İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğrudanmı İsrail heç nəyə nail olmadı?..

Bəli, fələstinli hərbi ekspertlər (onların arasında hətta bəzi keçmiş generallar da var!) belə deyirlər. Əlbəttə ki, onlara yüzə-yüz inanmaq olmaz, çünki maraqlı tərəfdirlər.  Amma o da var ki, müharibə çox uzandı, üstəgəl, o, regional xarakter aldı və böyüdü - İsrailin ən yaxın hərbi və siyasi müttəfiqi olan ABŞ da regiondakı münaqişələrə cəlb olundu. Amma müharibənin uzanmasının başqa səbəbləri də var.

Birincisi, biri var, nizami ordu ilə müharibə aparasan, biri də var ki, terrorçu təşkilatlarla vuruşasan. Bunlar tamamilə fərqli məsələlərdir. 

Amma indi bir şey tamam aydındır ki, bu bir neçə ildə İsrail Qəzzaya qarşı fəal blokada siyasəti aparmalı idi, durub HƏMAS-ın özü üçün yeraltı strukturlar, tunellər yaratmasını passiv şəkildə seyr etməli deyildi. İsrail kəşfiyyatı dünyanın ən güclülərindən hesab olunur və çox güman ki, Təl-Əvivin HƏMAS-ın planlarından xəbəri var idi.

İkincisi, HƏMAS kiçik bir terrorçu qruplaşma deyil, çox təəssüf ki, o, həm də bir çox fələstinlilər üçün bir ideyadır - onlar bu təşkilata rəğbət bəsləyir və hər cür dəstək verirlər. Bilirsiniz, istənilən siyasi prosesə münasibətdə bir mötədil, bir də radikal qanad olur. Səhv etmiriksə, elə İsrailin öz tarixində də belə olmuşdu - mülayim qanada Ben-Quruion və tərəfdarları, radikal qanada isə İsxaq Rabin başçılıq edirdi. 

Burada həm də belə bir məqam var ki, Fələstinin mötədil qüvvələri hələ ki milli hədəflərə tam nail ola bilməyiblər. Bu da radikal cərəyanlara qarşı fələstinlilərin marağını artırır. Bir dəfə Fələstinlə bağlı bir veriliş verirdilər. Belə məlum oldu ki, fələstinlilərin bir çoxu üçün siyasi kumir Şimali Koreya prezidenti Kim Çen Indır! Təsəvvür edirsinizmi?.. 

Bəli, məsələyə azca səthi yanaşanlar deyə bilər ki, burada təəccüblü nə var ki? ABŞ və aparıcı Avropa dövlətləri İsrailə dəstək verir, ona görə də fələstinlilər Kim Çen Ina, nə bilim, Kuba liderlərinə daha çox rəğbət bəsləyirlər... 

Amma tam şəkildə heç də belə də deyil. ABŞ da Fələstin-İsrail məsələsində daha çox “iki dövlət” ssenarisinə dəstək verir, onu İsrailin siyasi elitasına qəbul etdirmək istəyir. Amma bu, elə də asan məsələ deyil. O ki qaldı Avropa dövlətlərinə, İsrail Qüdsü özünün bölünməz paytaxtı elan edəndə demək olar ki, Təl-Əvivə heç kim dəstək vermədi. 

Fəqət, Fələstinin ABŞ-dan və aparıcı Avropa dövlətlərindən narazı qalmağa haqqı var. Əslində ərəblər öz müqəddəratlarını dəfələrlə təyin ediblər, onlarla ərəb dövləti var və keçmiş İsrail ərazsində daha bir ərəb dövləti yaranmasaydı heç də dünya dağılmazdı. Amma proseslər tamam başqa cür cərəyan etdi - indiki İrsail ərazisində iki dövlətin yaranmasına qərar verildi və artıq bu qərarı dəyişmək mümkün deyil. 

Ona görə də məşhur “iki dövlət” ssenarisinin demək olar ki, alternativi yoxdur və Qərb dövlətləri (regionun ən güclü aktorları da məhz onlardır!) bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır. Amma başa düşürlərmi?..

Təəssüf! HƏMAS-la müharibə başlanandan otuz mindən çox adam həlak olub, Qəzza yerlə yeksan edilib. Amma HƏMAS üzərində tam qələbə çalınmayıb. Niyə? Ona görə ki, HƏMAS-a da, digər radikal qüvvələrə də qalib gəlməyin bircə yolu var: İsrail mülayim, mötədil fələstinli qüvvələrlə anlaşıb Fələstin dövlətinin yaranmasına razılıq verməlidir. Di gəl, hələ ki bunun əlamətləri görünmür - İsrail siyasətçiləri də çox radikallıq edirlər... 

Bununla onlar nəyə nail olacaqlar? Yaxın perspektivdə onlar hətta HƏMAS-ı tamam əzə də bilərlər. Amma bundan sonra başqa bir terrorçu təşkilat yaranacaq, çünki buna zəmin var - bölgədə ərəb millətçiliyi var, ekstremist dövlətlər var. Ən əsası isə budur ki, dünyanın ən aparıcı təşkilatının - BMT-nin qərarları yerinə yetirilməyib, Fələstin dövləti qurulmayıb...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR