Onlayn ictimai-siyasi qəzet
Qızıl, pomidor və pambıq lifi - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2 milyard 9 milyon dollar təşkil edib
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2 milyard 9 milyon dollar təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın avqust sayına əsasən, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artım deməkdir.
İcmala görə, hesabat dövründə yeyinti məhsullarının ixracı 23,9 faiz artaraq 689 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 milyon dollar və ya 55,1 faiz, meyvə-tərəvəz 122,6 milyon dollar və ya 31,9 faiz, kimya sənayesi məhsulları 45,2 milyon dollar və ya 30,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon dollar və ya 19,1 faiz, pambıq iplik 2,6 milyon dollar və ya 18,2 faiz, çay 317 min dollar və ya 8,8 faiz artıb.
Cari ilin yeddi ayında aqrar məhsulların ixracı 27,9 faiz artaraq 551,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 7,3 faiz artaraq 178,8 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1 faiz artaraq 730,2 milyon dollar təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (178,8 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (156,9 milyon dollar) ikinci, pambıq lifi (108,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (48,5 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (33,9 milyon dollar) ikinci, daş kömür qatranının yüksək temperaturlu qovulmanın təmizlənməmiş digər yüngül yağları və məhsulları (13,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin yeddi ayında qeyri-neft məhsullarının əsas ixrac bazarı yenə Rusiya olub - 716,6 milyon dollar. İkinci yerdə gələn Türkiyəyə 339,7 milyon dollar, İsveçrəyə 186,6 milyon dollar, Gürcüstana 183,4 milyon dollar, Ukraynaya isə 109,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Göründüyü kimi, Azərbaycanın münasibətləri getdikcə soyuyan Rusiya qeyri-neft, əsasən isə kənd təsərrüfatı məhsullarımızın əsas ixrac bazarı olaraq qalır. Rəsmi statistikaya əsasən, bu ilin birinci yarısında ixrac olunan 134 375,69 (149 milyon 26,32 min dollar) ton pomidorun 129 810,52 tonu(141 milyon 850,01 min dolları) Rusiyaya satılıb. Təxminən eyni vəziyyət alma, nar, xurma və digər məhsullarda da var. Təsadüfi deyil ki, Rusiyada Azərbaycanın “cəzalandırılması” üçün ilk təklif kimi kənd təsərrüfatı məhsullarının, xüsusilə də pomidorun idxalına qadağa qoyulması irəli sürülür. Son bir həftədə bu çağırışlar Azərbaycan Prezidenti İlham Əliyevin 1920-ci ildə ölkəmizin Rusiya tərəfindən işğal olunması faktını dilə gətirməsindən sonra daha da çoxalıb.
Qeyd edək ki, AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra ölkələr arasında yaranan soyuqluq fonunda qarşı tərəfdən Azərbaycan məhsullarının idxalına ciddi bir maneə yaradılmayıb. Yalnız may ayında 60 tondan yuxarı pomidor və nektarində zərərvericilər aşkarlandığına dair "Rosselxoznadzor" tərəfindən irəli sürülən iddialar əsasında Rusiyaya idxalına imkan verilməyib. İyunda belə faktlar olmayıb. Bir qayda olara iyuldan etibarən Rusiyanın cənub regionlarında istehsal olunan pomidor bazara daxil olduğuna görə xaricdən idxal demək olar ki, dayandırılır. Azərbaycanda da pomidor ixracı minimuma düşərək, bir də oktyabrdan - istilikxana məhsulları yetişməyə başlayanda artır. Rusiya ilə münasibətlərdəki gərginlik o vaxta qədər yumşalmasa, Moskvanın “pomidor kartı”ndan istifadə edəcəyi istisna olunmur. Təcrübə göstərir ki, Rusiya hakimiyyəti siyasi məqsədlərinə çatmaq üçün daxili bazarda qiymət bahalaşması, əhalinin xərclərinin artması kimi amillərə əhəmiyyət vermir. Bu baxımdan, ölkə bazarında 30 faizə qədər payı olan Azərbaycan pomidorunun idxalının dayandırılması çətin olmayacaq.
Onu da qeyd edək ki, iyul-avqust aylarında pomidor ixrac olunmasa da, Rusiyaya Azərbaycandan alma və şaftalı-nektarin ixracı record səviyyədə artıb. İstehsalçılardan aldığımız məlumata görə, iki ayda almanın Rusiyaya ixrac qiyməti kəskin artaraq 3 manata yüksəlib. Bildirilir ki, Rusiyaya alma ixrac edən digər ölkələrdə bu il hava şərtlərinə görə məhsul yığımında kəskin azalma qeydə alındığına görə hazırda Rusiya bazarının mühüm hissəsi Azərbaycandan təmin olunur. Azərbaycanın meyvə istehsalçılarına görə, bu səbəbdən də Rusiya ölkəmizdən alma idxalına hər hansı problem yaratmır.
Qeyri-neft ixracında ilk üçlükdə yer alan məhsullardan qızılın əsas ixracatçısı "AzərGold" QSC-dir. İxrac icmalından aydın olur ki, onun ixrac gəlirləri illik ifadədə 2,3 dəfə artıb: 2024-cü ilin yanvar-iyul aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 55,1 milyon dollar təşkil etmişdi.
Yanvar-iyulda Azərbaycanda 2533,5 kq gümüş, 1862,7 kq qızıl istehsal edilib. Gümüş istehsalı illik ifadədə 32,9 faiz, qızıl istehsalı isə 49,2 faiz artıb.
Rəsmi statistikadan aydın olur ki, qızılımız əsasən emal olunmamış formada İsveçrəyə göndərilir, oradan emal olunaraq geri qaytarılır.
Yeri gəlmişkən, “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarından aydın olur ki, ötən il də qızıl hasilatçısı üçün uğurlu olub. Belə ki, ümumilikdə, 2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə 35 faiz artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qiymətlilərin satış həcmi 9 faiz artaraq, 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil edib.
2024-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətini xarakterizə edən EBITDA göstəricisi 27.5 faiz artaraq 89.88 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2023-cü illə müqayisədə hesabat ilində 21.3 faiz artaraq 33.02 milyon ABŞ dolları təşkil edib.
Azərbaycanda qızıl hasil edən digər şirkət olan Böyük Britaniyanın qızıl, “Anglo Asian Mining” (AAM) şirkəti də bu ilin ilk yarısında qızıl hasilatını kəskin artırıb. Şirkətin yaydığı məlumata görə, bu dövrdə qızıl hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıraraq 12 115 unsiyaya çatdırıb. Hesabata əsasən, cari ilin II rübündə qızıl hasilatı 6 086 unsiya təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir (2024-cü ilin ikinci rübündə 2 438 unsiya). Şirkətin ümumi hasilatı isə 8 293 qızıl ekvivalent unsiyası olub.
Artıma əsas səbəb may ayında istismara verilmiş Gilar mədəni olub. Qeyd edilir ki, Gilar yatağından rüb ərzində 106 510 ton filiz hasil edilib. Filizin orta tərkibi 1,23 qr/t qızıl və 0,84 faiz mis təşkil edib. Şirkət hesabat dövründə ümumilikdə 9 781 unsiya qızıl külçəsi satıb. Satışların orta qiyməti 3 077 ABŞ dolları olub.
Yeddi ayda qeyri-neft ixracımızda üçüncü böyük paya malik “ağ qızıl” - pambıq mahlıcının ixrac bazarı baxımından Rusiyadan asılılıq yoxdur. Gömrük statistikasına görə, bu ilin ilk 7 ayında Azərbaycandan 109,7 milyon dollar həcmində 76 min 286 ton pambıq lifi ixrac edilib. Bu isə o deməkdir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 16,7 milyon dollar və ya 13,2 faiz, miqdar baxımından isə 6 min 76 ton və ya 7,3 faiz azalıb. Xatırladaq ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 126,4 milyon dollar dəyərində 82 min 360 ton pambıq lifi ixrac olunmuşdu. Bu ilin ilk 7 ayında Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2 manat 45 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 61 qəpik idi. Bu da illik müqayisə ilə 16 qəpik və ya 6,1 faiz ucuzlaşma deməkdir (Fed.az).
Maraqlıdır ki, ixrac azalsa da, mahlıc istehsalında artım var. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 7 ayda Azərbaycanda 47721,6 ton pambıq mahlıcı istehsal olunub ki, bu da 2024-cü ilin eyni dövründəkindən 32,1 faiz çoxdur.
Pambığın emalından əldə olunan iplik istehsalı və ixracında da artım var. Bu ilin 7 ayında Azərbaycandan 17 milyon dollar həcmində 7 min 282 ton pambıq iplik ixrac edilib. Pambıq iplik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,6 milyon dollar və ya 18,2 faiz, miqdar ifadəsində isə 1 min 603 ton və ya 28,2 faiz artıb. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi pambıq ipliyin 1 kiloqramının orta ixrac qiyməti 3 manat 97 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 32 qəpik idi. Bu da illik müqayisə ilə 35 qəpik və ya 8,1 faiz ucuzlaşma deməkdir.
Dünya SAKİT,
“Yeni Müsavat”
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ