Onlayn ictimai-siyasi qəzet
Qonşusunu boğaraq qətlə yetirməkdə təqsirli bilinən İsmayıl Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə dindirilmiş İsmayıl Əliyev ifadəsində göstərib ki, valideynləri ilə birlikdə Saray qəsəbəsində yaşayıb. 3 il əvvəl qonşusu Tofiq Bədirovun Tamerlan adlı oğlu ilə dost kimi münasibəti yaranıb və tez-tez onların evlərində olub. Təxminən 7-8 ay əvvəl dostu anasının yaşadığı Yardımlı rayonuna gedib. Tamerlanla mütəmadi mobil telefonla əlaqə saxlayıb. İki gündən bir onun atasının yanına gedib birlikdə spirtli içki qəbul ediblər. Onun yanına getməsindən valideynlərinin xəbəri olmayıb. Çünki ata və anasının Tofiqdən xoşu gəlməyib.
Yanvarın 22-də səhər Tamerlan səhər ona mesaj yazaraq atasına baş çəmkəsini xahiş edib. Buna görə saat 15:00 radələrində onun yanına gedib və yenidən birlikdə spirtli içki qəbul ediblər. Bir müddətdən sonra Tofiq onun 27 manatını oğurladığını və pulunu gətirməsini deyib. Evdən çıxaraq qonşusu Natiqin yanına gedib və bu barədə ona məlumat verib. Tofiqin ona şər atdığını söyləyib. Natiq onun mobil telefonunu alaraq Tofiqə səsli mesaj göndərib.
İsmayıl Əliyev ifafəsinin davamında bildirib ki, bir neçə saatdan sonra yenidən qonşusunun evinə yollanıb. İçəri daxil olanda Tofiq yenidən nalayiq ifadələr işlədərək pulunu gətirməsini tələb edib. Cavab qaytaranda Tofiq mətbəxə keçmək isyətib amma onun qarşısını kəsib və ora getməsinə imkan verməyib. Üzünə yumruqla zərbə vuran kimi qonşusu arxası üstə divana yıxılıb və sağ əli ilə onun boğazını tutub sıxıb. Müqavimət göstərdiyini görüb arxasına keçərək sağ əli ilə idman gödəkcəsini cəld boynuna dolayıb onu boğub. Tofiq bir neçə dəfə onu buraxmasını desə də, buna əhəmiyyət verməyib. Təxminən 2-3 dəqiqədən sonra o, divanın qarşısında hərəkətsiz vəziyyətdə qalıb.
İsmayıl tanışı Natiqə zəng edərək Tofiqi öldürdüyünü söyləyib. Daha sonra evdən çıxıb qapıları bağlayaraq açarı cibinə qoyub. Küçədə olarkən telefonundan nömrəni çıxarıb sındırıb və polis idarəsinə gedərək təslim olub.
Məhkəmə prosesində İsmayıl Əliyev ittiham üzrə özünü təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəyib.
Sonda məhkəmənin hökmü ilə İsmayıl Əliyev CM-nin 120.1 ( qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ