb olunmuş xarici dövlət borcu üzrə faiz ödənişlərinin, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin (faiz ödənişləri) təmin edilməsinə yönəldilib.
Natiq Cəfərli: “Alınacaq borclar səmərəli və şəffaf xərclənməsə”...
Xarici dövlət borcu üzrə imzalanmış müqavilələr çərçivəsində cari ilin ilk altı ayı ərzində 113,3 milyon manat istifadə edilib.
Nazirliyin hesablamasına əsasən, 2024-cü ilin 01 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcunun 6 milyard 381,0 milyon ABŞ dolları (10 milyard 847,0 milyon manat), daxili dövlət borcunun isə 6 milyard 688,0 milyon manat olmaqla ümumi dövlət borcunun17 milyard 536,0 milyon manat təşkil etməsi gözlənilir. Bu isə ilin sonuna proqnozlaşdırılan ÜDM-in 15,6 faizinə bərabər olacaq.
İqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, Azərbaycanın xüsusilə azad olunan ərazilərin bərpası üçün xaricdən borc almaq ehtiyacı var: “Düşünürəm ki, borclanmanın artırılması qərarı bir neçə faktor nəzərə alınmaqla qəbul edilib. Birincisi, Ermənistanla yekun sülh müqaviləsinin imzalanması uzanır. Bu isə azad olunan ərazilərin bərpasına beynəlxalq təşkilatların, investorların sərmayə yönəltməsinin qarşısını alır. Nəticədə dövlətin bu sahədə yükü ağırlaşır, bərpa prosesinin maliyyələşdirilməsi üçün xaricdən borclanmaya ehtiyac yaradır. Digər bir amil, yüksək inflyasiya şəraitində həyata keçirilən infrastruktur layihələrinin dəyərinin artması və onların icrasına əlavə vəsait cəlbini tələb edir. Bir mühüm məsələ işğaldan azad olunan ərazilərin bərpası yükünün nəsillər arasında bərabər paylanmasını təmin etmək zərurətidir. Çünki bütün xərclərin, yaxud xərclərin mühüm hissəsinin indiki nəslin hesabına maliyyələşdirilməsi ədalət prinsipinin pozulması olardı. Bu baxımdan ağıllı borclanma siyasəti əsasında xərclərin bir qisminin gələcək nəsillərin ödəyəcəyi borclar hesabına maliyyələşdirilməsi daha ədalətli yanaşma olar”.
Ekspertin fikrincə, yaşıl enerji layihələrinin icrasına da xarici borcların cəlb olunması lazım gələcək: “Çünki belə borclanmalar həm də layihələrin dəstəklənməsi kimi qəbul olunur. Bu baxımdan Azərbaycanın yaşıl enerji layihələrinə xüsusilə Avropa strukturlarından borcların cəlb olunması gözlənilir”.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, mart ayında Prezident İlham Əliyev Almaniya iş adamları ilə görüşündə xarici borclanmanın artacağına dair məlumat verib: “Bu səfər zamanı artıq bilindi ki, Azərbaycan yaxın müddətdə böyük borclanmalara gedəcək. Çünki Prezident Almaniyadakı görüşlərdə söyləmişdi ki, 2030-cu ilədək ərazilərin bərpası və infrastruktur layihələri üçün xaricdən borclanmaya ehtiyac olacaq. İndi bunun üçün hüquqi müstəvi formalaşdırılır. ÜDM-in 30 faizi həcmində borc heç də yüksək və ya təhlükəli deyil. Hətta 40-50 faiz belə təhlükəli hədd hesab olunmur”.
Ekspertin fikrincə, Azərbaycanda əsas məsələ borc alınan vəsaitlərin şəffaf xərclənməsidir: “Borc hesabına həyata keçiriləcək layihələrin şəffaf icrası son dərəcə mühüm şərtdir. Bu sahədə, təəssüf ki, Azərbaycanda ciddi problemlər var. Alınacaq borcların ölkəyə fayda gətirməsi üçün həmin problemlərin aradan qaldırılması son dərəcə vacibdir. Bu, ediləcəksə, ölkə iqtisadiyyatı alınacaq kreditlərdən böyük fayda görə bilər. Yox, əgər yenə hər şey əvvəlki qaydada davam edəcəksə, bu borclar gələcəkdə ölkə iqtisadiyyatını qaldırmağa çətinlik çəkəcəyi yükə çevriləcək”.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ