İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəyişməyən Ermənistanın yenilənən makiyajları - ŞƏRH

Ermənistan hakimiyyəti dəyişmək istəmir. Son dövrdə baş verənlər bunu bir daha isbatlayır. Dedikləri sözlərə qarşı çıxmaq rəsmi İrəvanda adətə çevrilib.

Dekabrın 13-də Moskva şəhərində Avrasiya İqtisadi İttifaqı (Aİİ) hökumətlərarası Şurasının 41-ci toplantısı keçirilir. Ermənistanın baş naziri Nikol Paşinyan da bu tədbirdə iştirak edir. Halbuki dekabrın 10-da “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin dəstəklənməsi üçün toplanan 52 min 351 imza Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Məsələ parlamentdə müzakirə edildikdən sonra referenduma da çıxarıla bilər. Odur ki, rəsmi İrəvan bununla “bir əlində iki qarpız tutur”. Belə yanaşma ilə o, mövqesizliyini nümayiş etdirir.

Nikol Paşinyan hökumət başçısı olmazdan əvvəl ölkəsinin Aİİ-dəki üzvlüyünü sərt tənqid edir, bildirirdi ki, bunun əhəmiyyəti yoxdur.

Rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibəti oxşar vəziyyətdədir. Ancaq Ermənistan hökuməti bu təşkilatlardan imtina edə bilmir. Deməli, rəsmi İrəvan üçün dəyişmək, yenilənməklə bağlı açıqlamalar ciddi sayılmır.

Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması üçün əsas şərtlər açıqdır. Rəsmi Bakı və Ankara İrəvandan konstitusiyasını dəyişməsini istəyir. Çünki bu əsas qanunda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə yanaşı, qondarma soyqırımı hikkəsi də yer alıb.

Ermənistan rəsmiləri konstitusiyanı dəyişəcəklərini, islahat aparacaqlarını bildiriblər. Bunun ardınca onlar Azərbaycan Konstitusiyasına qarşı şər kampaniyasına başlayıb. Baş nazir Nikol Paşinyan bu təbliğatın uğursuz olduğunu görəndən sonra guya bu iddianı qaldırmayacaqlarını bildirmişdi.

Dekabrın 4-də o, parlamentdə suallara cavab verərkən bildirib ki, ölkədən xaricdəki bütün “tarixi-mədəni abidələrin” qorunması, müdafiəsi və inkişafı üçün Ermənistan hökuməti borclu deyil.

Belə bir şəraitdə o, ABŞ-nin İrəvandakı səfirliyinin bu məsələyə müdaxilə etməsinə imkan və şərait yaradır. Ştatların Ermənistandakı səfirliyi mədəni irsin qorunması üzrə proqram açıqlayıb. Həmin proqramda Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk etmiş erməni sakinlərlə bağlı “qeyri-maddi irsə diqqət yetirmək, mədəni irsi qoruyan layihələr” üçün təkliflərin verilməsinə çağırışı edilib. Bu proqrama 500 min dollaradək vəsait ayrılıb.

Ermənistan hökuməti bu məsələyə göz yummaqla ölkə ərazisində başqa dövlətin işlərinə, onun mədəni məsələlərlə bağlı suverenliyinə müdaxiləyə şərait yaradır.

Bu da rəsmi İrəvanın ənənəvi səbatsızlığına daha bir örnək sayılır.

Burada həm səfirlik, həm də Ermənistan hökuməti eyni dərəcədə beynəlxalq norma və hüququ pozur. Səfirlik erməni sakinlərə maliyyə yardımı vermək istəyirsə, buna başqa bəhanə də tapa bilər. Ancaq Azərbaycana qarşı erməniləri qızışdırmaq iki ölkə arasında sülh və normallaşma prosesinə süni mane yaratmaq cəhdidir.

Oktyabrın 31-də Ermənistan parlamentində 2025-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunan zaman xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması başçılıq etdiyi qurumun prioritet məsələləri siyahısına daxil deyil. Yəni dövlət büdcəsindən bu məsələnin təbliğatı və s. işlərinə maliyyə vəsaiti ayrılmayacaq.

A.Mirzoyanın sözlərinə görə, prioritet məsələlərin siyahısına Bakı ilə münasibətlərin nizamlanması, sülh sazişinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması daxildir.

Ancaq dekabrın 12-də İrəvanda “Soyqırımı cinayətinə qarşı” 5-ci qlobal forumu bu məsələdə də İrəvanın dəyişmək istəyinin olmadığını təsdiqləyir. Toplantıda A.Mirzoyan da çıxış edib. O, tədbirdə Türkiyəyə ənənəvi şər-böhtan iddiaları irəli sürməyib. Bununla belə, Ermənistanın törətdiyi soyqırımı cinayətlərinə görə hələ də cavab verməyib, cəzalanmayıb. Bu baxımdan, tədbirin İrəvanda keçirilməsi məntiqsizlikdir.

Tədbir keçirildiyi ərəfədə Ermənistanla Türkiyə nümayəndələri görüşüb. Rəsmi İrəvanın Danışıqlar üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan bildirib ki, Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları müzakirə ediblər.

Bir tərəfdən Azərbaycan və Türkiyə ilə normallaşmadan danışan, o biri tərəfdən isə onlara qarşı fəaliyyətini müxtəlif qalpaqlar altında gizlədən Nikol Paşinyan komandası dəyişənə və doğru yol istiqamətində düzələnə oxşamır.

Bu, onu da göstərir ki, Ermənistan hakimiyyəti kosmetik olaraq özünü dəyişməyə səy göstərir. Başqa sözlə, üzünə makiyaj edir. O, Azərbaycan və Türkiyə ilə bağlı məsələlərdə bir, Rusiyaya münasibətdə başqa cür, Avropa İttifaqı məsələsində isə tamam fərqli "meykap" edir.

Ermənistan iddialarından əl çəkməklə dəyişə bilər. Bunun üçün onun sözdə deyil, əməldə yüz ildən artıq erməni cəmiyyətinin beynini yumuş hikkə və iddialardan əl çəkməsi zəruridir. Əks halda, onun dəyişməsi, yenilənməsi mümkün görünmür.

Sədrəddin İsmayılov,
Report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR