İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucdan SENSASİON ÇIXIŞ: Daxili işlər orqanlarına edilən hücumlar...

"Zəfərimizin 5-ci ildönümü qarşısında, 32 ildən sonra Şuşa, Xocalı, Ağdama ilk sakinlərin Böyük qayıdışının gerçəkləşdiyi bir ayda  Milli Məclis Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun sayca 20-ci Məlumatını müzakirə edir.

İnsan hüquq və azadlıqlarının təmin olunmasında üzərinə mühüm vəzifələr düşən Milli Koordinator institutunun yaradılmasının 20 ilinin tamam olması mühüm hadisədir. İşğala məruz qalan bir dövlətin qoşulduğu beynəlxalq konvensiyalara görə deyil, xalqımızın konstitusion mənafelərinə cavab verdiyi üçün apardığı hüquq-mühafizə strategiyası sonda qalib gəldi.

Qələbəmiz təkcə ərazi bütövlüyü deyil, həm də 30 illik “nəzarətsiz zonalar”ın aradan qaldırılması ilə müxtəlif transmilli cinayətlərin, o cümlədən, insan alverinin müxtəlif formaları ilə mübarizəyə mühüm töhvə oldu".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib. Zahid Oruc fikrinin davamında aşağıdakıları qeyd edib:

"Tam əminliklə demək olar ki, hüquq-mühafizə orqanlarının dövlətçiliyə fədakar xidməti və peşə andına sədaqəti, Ulu öndər Heydər Əliyev məktəbini keçərək formalaşan yüksək peşəkarlığı müstəqilliyimizin bərpasından sonra daha da inkişaf etdi, regionda böyük nüfuz qazandı.

2003-cü ildə dövlətçilliyimiz üçün taleyüklü anlarda daxili işlər orqanları prinsipiallıq və qətiyyət göstərəndə yenicə prezident seçilən İlham Əliyev beynəlxalq təşkilatların cəza tələblərini qətiyyətlə rədd edərək, ölkəmizdə ictimai təhlükəsizliyi və sabitliyi qoruyanların bir nömrəli müdafiəçisi olduğunu nümayiş etdirdi. Ölkə başçısı prinsiplərinə daim sadiq qaldı.

Qanlı inqilabların qarşısının alınmasında milli polisimiz prinsipial dövlətçilik mövqeyi göstərib. 2014-cü ilidə Ukraynanın Daxili İşlər naziri publik olaraq, bəyan edirdi ki, onun üçün ölkədə kimin rəhbər olmasının elə bir fərqi yoxdur. Belə şəraitdə xaos qaçılmaz idi.

90-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında əvvəlcə Naxçıvanda, daha sonra bütün ölkəmizdə daxili işlər orqanları dövlətimiziin qoruyucu zirehi oldu, silahlı qrupların, hakimiyyəti devirmək cəhdlərinin  qarşısında qətiyyət və prinsipiallıq göstərdi.  

Vətən müharibəsində canından keçən 66 polis, yaralanan 346 nəfər şəxs, yüksək mükafatlar alan 1400 nəfər hərbi qulluqçu və “Vətən Müharibəsi Qəhrəmanı” ali titulunu qazanan 4 nəfər döyüşçü təkcə daxili işlər orqanlarının deyil, bütövlükdə millətimizin qürur mənbəyidir.  Ona görə də Qarabağda yeni Vətən quruculuğunda milli polisimiz Prezidentin xüsusi təyinatlı  silahdaşlarıdır. Azad torpaqlarda təkcə mina, ictimai asayiş, təhlükəsizlik deyil, həm də quruculuğun və inkişafın keşiyində güc orqanları birlikdə dayanır. Ona görə də polisimiz xalqı qoruduğu kimi, cəmiyyətimiz,  partiyalarımız, mediamiız və vətəndaşlarımız da polisi qorumalıdır.

Xaricdən yayımlanan bir ovuc milli və sosial simalarını itirən  terror mediası-Azad Söz, Osmanqızı və sair  tərəfindən hər gün daxili işlər orqanlarına  edilən hücumlar casus şəbəkələrinə muzdlu xidmətdir, 21-ci əsrin köləliyidir və dövlətimizi Qələbə gündəliyindən zərrə qədər daşındıra bilməz.

Məlumata gəldikdə isə, bir daha xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1992-ci ildə 14 transmilli cinayət növü-terrorçuluq, qanunsuz silah alveri və s.-lə yanaşı, insan alveri və insan orqanları ilə alver də onların sırasına daxil edildi və üç il müddətinə Xüsusi Məruzəçinin təyin edilməsi dövlətlər tərəfindən qəbul olundu.

Bəllidir ki, insan alveri transmilli  cinayətdir və ona qarşı effektiv mübarizə bir neçə müstəvidə: milli, qitə və BMT səviyyəsində iştirakı zəruri edir. Beləliklə, Məruzəçi həm beynəlxalq səviyyədə, həm də, ölkəmizdə çox önəmli  beynəlxalq insan hüquqları mexanizmidir.

Xatırladaq ki, 2005-ci ildə qəbul edilən “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda istismarın bir neçə forması müəyyənləşdirilib: onlar - məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər, insan orqanlarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsindən ibarətdir.

Qlobal statistikaya gəldikdə isə, 2024-cü il İnsan Alverinə dair Hesabatda göstərilir ki, qurbanların sayı COVİD 19-dan sonra  nəzərəçarpacaq dərəcədə azaldığı halda 2023-cü ildə  25% faiz artıb. Qadınlar və qızlar dünya üzrə qurbanların 61%-ni təşkil edir. 2019-cu illə müqayisədə 2022-ci ildə insan alverindən əziyyət çəkənlərin sayı 31%, qızlar arasında  göstərici 38% artıb.

Milli Məclisə təqdim edilən Məlumat  təkcə Baş İdarənin deyil, ölkə üzrə 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının  fəaliyyətinin nəticəsidir. Sənəd 4 istiqamət üzrə tədbirləri özündə ehtiva edir: 1)  cinayətin qarşısının alınması; 2) qurbanlara yardım və müdafiə; 3) cinayətkarların təqibi və 4)  cinayətin transmilli olduğunu nəzərə alaraq, beynəlxalq əməkdaşlıq.

Məlumatda “2025─2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın hazırlandığı bildirilir. Parlament üzvləri yeni yol xəritəsinin qəbulunda aktiv iştirak üçün layihənin dərcini, müasir çağırışların sənəddə əks  olunmasının vacibliyini vurğulayırlar.

Digər məsələ, gizli xarakterə malik transmilli cinayətin şəbəkə halında informasiya texnologiyaları-kiberməkanda qarşısının alınmasıdır. Son 3 ildə qlobal İT şirkətləri, məsələn, Tik-Tok, Meta və s. kompaniya rəhbərlərinin ABŞ Konqresində dinləmələrə çağırılması, onlardan məsuliyyət tələb edilməsi, Tik-Tok şəbəkəsinin bəzi ölkələrdə qadağan edilməsi milli dövlətlərin təhlükəsizlik tədbirlərini gücləndirdiyini göstərir.

Bu baxımdan, Məlumatda deyilir, sitat: İnformasiya texnologiyalarının (WhatsApp, İnstagram, Telegram sosial şəbəkələrində) tətbiqi ilə törədilən 44 müvafiq fakt da aşkarlanaraq cinayət işi başlanılıb. Göründüyü kimi, Baş İdarə insan alveri-traffikinginin sosial şəbəkələr üzərindən yeni tranzit kanallarının aşkarlanması və təqibi, on-line məkana köçən kibercinayətlərin qarşısının alınması sahəsinə də xüsusi diqqət göstərir.  

Bəli, sürətlə inkişaf edən texnologiyalar iki tərəfli qılıncdır-bir yandan cinayətlərin qarşısının alınması və həlli üçün innovativ həllər təqdim edir, digər yandan insan alverçiləri üçün də geniş imkanlar açır. Zorakılıq, qurbanın şəkillər və ya pul təqdim etmədiyi halda, həssas materialı yaymaqla hədələdiyi ağır cinayətdir. Təəssüf ki, sensasiyalı və aldadıcı hekayələr diqqəti daha çox cəlb edir. Ona görə də medianın üzərinə böyük vəzifələr düşür.

İnsan alveri həm də mürəkkəb sosial fenomendir. Yoxsulluq, əmək bazarında seqreqasiya, əhalinin səmərəli məşğulluq, təhsil, sosial müdafiə və digər resurslara çıxışı da problemin miqyasına təsir göstərir.

Beynəlxalq hesabatlara gəldikdə isə, insan alveri sahəsində qlobal indeks və reytinqlərdə ölkəmiz müsbət indikatorlara malikdir. Qlobal Mütəşəkkil Cinayətkarlıqla bağlı beynəlxalq indeksində (Global Organised Crime İndex) qonşu dövlətlər arzuolunmaz sıralarda yer alsa da, Azərbaycanın adı əks olunmayıb. https://ocindex.net/rankings/human_trafficking. Yaxud, Uşaq alveri ilə bağlı -- Child Trafficking by Country 2024--son qlobal indexində də vəzyyət ürəkaçandır. https://worldpopulationreview.com/country-rankings/child-trafficking-by-country

Lakin Dövlət Departamentinin illik Hesabatında Azərbaycan  6-cı ildir ki,  tier-“səviyyə 2″dədir. Xatırladaq ki, ABŞ insan alveri qurbanlarının 10.070 nəfərlik sayına görə dünyada mənfi liderlik edir. Nigeriya 1470 nəfərlə ikinci, Argentina 1404 nəfərlə 3-cüdür.

Sənəddə deyilir ki, Azərbaycan hökuməti “səylərdə ümumi irəliləyiş nümayiş etdirib”. Lakin bir sıra iradların əsassızlığı açıq görünür, məsələn, vurğulanır ki, müəssisələrdə elan edilməmiş əmək təftişləri keçirilmir”. Yaxud, “həssas əhali qrupları arasında skrininq tədbirləri aparılmır”.

Ona görə də Məlumatı xüsusi əlavələrlə birlikdə Dövlət Departamentinə göndərilməsini və davamlı işin aparılmasını təklfi edirik. Hər bir indikator üzrə arayışların verilməsi vacibdir. İndi Ağ Ev administrasiyası dəyişib və inanırıq ki, ölkəmizə münasibəti daha sağlam əsaslarda qurulmasında maraqlı olan qüvvələr çoxluq təşkil edir.

Əvvəlki və hazırkı hesabatlarda “Avropa Şurasının İnsan alverinə qarşı  mübarizə üzrə Ekspertlər qrupu – GRETA-nın” Azərbaycanda görülən işlər təqdir olunur.

Beynəlxalq əəmkdaşlığın coğrafiyasının genişlənməsi də tədirəlayiq haldır.  Hazırda insan alveri cinayətini törətməkdə təqsirləndirilən 11 şəxs İnterpol  xətti axtarılır.

İnsan alveri və məcburi əməklə bağlı 91 qurbanın hamısı Azərbaycan vətəndaşıdır. Onlardan 53-ü Türkiyədə, 35-i Birləşmiş Ərəb Əmirliklərində istismara məruz qalıb. Ona görə də qurbanların daha çox olduğu məkanlara diqqəti gücləndirmələri vacibdir.

Baş İdarəyə vətəndaşların etimadının mühüm göstəricilərindən biri-“152” qаynаr xəttinə 10.254 zəngin edilməsidir.  Göründüyü kimi, ötən illərlə müqayisədə müraciətlərin artması problemə həssas münasibətin göstəricisidir. Təmsil etdiyim Mərkəz dövlət orqanlarının stasionar və qaynar xətlərinə edilən müraciətlərə cavablarına dair apardığı tədqiqatda Daxili İşlər Nazirliyi il ərzində 3.2 milyon zəngə ən yüksək göstəricidə-qaynar xətlər üzrə 100 faiz cavab birinci orqandır. 

Son 20 ildə insan alveri üzrə cinayətlərin ümumi sayı 2.532 təşkil edib. Əlbəttə, müxtəlif illərdə dinamika dəyişib. Xüsusilə, 2007-2008 ci ildə xeyli artıb, lakin sonra dövlətin sistemli tədbirləri hesabına sabit bir tendensiya müşahidə olunub..

20 ilə yekun vurarkən, indiyədək rəsmən bəyan edilən 650 insan alverçisinin içərisində qadınların xüsusi üstünlüyü təəssüf doğurur. İnsan alverçilərinin cinsi tərkibində 85 faizini, rəqəmlə deyilsə, 552 nəfərini qadınlar, 15 faizni, yəni 98 nəfərini isə kişilər təşkil edir.

Məlumatın son illərdə daha da genişləndirilən,  keyfiyyət əsaslı təhlili və statistik əlavələrdən ibarət infoqrafikalarla müşayiət olunması aydın təsəvvür və qərar qəbuletmə üçün mötəbər mənbədir.

Yekunda bir daha ümumiləşdirsək, sığınacaqların sayının artırılması və coğrafiyasının genişləndirilməsi, proaktiv rəqəmsal alqoritmələrin və süni zəka texnologiyaları ilə cinayət şəbəkələrinin ifşası, Türkiyə və Birləşmiş Ərəb Əmirliyi ilə insan alverinə qarşı birgə mübarizə üzrə razılaşmaların əldə olunması, qurbanların reabilitasiyası üçün ödənən 700 manatlıq birdəfəlik müvainətin artırılması, Baş İdarənin tərkibində süni zəka texnologiyası Departamentinin yaradılması, rəqəmsal cinayətlər üzrə cəza sanksiyalarının sərtləşdirilməsi, “152” qaynar xəttə illər üzrə edilən zənglərin coğrafi, sosial, yaş və digər parametrlər üzrə mötəbər datasının yaradılması, o cümlədən, beynəlxalq hesabatlar hazırlayan Dövlət Departamenti, GRETA və digər təşkilatlarla işin gücləndirilməsi, analitik şöbənin fəaliyyətinin təkmilləşdirilməsi Milli Koordinatorun gələcək fəaliyyətində nəzərə alınması vacib təkliflərdir.

İnanırıq ki, ölkəmizdəki vəziyətin adekvat  təhlili və təqdim edilməsi, Azərbaycanda da insan alverinə qarşı ümumdövlət tədbirləri və hüquq–mühafizə siyasətinin reallıqda olduğu kimi, tam dolğunluğu ilə əksini tapması ölkəmizi 7-8 il əvvəlki kimi birinci qrupda yer almasını təmin edəcəkdir.

Milli Koordinatorun illik fəaliyyətini yüksək qiymətləndirir, müzakirələrdən sonra onun qəbul olunacağına inanırıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR