İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Melaniya ayrılıblar - ABŞ prezidentinin bioqrafı

ABŞ prezidenti Donald Trampın bioqrafı və tanınmış jurnalist Maykl Vulf cütlüyün münasibətləri barədə səs-küylü iddia irəli sürüb. Onun sözlərinə görə, Tramp və xanımı Melaniya faktiki olaraq ayrılıblar və hazırda ayrı yaşayırlar.

Musavat.com xəbər verir ki, Maykl Vulf bu fikirlərini yayımlandığı podkastda səsləndirib və onların münasibətlərinin artıq klassik evlilik modeli çərçivəsinə sığmadığını vurğulayıb:

“Bu, ənənəvi nikah deyil. Mənə elə gəlir ki, onlar uzun müddətdir ayrı yaşayırlar”.

Bu açıqlama ABŞ cəmiyyətində və siyasi ekspert dairələrində ciddi müzakirələrə səbəb olub. Artıq uzun müddətdir mediada Melaniya Trampın Ağ Evdə çox nadir hallarda göründüyü, birinci ledi olaraq fəaliyyətinin passiv olduğu və ictimaiyyət qarşısında az görünməsi barədə xəbərlər yayılırdı.

Məsələ ilə bağlı Ağ Evin kommunikasiya direktoru Stiven Çunq rəsmi açıqlama verərək, Maykl Vulfu “çoxdan ifşa olunmuş yalançı” adlandırıb. O, əlavə edib ki, jurnalist Trampa qarşı obsesiv davranış sərgiləyir və onun dediklərinə inanmaq yersizdir:

“Maykl Vulf Trampın adı çəkilən kimi emosional şəkildə reaksiya verən bir insandır. Onun fantaziyaları və böhtanları artıq ciddi qəbul edilmir”.

ABŞ prezidentinin bioqrafı: "Tramp və Melaniya faktiki olaraq ayrılıblar" -  Oxu.az

Melaniya Trampın ilk gündən bəri Ağ Evdə nadir hallarda görünməsi mediada mütəmadi olaraq suallar doğurur. The New York Times qəzetinin hesablamasına görə, Tramp prezidentliyə başladığı 20 yanvar tarixindən bu yana Melaniya Ağ Evdə cəmi iki həftəyə yaxın vaxt keçirib.

Bəzi mənbələrə görə, o, ümumiyyətlə ictimaiyyət qarşısına çıxmaqdan qaçır və hər çıxışı müxtəlif şayiə və suallarla müşayiət olunur.

Bütün bu söz-söhbətlərə baxmayaraq, Melaniya Tramp müəyyən dövlət və ailə tədbirlərində iştirak etməyə davam edir. O, keçmiş Papa Fransiskin dəfn mərasimində, eləcə də Ağ Evdə keçirilən illik Pasxa şam yeməyində iştirak edib. Lakin Avropadan qayıtdıqdan sonra cütlüyün fərqli istiqamətlərə getməsi – Trampın helikopterə, Melaniyanın isə avtomobilə minməsi mediada yeni fərziyyələrə səbəb olub.

İnauqurasiyadan əvvəl verdiyi müsahibədə Melaniya Tramp bildirmişdi ki, Ağ Evdə qalmağa və birinci ledi kimi vəzifələrini yerinə yetirməyə davam edəcək. Eyni zamanda, onun əsas prioritetinin 19 yaşlı oğlu Berron Trampa yaxşı ana olmaq və ərinə dəstək vermək olduğunu qeyd etmişdi.

Melaniyaya yaxın mənbələr isə bildirir ki, o, 2024-cü ilin yayında Trampa qarşı baş vermiş iki sui-qəsd cəhdindən sonra dərin qorxu və stress keçirmişdir.

Bəzi ekspertlər bu tip iddiaların qəsdən yaradılan informasiya hücumu və ya ailədaxili gərginliyin gizlədilməsi məqsədi daşıya biləcəyini düşünürlər. Digərləri isə hesab edir ki, Melaniyanın passivliyi və görünməməsi sadəcə skandallardan uzaq durmaq və şəxsi həyatını qorumaq taktikasıdır.

Amerika siyasi tarixində birinci ledinin rolu daim müzakirə mövzusu olub. Melaniya Tramp isə bu rolu özünəməxsus şəkildə, maksimum sakitliklə və az görünməklə icra edir. Bu isə ABŞ ictimaiyyətində daim sual doğurur: Melaniya Tramp sadəcə səssiz müşahidəçidir, yoxsa hər şeydən xəbərdardır və məqsədli şəkildə geri çəkilib?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR