Onlayn ictimai-siyasi qəzet
“Dilim-dilim olasan, ay dilim, dedim dinmə. Dilim dedi: dinməz idim, dindirdilər dindim mən”.
(yanıltmac)
“Ana dili ana qədər doğma, əziz və dəyərlidir”, - deyə bildirən akademik Rafel Hüseynov ana dilinin saflığının qorunması və gələcək nəsillərə ötürülməsinin önəminə toxunub. O, dilimizi yad ünsürlərdən qorumağın, dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd edib, Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib".
Girişdə verdiyim bu uzun sitatı hörmətli akademiyamızın saytından götürmüşəm və nöqtəsinə-vergülünə toxunmadan çap edirəm. Orada dəxi hörmətli Rafael müəllimin adını da niyə “Rafel” şəklində yazıblar, bu haqda hər hansı informasiyam yoxdur. Bəlkə ana dili bayramı münasibətilə akademik öz adını dəyişib azərbaycanca etmək qərarına gəlibdir, bu barədə mənbələrimiz susur.
Sitatın mənasına gələndə, sən demə, dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Mənim ana dilim - mənim kimliyim” adlı ədəbi-bədii tədbir keçirilibdir. Tələbələr şeir deyib, manıslar oxuyub, əl çalıblar, ana dilimizə təriflər söylənib və sairə. O hissə də muzeyin direktoru Rafael müəllimin çıxışından sitat idi. Güman edirəm AŞ PA-da fəaliyyəti donandan sonra Rafael müəllim muzeydə daha aktiv çalışacaqdır. Xalqımıza xeyirli olsun, amin!
Ancaq işin anekdot tərəfləri vardır. Örnək üçün, ana dilimizdə bir cümləsi də tapılmayan Nizami müəllimin adını daşıyan muzeydə ana dilini qutlamaq nə dərəcədə yerinə düşür? Lap hesab edək düşür. Gərək Çingiz Abdullayevi də çağırıb giriş sözünü ona verəydilər. Sadəcə, Rafael müəllimin ana dilimizin sağlığına söylədiyi tostda ana dilimiz nə dərəcədədir, bunun özü məni bir az düşündürdü. Mənasını sonra yazaram. İndilik gəlin sayın akademikin çıxışındakı bu cümləyə təkrar göz yetirək: “O, dilimizi yad ünsürlərdən qorumağın, dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd edib, Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib”.
Bu cümlədə 22 sözdən istifadə edilmişdir və çox təəssüf ki, bu sözlərin yarıdan çoxu - düz 12 dənəsi alınma sözdür, analarımıza qəti dəxli yoxdur. İnanmırsınızsa, adbaad yazıram: yad - farscadır, ünsür, tədris, məsələ, ciddi, zəruri, qeyd, beynəlxalq, münasibət, tədbir, iştirak, təbrik isə ərəbcədən gəlmə sözlərdir. Qalan 10 sözdən isə “dil” sözü cümlədə 3 dəfə təkrarlandığı üçün əslində bu 22 sözlük cümlədə ana dilimizdə cəmi 7 söz var!
İndi mən sizdən soruşuram: belə ana dili olarmı? Mənim anam ərəb və ya fars qızı (bütün ərəb və fars analara hörmətimlə) deyil. Bu cümlədəki “azərbaycan dili” sözlərini də mənə o öyrətməyib, dərslik və sairə kitablardan oxumuşam. Mən anamla danışandə heç vaxt “tədris”, “beynəlxalq”, “ünsür”, “münasibət” tipli ürək bulandırıcı (orfoepiyasına görə) sözlər işlətməmişəm. Fikirləşib bəlkə yerinə sözlər taparam, ancaq niyə mən? Bu iş üçün dövlətdən pul alan çoxlu idarələr var. Hətta dil komissiyası da olmalıdır. Əziz yoldaşlar, əgər biz dilimizdə islahat aparmasaq, bu dilin axırı yoxdur.
Məktəblilərin oxuduğu mətni anlamadığını hətta təhsil naziri etiraf etmişdi. Haqlı olaraq. Belə dili necə anlayasan? Bu saxta, süni, qurama dildir. “Ədəbi dil” adıyla zorla xalqın ağzına soxmağa çalışırıq, xalq da istəmir, çünki onun belə dili yoxdur. Yazmaq istədiyim məna bu idi.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ