İnsanlara hürriyət, millətlərə istiqlal!

Dezinformasiya və dezinfeksiya arasında

Hansısa bambılı teleaparıcı zəhmətkeşlərimizi Hindistan istehsalı olan vaksinlərdən uzaq durmağa çağırıbmış. Bu “məntiqlə”: Hindistan düşmənlərimiz olan ermənilərə silah satır, ona görə biz əziz balalarımızı gərək oranın vaksinlərinə etibar etməyək. Bir tanınmış pediatr da haqlı olaraq bu vəziyyətə etiraz edib, deyir vaksin vurulmayan uşaqlar öləcəksə onların ölümündə həmin aparıcının əli var, gərək aparıcı cəzalansın.

Burada məsələyə iki mövqedən yanaşmalıyıq. Birincisi, doğrudan da camaat efirdən eşitdiyi söhbətlərə fanatikcəsinə inanır. Hərçənd, efirə etibarsızlıq da fanatikcəsinədir. Necə deyərlər, adamına baxır. İkincisi, əgər biz uşaqlara vurulan pulsuz peyvəndlərin seçilib alınmasını dövlətə, onun nazirlik və idarələrinə etibar eləmişiksə, hər hansı aparıcı bu istiqamətdə donquldanarkən ünvanı düz seçməlidir. Sözün var, hökumətə de. Yoxdursa, sus. Hindistanın ermənilərə silah satmağına gələndə, həmin məntiqlə bizim gülməşəkər aparıcılar fransız ətirlərini də tualetə axıtmalıdır, sabahdan yerli Sumqayıt zavodlarının istehsalına keçməlidir. Vətənpərvərlik təkcə kasıblar üçün deyil.

Hindistan dünyanın ən böyük dərman bazarlarından biridir, bu işdə təbiətin rolu var. Ərazinin harasına baxsan, cürbəcür ot-mot, ağac-uğac, heyvan, nə bilim, mineral taparsan, bunlar da dərman istehsalı üçün xammaldır. Sadəcə, yuxarıda yazdığım kimi, hər dərmanın pisi də ola bilər, yaxşısı da. Onu düzgün seçib gətirmək, almaq, dərman bazarını tənzimləmək hökumətin borcudur. Yox, əgər sən aparıcı olaraq hökuməti xalqın uşağına saxta vaksin vurmaqda suçlayırsansa, bu başqa məsələ. Zəhmət çək, isbat elə. Laqqırtı vurma.

Ancaq problem təkcə pediatr-aparıcı dartışması müstəvisində getmir, daha dərindir. Məsələn, bugünlərdə bəzi kadrlar görürük: əlində dezinfeksiya qurğuları tutmuş maskalı, kombinezonlu zəhmətkeşlər hansısa ictimai binaların içində maddə püskürdürlər. Deyilir ki, filan rayondakı behman məktəbdə qızılca əleyhinə dezinfeksiya işləri aparılmışdır. Bax, bu hərəkət antipeyvənd hərəkatına qoşulan cahil teleaparıcının çərənləməyindən mahiyyətcə fərqlənmir. Niyə? Çünki elmi baxımdan qızılca virusunun əşyalar, səthlər üzərində 3-4 saatdan çox sağ-salim qalmadığı məlumdur. Sonra virus cəhənnəmə vasil olur, çıxır gedir. Daha texniki izah etsəm, örnək üçün, hesab elə məktəbdə Əhməd kişinin oğlu Məmməddə qızılca tapılıb. Uşaq evə gedib, üstündən bir sutka sonra gəlib məktəbi məhlulla püskürtməyin hər hansı mənası yoxdur. Qızılcaya yoluxan uşağı başqa uşaqlardan ayırmaq – vəssalam, başqa üsullar elmi deyil. Qızılca yalnız hava-damcı yoluyla yayılır, əşyalar üzərində qalmır, insan olmayan məkanda 3-4 saata öz-özünə məhv olur. Peyvəndi isə ən etibarlı mübarizə üsuludur – 95 faizdən çox qoruyur. Qızılca peyvəndi dünyanın ən güclü peyvəndlərindən sayılır.

Biz buna bənzər, heç bir elmi əsası olmayan “tədbirləri” COVİD-19 epidemiyası vaxtı da görmüşdük. Yadınıza gələr, maşınlar şəhərin küçələrini dezinfeksiya edirdilər. Hətta öncədən elan edilirdi ki, filan küçələrə dərman səpiləcək, küçəyə çıxmayın. Bir dəfə helikopterdən dərman səpiləcəyi şaiyəsi yayılmışdı. Yol və küçələri kovid əleyhinə dərmanlamaq, ədalət naminə, təkcə bizdə deyildi, yanılmıramsa bəzi başqa dövlətlərdə də bu cür tragikomik tədbirlərə əl atılmışdı. Müdriklər demiş, qorxunun gözü böyük olar. Lakin bizim başbilənlərə bu cür görüntülü, reklam xarakterli, propaqanda məzmunlu (“İşləyirik!”) aksiyalar daha çox xoş gəlmişdi, uzun müddət tətbiq elədilər. Nəticədə biz indiyəcən Bakıda yol qıraqlarında kovid virusu leşlərinə rast gəlirik. Küçəmizdə bir kovid virusu indiyəcən səkinin qırağında yaşayır, hərdən yanından keçəndə üstünə tüpürürəm, ölməsin deyə.

10 mindən çox insanımız ölməsəydi, əslində o əhvalatlar gülünc idi. Manıslar demişkən, biz nələr gördük bu yaşımızda...

Məktəblərdə uşaqlara dövlət hesabına yemək verilməlidir. Uşaq pulu verilməlidir. Bizim uşaqlar kasıbçılıq üzündən qan azlığından əziyyət çəkir, düzgün boya-başa çatmır. Analar anemiya, uşaqlar avitaminoz... Viruslar qarşısında aciz qalmağın səbəbləri (həm də) bunlardır. Dezinfeksiya dezinformasiya şəraitində işləmir. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR