Onlayn ictimai-siyasi qəzet
ABŞ dolları İsveçrə frankı qarşısında son on ilin ən aşağı səviyyəsinə enib. Eyni zamanda, dollar yapon yeninə qarşı yeddi ayın minimumuna düşüb. Musavat.com xəbər verir ki, avro isə üç ilin ən yüksək səviyyəsinə yüksəlib. Bu tendensiya ABŞ dollarına olan inamsızlığın dərinləşdiyini göstərir. Dolların altı əsas valyutaya qarşı ölçülən DXY (Dollar Index) göstəricisi 1% azalaraq 98 bənddən aşağı düşüb. Bu, 2022-ci ilin martından bəri ən aşağı səviyyədir.
Ekspertlər dolların zəifləməsinin əsas səbəbləri kimi bir sıra məqamları diqqətə çatdırır. Qeyd edilir ki, ABŞ Mərkəzi Bankı (FED) inflyasiyanın idarə olunmasında yumşaq mövqeyə keçə bilər. Faizlərin azaldılması dolların cəlbediciliyini azaldır. Eyni zamanda, avro, İsveçrə frankı və yapon yeni kimi stabil valyutalara maraq artır. Neft və digər strateji malların ticarətində alternativ valyutalardan istifadə təşviq olunur.
Dolların zəifləməsi nə qədər davam edəcək? Bunun dünya iqtisadiyyatına nə kimi təsiri ola bilər? Bəs Azərbaycana təsiri necə olacaq?
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: "Dünyanın bir saylı valyutasının son həftələr ərzində belə kəskin ucuzlaşması bir tərəfdən ABŞ prezidenti Donald Trampın başlatdığı tarif müharibəsindən qaynaqlanırsa, digər tərəfdən buna səbəb Birləşmiş Ştatlar prezidentinin Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankının) fəaliyyətinə nəzarət etmək istəyidir. O FES-i uçot dərəcəsini ləng aşağı salmaqda günahlandırır və bu səbədən Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Paueli vəzifəsindən kənarlaşdırmağa çalışır.
Tramp hələ seçki öncəsi apardığı kampaniyada ABŞ iqtisadiyyatını yenidən canlandırmaq üçün dolların və neftin ucuzlaşması ilə bağlı tədbirlər görəcəyini bəyan etmişdi. Onun dünyanın 185 ölkəsinə idxal rüsumları tətbiq etməklə bağlı bu ilin aprel ayının 2-də qəbul etdiyi qərar saylı günlər ərzində dünya bazarlarında neftin qiymətlərinin 30%-dən çox ucuzlaşmasına səbəb oldu. Bundan sonra yeni rüsumların tətbiqinə 3 aylıq morotorium elan edilməsi bu qiymətləri bir qədər sabitləşdirsə də, prosseslərin sonda hansı nəticələrə gətirib çıxaracağı indidən aydındır".
Professor əlavə edib ki, Tramp Amerika iqtisadiyyatında bir canlanma yaratmağı hədəfləyir:" O, bununla Birləşmiş Ştatların xarici ticarət balansında mövcud olan 1,2 tliyon dollar mənfi saldonun tədricən aradan qaldırılmasına nail oilmaq istəyir. Tramp hesab edir ki, Amerikada ondan əvvəl prezident olmuş şəxslər ABŞ iqtisadiyyatının bundan daha qüdrətli olması üçün mövcud olmuş şanslardan istifadə edə bilməyiblər və elə bunun nəticəsidir ki, bu gün Çin ABŞ-la iqtisadi müstəvidə mübarizə aparmaq səviyyəsinə yüksələ bilib. Trampın hədəfi bu geriliyi aradan qaldırmaq və ABŞ-ı iqtisadi cəhətdən heç bir ölkə ilə müqaisə edilməyəcək bir yüksəkliyə çatdırmaqdır. O, buna nə qədər nail olacaq – bunu zaman göstərəcəkdir. Hələlik isə həm ABŞ iqtisadiyyatı, həm bütövlükdə dünya iqtisadiyyatı qeyri müəyyənliklər burulğanında üzür..."
Dolların zəifləməsinin Azərbaycanın iqtisadiyyatına mümkün təsirlərinə gəldikdə isə ekspertlər deyir ki, dollarla idxal edilən məhsulların maya dəyəri azala bilər, xüsusilə texnologiya, sənaye və tibb məhsulları. Eləcə də, manatın stabil saxlanılması daha asan ola bilər, çünki dollara təzyiq azalır. Mənfi tərəfləri isə ondan ibarətdie ki, Dövlət Neft Fondu və digər ehtiyatların dollarla saxlanılması onların real dəyərinin azalmasına səbəb ola bilər. Neft və qaz gəlirləri dollarla daxil olsa da, zəif dollar bu gəlirlərin effektiv alıcılıq qabiliyyətini azaldır. Köçürmələr (xüsusilə Rusiyadan) azala bilər, bu isə daxili valyuta axınına təsir edər.
Nəticə olaraq, dolların zəifləməsi qlobal və yerli iqtisadiyyat üçün həm risklər, həm də fürsətlər yaradır. Azərbaycan bu prosesə çevik şəkildə uyğunlaşmalı, ehtiyatlarının diversifikasiyasını artırmalı və qeyri-neft sektoru üzrə ixrac imkanlarını genişləndirməlidir. Manatın mövqeyini qorumaq üçün Mərkəzi Bank ehtiyat idarəetməsində çevik olmalı və dünya bazarındakı dəyişiklikləri yaxından izləməlidir.
Afaq Mirayiq,
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ