İnsanlara hürriyət, millətlərə istiqlal!

Dini konfessiya rəhbərlərindən Avropa Parlamentinə etiraz bəyanatı

Azərbaycandakı dini konfessiya rəhbərləri martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunmuş anti-Azərbaycan qətnaməsinə qarşı birgə bəyanat imzalayıblar.

Musavat.com-un xəbərinə görə, bəyanatda bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, alban-udi və yəhudi konfessiyalarının rəhbərləri sənədin ikili standartlara və islamofobiya meyllərinə məruz qalan və ermənipərəst siyasəti müdafiə edən mövqenin ifadəsi kimi dəyərləndirirlər:

"Birmənalı şəkildə bildiririk ki, qətnamə mətnində yer almış fikirlər yanlış və böhtan xarakteri daşıyır, tamamilə qəbuledilməzdir. Nəinki Avropa Parlamenti nümayəndələri, bütün dünya bilməlidir ki, Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda və bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlar sülh və əmin-amanlıq şəraitində dinc yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən tarixi-dini abidə kimi qorunur. Bununla belə, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb talan edilib, qədim Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri özününküləşdirilib, məscidlər tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub.Biz, Azərbaycandakı müxtəlif etnik və dini icmaların nümayəndələri Qarabağ torpaqları azad edildikdən sonra həmin ərazilərə səfərlərimiz zamanı orada Ermənistan tərəfindən tarixi, və mədəni abidələrə, xüsusən müsəlman məscidlərinə və mövcud olmuş infrastruktura Ermənistan tərəfindən törədilmiş vandalizmin, qədim alban xristian və pravoslav kilsələrinə qarşı qriqorianlaşdırma siyasətinin həyata keçirildiyinin canlı şahidləriyik".

Qeyd olunub ki, Ermənistan öz ərazisindəki tarixi Azərbaycan dini abidələrini, İrəvan məscidləri olan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər mədəni-mənəvi irs nümunələrini, nadir memarlıq abidələrini tamamilə dağıdıb, İrəvanın mərkəzində yeganə salamat qalan “Göy məscidi”nin orada “baş verən” yanğından sonra memarlıq xüsusiyyətlərini qəsdən dəyişdirmişdir:

"Azərbaycanlılara məxsus mədəni-mənəvi irsin dağıdılması ilə bərabər Ermənistan, Şuşadakı “Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim alban kilsələrini qəsb edib, mənşəyini dəyişdirərək qriqorianlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə məhv edib.

Buna görə də biz, Zati-Müqəddəsləri Roma Papası Fransisk, Zati-Müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kirill, digər dini liderlərə və beynəlxalq təsisatlara müraciət edərək din xadimlərindən ibarət nümayəndə heyətlərini işğaldan azad olunmuş torpaqlarımızda erməni vandalizminin dəhşətli nəticələrini öz gözləri ilə görmək məqsədilə Azərbaycana səfərə dəvət etmişik. İndiki Ermənistan ərazisində və Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşımalı və Avropa Parlamentinin qərəzli qətnaməsində qeyd edildiyi kimi cəzalandırılmalıdır.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri Avropa Parlamentində “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” adlı qərəzli qətnamənin lehinə səs vermiş 635 parlamentarilərə öz narazılığımızı və bu hadisəni təəssüflə qarşıladığımızı bildiririk. Bu kimi yanaşmalar Avropa Parlamentinin ikili standartlara əsaslanaraq birtərəfli ermənipərəst mövqeyə malik olması qənaətini yaradır. Biz, Azərbaycanda erməni qəsbkarları və terrorçuları tərəfindən yüz ildən artıq müddətdə azərbaycanlılara və burada yaşayan digər millətlərin nümayəndələrinə qarşı törədilən qətliamlara, mədəni-mənəvi irsimizin dağıdılmasına siyasi-hüquqi qiymət verməyə, həqiqəti yanlışdan seçərək ədalətin yanında olmağa və bu qərəzli qətnaməni ləğv etməyə çağırırıq".

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıb.

Qeyd edək ki, bu günlərdə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Sənəddə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılır. Qətnamənin mətninə baxdıqda bunun Avropa Parlamentində, yoxsa “Baqramyan 33”də hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar o qədər absurd və yalandır ki, bunu yalnız illərdir dünyanı öz yalanlarına dolayan və dünyanın da nədənsə həvəslə yalanlarına “aldandığı” ermənilər yaza bilərdilər. Buna cavab olaraq Azərbaycanın bir sıra QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb. Bəyanatda göstərilir ki, Azərbaycana qarşı olan ikili standartlar, rasist xarakterli yanaşmalar və İslamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil edib. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsi Azərbaycana qarşı növbəti riyakarlıq kimi qiymətləndirilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR