İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomlarımızı Almaniya, Türkiyə tanıyır, İran isə iqnor edir - səbəb

Kamran Əsədov: “Azərbaycan diplomlarının tanınmaması problemi təkcə İranla məhdudlaşmır”

Xəbər verildiyi kimi, İranın Elm və Səhiyyə Nazirliyi Azərbaycan universitetlərində verilən doktorluq və tibbi dərəcə diplomlarının etibarsız olduğunu bəyan edib. Bu barədə nazirliyin nümayəndəsi Hamed Təkfi məlumat verib.

Təkfi bildirib ki, xarici universitetlərin keyfiyyətini dəyərləndirərkən əsas meyar kimi qlobal reytinq sistemlərindən istifadə edilir. Bu yanaşma ilə universitetlər üç kateqoriyaya bölünür:

- A kateqoriyası (premium universitetlər);

- B kateqoriyası (yaxşı universitetlər);

- C kateqoriyası (orta universitetlər, yalnız bakalavr və magistr dərəcələri üçün).

Nazirlik nümayəndəsi Azərbaycan universitetlərinin dünya reytinqlərində yüksək yerlərdə olmadığını, yalnız bəzi universitetlərin C kateqoriyasında yer aldığını vurğulayıb. Buna görə də bu universitetlərin yalnız bakalavr və magistr proqramları üzrə verdiyi diplomlar tanınır.

Məsələ barədə danışan tibb üzrə fəlsəfə doktoru, professor Adil Qeybulla Minval.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, respublika müstəqillik əldə etdikdən sonra İranda Azərbaycan diplomları qiymətləndirilmir. Onun sözlərinə görə, buna baxmayaraq, ATU-da Güney Azərbaycandan kifayət qədər tələbə təhsil alır. Azərbaycan diplomunu aldıqdan sonra onların diplomlarının tanınması üçün rezidentura təhsilini başqa ölkədə davam etdirmələri tələb olunur.

Professor qeyd edib ki, xüsusilə Azərbaycan Tibb Universitetinin diplomunun Almaniya, Türkiyə, Böyük Britaniya və ABŞ kimi ölkələrdə tanınması fonunda bu fakt mütəxəssislər arasında böyük çaşqınlıq yaradır. Orada azərbaycanlı həkimlər rezidenturanı asanlıqla başa vurub tibb sisteminə inteqrasiya edə bilirlər: “ATU diplomunun İranda tanınmaması üçün heç bir səbəb yoxdur”. Professor ehtimal edir ki, motiv İranın Azərbaycana qarşı siyasi mövqeyi ilə bağlı ola bilər: “Necə olur ki, Azərbaycanda təhsil almış həkimlərimiz inkişaf etmiş Almaniyada işləyə bilir, amma İranda təcrübə keçə bilmirlər?” 

İrandan başqa daha hansı ölkə(lər) Azərbaycan diplomlarını tanımır?

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

 Kamran Əsədov 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, İranın Elm və Səhiyyə Nazirliyinin Azərbaycan universitetlərinin doktorantura və tibb üzrə diplomlarını tanımaması məsələsi həm təhsil siyasəti, həm də beynəlxalq münasibətlər baxımından ciddi bir problem olaraq diqqəti çəkir: “Bu yanaşma təhsil sistemimizin beynəlxalq standartlara uyğunlaşdırılması ehtiyacını gündəmə gətirir.

Diplomların tanınması məsələsi yalnız reytinq göstəriciləri ilə məhdudlaşmır. Reytinq sistemləri təhsil müəssisələrinin akademik nüfuzunu, tədqiqat fəaliyyətlərini, tələbə-müəllim nisbətini və beynəlxalq əməkdaşlıqlarını qiymətləndirən ümumi göstəricilərdir. Azərbaycan universitetlərinin dünya reytinqlərdə aşağı mövqelərdə olması, tədqiqat potensialının zəifliyi və beynəlxalq akkreditasiyanın məhdud olması kimi problemlər bu qərarın əsaslandırılmasında əhəmiyyətli rol oynaya bilər. Lakin təkcə reytinqlərə əsaslanaraq diplomların tanınmaması daha dərin səbəblərin də olduğunu göstərir.

İranın bu qərarının arxasında siyasi amillərin də mövcud ola biləcəyini nəzərə almaq lazımdır. Azərbaycanla İran arasındakı geosiyasi və iqtisadi rəqabət, eləcə də iki ölkənin təhsil siyasətindəki fərqliliklər bu qərara təsir etmiş ola bilər. İranın təhsil sahəsində sərt mövqeyi və yerli universitetlərini müdafiə etməsi, Azərbaycanın beynəlxalq nüfuzuna mənfi təsir göstərmək məqsədi daşıya bilər. Belə ki, Azərbaycan diplomlarının Almaniya, Türkiyə və bir sıra digər ölkələrdə tanınması, amma İran tərəfindən iqnor edilməsi nonses təsiri bağışlayır. Bu, sırf təhsil keyfiyyətindən daha çox, diplomatik münasibətlərin təsirini ortaya qoyur.

Bu qərarın təhsil siyasətimiz üçün yaratdığı çağırışlar çoxdur. İlk növbədə, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqeyini yüksəltmək üçün ciddi addımlar atılmalıdır. Universitetlərdə tədqiqat fəaliyyətlərinin dəstəklənməsi, beynəlxalq layihələrdə iştirakın artırılması, xarici tələbə və müəllimlərin cəlb edilməsi kimi tədbirlər bu prosesin bir hissəsi olmalıdır. Xüsusilə tibb təhsili sahəsində daha yüksək standartların tətbiqi vacibdir. Tibb təhsili yalnız nəzəri biliklər deyil, həm də praktik bacarıqlar tələb edir və bu sahədə beynəlxalq akkreditasiya böyük əhəmiyyət daşıyır".

Ekspertin fikrincə, bu məsələni həll etmək üçün həmçinin İranla dialoq və əməkdaşlıq qurulmalıdır: “Təhsil sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanaraq, diplomların tanınması ilə bağlı razılığa gəlmək mümkündür. İranın mövqeyini dəyişdirmək üçün yalnız təhsil sahəsində deyil, həm də diplomatik münasibətlərdə daha balanslı yanaşma tətbiq olunmalıdır”. Kamran Əsədov həmçinin qeyd edib ki, Azərbaycan diplomlarının tanınmaması problemi təkcə İranla məhdudlaşmır: “Müxtəlif ölkələr, xüsusilə də Avropa və Şimali Amerika dövlətləri, bəzi sahələrdə Azərbaycan diplomlarını tanımaq üçün əlavə sertifikatlaşdırma və ya təkmilləşdirmə tələb edir. Bu, əsasən hüquq, tibb və mühəndislik sahələrində daha çox nəzərə çarpır. Belə hallar Azərbaycan təhsil sistemində standartların beynəlxalq səviyyədə uyğunlaşdırılmasının vacibliyini göstərir.

Bu qərarı yalnız bir problem kimi deyil, həm də fürsət kimi görmək olar. Təhsil sistemimizin zəif tərəflərini müəyyən etmək və onları aradan qaldırmaq üçün bu tip hadisələrdən dərs çıxarılmalıdır. Təhsil sahəsinə daha çox dövlət dəstəyi ayrılmalı, universitetlərimiz beynəlxalq səviyyədə rəqabət qabiliyyətli hala gətirilməlidir. Bu yolla təkcə reytinqlərdə mövqeyimizi yaxşılaşdırmaqla deyil, həm də gənc nəslin daha yüksək keyfiyyətli təhsil almasını təmin edərək ölkəmizin gələcəyinə töhfə verə bilərik. Azərbaycanın təhsil sisteminin güclənməsi, yalnız daxili inkişaf deyil, həm də beynəlxalq münasibətlərdə daha güclü mövqe qazanmaq üçün əsasdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR