İnsanlara hürriyət, millətlərə istiqlal!

Diqqəti yayındıran yazılar

Yol polisi avtomobillərin şüşəsinə afyorizmlər, şeirlər-zad yapışdıranlara qarşı növbəti reyd keçirmişdir. Hadisənin videosunda bir “Qazelə” oxşar maşının dal şüşəsindən “Bakma bana, bakma öyle, bir bakışdan tanıyamazsın beni...” yazısını sökürdülər. Sürücü cavan oğlan idi, düşüb polislə söhbətləşirdi, deyəsən onu çoxlu baxandan sonra da tanımaq çətin idi.

Belə reydlər, yoxlanışlar tez-tez olur. O cümlədən, avtomobilin üstünə yuxarıdakı tipdə mənasız və bəzən də guya gülməli şüarlar yazdırmaq modası var. “Arxamca baxma”, “Qırmızıda durmuruq, brat”, nə bilim, “Sarı çiçəyim”, “Məni keçən olmayıb” və sairə söhbətlər... Lakin bunları sökmək, administrativ üsulla qadağan etmək nə qədər uyğundur?

Yol hərəkəti qaydalarına görə maşının üstünə reklam vursan, bunu polislə razılaşdırmalısan. Başqa boya-moya da maşının öz rənginin 50 faizini keçməməlidir. Sürücülərin diqqətini yayındırmaq olmaz və sairə. Elə yol polisi də şüarları sökərkən bu “diqqət yayındırma”ya əsaslanır. Ancaq balaca bir yazı diqqəti nə dərəcədə yayındırır? Camaatın çoxu artıq yazı oxumağı yadırğayıb. Hərf tanımayan sürücülər var. Mənə elə gəlir bu qadağaların alt qatında söz azadlığı məsələsi durur. Hökumət xalqa işarə edir ki, mənim istəmədiyim, icazə vermədiyim heç bir şüarı, heç bir cümləni öz mal-mülkünə yaza bilməzsən.

Qonşu Gürcüstanda adamlar öz adının hərflərinə uyğun maşın nömrəsi alır. ABŞ-da istədiyin sözün rüsumunu ödəyib nömrə əvəzi yazdırırsan. Bunlar, yeri gəlsə, “diqqəti yayındırmaq” mövzusuna girmirmi? Bəs onlar niyə qadağan etmir?

Yaxşı olar yayğın, mübahisəli durumlar olmasın deyə yol hərəkəti qaydalarında bu şüar, yazı mövzusu dəqiq həkk edilsin. İndiki halda dəqiqlik yoxdur. Yol polisi yazıları öz təşəbbüsüylə sökür. Yenə xüsusi qeyd edirəm, mənim o cızmaqaralara hər hansı aludəçiliyim, rəğbətim yoxdur. Söhbət prinsiplərdən gedir. (Sentyabrda bir nəfəri Kalaşnikov tüfəngiylə tutmuşdular, demişdi ki, prinsipli adam olduğu üçün üstündə silah gəzdirir. İndi biz həmin “prinsipləri” nəzərdə tutmuruq). Qanunun qadağan eləmədiyi işlərə icazə var. Bu, hüququn prinsipidir. Əks halda hərə özündən qadağan uydurar, yaşamaq dözülməz hala gələr.

Başqa yöndən, əgər sizə xalqın diqqətini yayındıran subyektlərlə mübarizə lazımdırsa, bunu yazılar üzərində etməyə ehtiyac yoxdur. Elə həmin küçə və magistrallarda nə qədər dövlət qulluqçusu, məmur qanunsuz gəlirlərlə aldığı lüks avtomobillərdə fors atır. Buyurun, onları saxlayın və bu maşınları hansı maaşla, hansı gəlirlə əldə etdiklərini soruşun. Soruşa bilərsinizsə... Yoxsa cahil bir yetimin təkərini qaldırdığı köhnə sovet maşınına yazdırdığı “Maşınım ceyran, Hamı mənə heyran” cümləsini qopartmaq böyük igidlik tələb eləmir.

Ümumiyyətlə, kiminsə diqqəti yayınırsa, buna cavabdeh özüdür axı. Bunu qanuna necə salmaq olar? Eyni məntiqlə sabah qadınların geyimini də yol hərəkətinə uyğunlaşdırın, çünki sürücülərin bəzən diqqəti yayınır, qəza olur. İranda təxminən bu “məntiqlə” qadınların kəkilini örtürlər – xalqın əxlaqı əldən gedirmiş. Manyakları yox, qurbanları cəzalandırmaq üsuludur. Məşhur hamam anekdotu kimi. Biri şikayət edir ki, qadın hamamı bağlansın, onun evindən görünür. Komissiya yaradılır, evdən baxırlar, deyirlər axı içəri görünmür, nədən narazısınız. Adam deyir: “Hələ bu şkafın üstünə çıxın, sonra pəncərədən bayıra boğazınızı uzadın, baxın, görəcəksiniz”.

Ağaclar çiçək açanda diqqəti yayındırırsa, kəsməliyik. Binalar gözəl olanda, maşın sürənlər çaşır. Qar diqqəti yayındırır, yağış da. Təklif edirəm buludlar qoparılsın. Piyadalar diqqəti yayındırır. Maşınlar şəhərində yaşayırıq, bu mənfur ikiayaqlılar üçünsə zolaqlı hissələr qayırıblar. Ax-ax...

Hələ reyd zamanı sürücüyə məsləhət verən yol polisinin sözləri nəyə desən dəyərdi: “Fikrin, çatdırmaq istədiyin söz olanda bunu qələmlə yaz, şeir yaz, roman yaz, uyğun yerlərdə çap etdir”. Məncə o, zarafat edirdi. Adətən çox ciddi mətləbləri zarafatla çatdırırlar. Camaat internetə adi əl işarəsi qoymağa qorxur, sən isə onlara yazıçılıq təklif edirsən.  

Bir də, diqqəti yayındırmaq pisdirsə, diqqəti toplamaq yaxşı olmalıdır. Ancaq nəyə? Əsas məsələ budur. Xalq diqqətini nəyə cəmləsin, onu tapmalıyıq. Çıxış yolu üçün əvvəlcə çıxışın özü olmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR