Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin(FED) sədri Cerom Pauellə faiz dərəcələrini dərhal azaltması üçün təzyiqləri artırır.
Musavat.com xəbər verir ki, o, özünün Truth Social səhifəsində FED indi dərəcələri azaltmasa, ABŞ-da iqtisadi fəallığın yavaşlayacağını qeyd edərək, Pauelli "böyük uğursuz" adlandırıb: “Bir çoxları faiz dərəcələrinin qabaqlayıcı şəkildə azaldılmasına çağırır” deyən Tramp enerji, qida və əksər “digər şeylərin” ucuzlaşdığını qeyd edib: "Bu qiymətlərin proqnozlaşdırdığım kimi gözəl şəkildə aşağı düşməsi ilə inflyasiya demək olar ki, olmaya bilər. Lakin böyük uğursuz cənab Çox Ləng indi dərəcələri azaltmasa, iqtisadiyyatda yavaşlama ola bilər".
Keçən həftə o, FED rəhbərinin uçot siyasətini yumşaltmaqda həmişə gecikdiyini deyərək, Pauelli “Cənab Çox Ləng” adlandırmışdı.
Pauell daha əvvəl Trampın idxal tariflərinin ABŞ-ın iqtisadi artımını ləngidə biləcəyini və inflyasiyanı sürətləndirə biləcəyini, lakin FED-in hələ müdaxilə etməyə hazır olmadığını və pul siyasəti parametrlərinin tənzimlənməsini nəzərdən keçirməzdən əvvəl daha çox aydınlaşmanı gözləmək istədiyini bildirmişdi.
Evercore ISI investisiya bankının sədr müavini Krişna Quhanın sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Cerom Paueli istefaya göndərməyə çalışarsa, ABŞ fond və istiqraz bazarları kəskin şəkildə düşəcək.
O, CNBC-yə bildirib ki, "FED-in müstəqilliyini şübhə altına alaraq, onların faiz dərəcələrini azaltması üçün təzyiqi artırırsınız. FED sədrini vəzifədən uzaqlaşdırmağa çalışsanız, düşünürəm ki, xəzinədarlıq gəlirlərinin yüksəlməsi, dolların ucuzlaşması və birjaların aşağı düşməsi ilə bazarlarda şiddətli reaksiya görəcəksiniz. Administrasiyanın əldə etmək istədiyinin bu olduğunu düşünmürəm".
ABŞ fond bazarı Trampın Pauellə bağlı son açıqlamalarından sonra ciddi enişlə üzləşib. Fond indeksləri bir neçə saat ərzində 2,7-3,1 faiz dəyər itirib.
Musavat.com
22 Aprel 2025
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ