Onlayn ictimai-siyasi qəzet
Qoyunçuluğun böhranda olmasının səbəbləri bəllidir, bəs donuzçuluğun geriləməsinə səbəb nədir?
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 min 408 baş donuz mövcud olub. Rəsmi məlumatlara görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə donuzlar 31,4% və ya 1 557 baş azalıb. Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı Naxçıvan şəhəri ilə, Şərur, Abşeron, Kürdəmir və Biləsuvar rayonlarında 100% azalıb. Şəhər və rayonların əksəriyyətində donuzların sayı azalıb. Artım isə ancaq Kəlbəcər, Oğuz və İsmayıllı rayonlarında qeydə alınıb.
Bakıda donuzların sayı 1404-dən 616-ya düşüb. Bu heyvanlar əsasən şəhərin Sabunçu rayonundadır. Məlumat üçün onu da bildirək ki, son 21 il ərzində Azərbaycanda donuzların sayı 7 dəfəyə yaxın azalıb. 21 il əvvəl - 2004-cü ildə ölkədə 22 min 932 baş donuz olub.
Vikipediya məlumatlarından belə bəlli olur ki, Azərbaycanda donuzçuluq geniş yayılmamış heyvandarlıq növlərindən biri olub. Son dövrlərdə hətta donuz təsərrüfatlarının sayı artıb. Ölkədə saxlanılan donuzlar əsasən ağ Ukrayna donuz cinsindən olub. O da bildirilir ki, Azərbaycanda bəslənən donuzların ətindən kolbasa istehsalında istifadə olunur. Donuz ətinin satışı da həyata keçirilir, lakin tələbat çox deyil. Azərbaycanda donuzların sayının azalmasına səbəb bu heyvanların ətinə və yağına (“sala” ) tələbin zəif olmasıdır. Ölkəmizdə donuz ətini əsasən xristian dininə mənsub olan xalqların nümayəndələri istehlak edir.
Qoyunçuluğun böhranda olmasının səbəbləri bəllidir. Yem bahadır, otlaq yerləri azadır. Bəs əti müsəlmana haram buyurulan donuzçuluğun biznes sahəsi kimi geriləməsinə səbəb nədir? Dövlət donuzçuluğun inkişafında maraqlı ola bilərmi?
Xaliq Məmmədov
İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dini nöqteyi-nəzərdən azərbaycanlıların ərzaq balansında donuz ətinin istehlakı çox aşağıdır: “SSRİ dönəmində də bu belə idi. Əsasən hərbi hissələrdə çox istifadə olunurdu. Ona görə də müəyyən bölgələrdə bu təsərrüfatı saxlayırdılar. İsmayıllıda, Bakının kəndlərində belə fermalar var idi. Lakin burada da yerli əhali donuz ətini istehlak etmirdi, sadəcə olaraq, kolbasa və sosiska istehsalında istifadə olunurdu. Buna görə də Azərbaycanda donuzçuluğun inkişafı ilə bağlı perspektiv görmürəm. Çünki istehlakda payı azdır. Ət məhsulları istehsalında şpik (donuz piyi) lazım olur ki, onu da Azərbaycana Polşadan, Belarusdan, Ukraynadan idxal edirlər. Dövlət, aidiyyəti qurumlar qoyunçuluğun inkişafına çox önəm versələr, yaxşı olardı. Azərbaycanlıların ət istehlakında qoyun ətinin xüsusi çəkisi çoxdur. Təəssüf edirəm ki, son 10 ildən artıq dövrdə 1 milyon baş qoyun azalıb. Ona görə də qiymətlər yüksəlib. Tələbat çoxdur, təklif azdır.
İşğaldan azad olunan torpaqlar kənd təsərrüfatının inkişafı üçün məqsədəuyğundur. Aran yerlərində əkinə verilən otlaq sahələrinin bir hissəsini geri qaytarmaq olar. Yarımqapalı qoyunçuluq təsərrüfatı yaratmaq olar. Heyvanlar yazda-yayda dağlıq ərazilərdə otlasınlar, payızda-qışda isə qapalı şəraitdə saxlanılsınlar. Dünyanın hər yerində, Avstraliya və Yeni Zelandiyada da bu təcrübə var. Bizim qoyun cinsləri dünyada bir nömrədir, əla növdür. Niyə onu çoxaldıb, ixrac potensialını artırmayaq?
Donuzçuluq təsərrüfatının isə istehlak az olduğu üçün inkişaf perspektivi yoxdur. Eyni zamanda fermerlərə donuz saxlamaq çətin başa gəlir. Donuzu meşəyə, sahəyə buraxmaq mümkün deyil, qapalı olmalıdır. Bu isə yem baxımından xeyli çətinlik yaradır".
Rəcəb Orucov
Naxçıvan MR-in keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Azərbaycan mətbəxində donuz ətindən çox az istifadə olunur: “Müəyyən restoran şəbəkələrində, iaşə obyektlərində təkliflər olunur. Ümumilikdə isə o qədər də aktual məsələ deyil. Çünki respublikamızda kifayət qədər iri və xırda buynuzlu mal-qaranın yetişdirilməsi və intensiv təsərrüfatın inkişafı üçün olduqca əlverişli şərait var. İstehlak bazarımızın ət məhsullarına olan tələbatında donuz ətinin müəyyən dairələrdə müzakirəsi məqsədəuyğun deyil. Biznes istiqamətində Azərbaycanda donuzçuluğun inkişafına ehtiyac görmürəm. Həmişə millətin, xalqların ən incə yeri dini etiqad məsələləridir. Ona görə də mənə elə gəlir ki, bu ictimai qınaqla qarşılana bilər. Lakin Azərbaycan tolerant ölkədir, burada müxtəlif xalqların nümayəndələri yaşayır. Onların kiçik təsərrüfatında donuzun saxlanılması normaldır. Donuz əti tez həzm olunur. Əksər Avropa ölkələrinin mətbəxinin əsas yeməklərindən biridir. Bizdə isə vəziyyət fərqlidir. Hətta çöl şəraitində yaşayan vəhşi qabanları belə ovlamırlar”.
Şabran rayonunda illərdir donuz saxlayan fermer Elnur Həsənov bildirir ki, bu sahəyə maraq olsa da, çox adam cəsarət edib başlamır. Səbəb isə sadədir - gəlir azdır, çıxar xeyli çətindir: “Donuz saxlayırsan, amma harada satacaqsan? Bazarda müştəri azdır. Çünki donuz əti ölkədə geniş istehlak olunmur. Əsas alıcılar rusdilli əhali, bəzi restoranlar və xaricilərlə məhdudlaşır”.
Elnurun sözlərinə görə, bəzən heyvanı böyüdür, amma satış üçün uzun müddət gözləməli olur: “Donuzçuluğun inkişaf etməməsinin səbəbləri arasında dini baxış da önəmli yer tutur. Əhalinin böyük əksəriyyəti müsəlman olduğu üçün donuz ətinə qarşı ictimai münasibət soyuqdur. Bu isə təsərrüfat sahiblərini həm sosial, həm də iqtisadi baxımdan sıxışdırır. Donuzçuluqla bağlı mövcud qanunvericilikdə qadağa yoxdur, amma ictimai rəyin təsiri bu sahəyə sərmayə qoyuluşunu da ləngidir”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ