İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir sammitin ortaya çıxardığı gerçəklər

Azərbaycanla Çin arasında imzalanmış sazişlər iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti başa çatdı. Bu sammit təşkilatın indiyə qədərki ən böyük tədbiri idi. Sammitdə 20-dən çox ölkənin, o cümlədən təşkilatın 10 üzvü, 2 müşahidəçisi, 14 dialoq ortağı olan ölkələrin rəhbərləri iştirak etdi.

Heç şübhəsiz ki, sammitdə əsas diqqətlər bir sıra ölkələrin rəhbərlərinə yönəlmişdi. O sırada isə Azərbaycan Prezidenti İlham Əliyev öndə gəlirdi. Xüsusilə 8 avqustda Vaşinqtonda əldə olunan paraflanma sənədindən sonra Azərbaycan və Ermənistan rəhbərləri ilk belə böyük tədbirdə iştirak edirdilər. Onların xanımları ilə birlikdə etdikləri ayaqüstü söhbət diqqətləri çəkdi. Sonra isə ölkə başçısı ilə erməni baş nazir arasında bir görüş də baş tutdu. Məhz bu görüşdən sonra da ATƏT-in Minsk Qrupunun rəsmi şəkildə buraxıldığı bəyan edildi. 

Heç şübhəsiz ki, son aylardakı gərginliklər fonunda Azərbaycan və Rusiya prezidentlərinin görüşünün baş tutub-tutmayacağı əsas müzakirələr sırasında idi. Lakin sammitin keçirildiyi günlərdə ayaqüstü olsa belə, bu görüş olmadı. Bu da özü ilə yeni müzakirələr yaratdı.   

Prezidentin sammitdəki çıxışı da diqqətlə izlənildi. İ.Əliyev çıxışında daha çox Azərbaycan-Çin əlaqələrinə diqqət ayırdı. Ölkə başçısı Azərbaycanın regionda Çinin etibarlı tərəfdaşı olduğunu qeyd etdi. İ.Əliyev bildirib ki, bu il Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə birgə bəyanat imzalanıb və bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açıb.

Azərbaycan Prezidentinin son zamanların əsas müzakirə mövzularından birinə çevrilən Zəngəzur dəhlizi barədə dedikləri də xüsusi diqqət çəkib. Sitat: “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezidentin köməkçisi Hikmət Hacıyev görüşün nəticələrini “səmərəli” adlandırıb. Onun sözlərinə görə, Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir.

Hikmət Hacıyev bildirib ki, iki ölkə beynəlxalq təşkilatlarda bir-birinə dəstək göstərir, terrorizm, ekstremizm və separatizm kimi “üç bəlaya” qarşı mübarizədə tərəfdaşlıq edir. O vurğulayıb ki, Azərbaycan və Çin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiqdir və hər bir ölkənin iqtisadi inkişaf modelini seçmək hüququna hörmət edir.

Azər Badamov 10 gün əvvəl də Rusiyada səfərdə olubmuş

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov dedi ki, Prezidentin ŞƏT+ formatında keçirilən 24-cü Zirvə toplantısında etdiyi çıxışa ilk növbədə Azərbaycan-Çin münasibətlərindən başlaması xüsusi əhəmiyyət daşıyır.  Çünki bu, Azərbaycanın dünyanın ikinci iqtisadiyyatı, Qlobal Cənubun birinci dövləti ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə malik olduğumuzun dünyaya mesajıdır: “Dövlət başçımız Çinin irəli sürdüyü bütün qlobal təşəbbüsləri dəstəklədiyini bildirdi. Çinin təşəbbüsləri BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış addımlardır. Çin dünyanın ən güclü dövlətlərinin zirvəsində dayanmasına baxmayaraq bəzilərindən fərqli olaraq özünü üstün tutmur və münasibətləri qarşılıqlı hörmət və ədalət prinsipləri üzərində qurur.

Dövlət başçımızın çıxışında “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır” deməsi əlbəttə ki, yaratdığımız yeni reallıqla regionumuzun təhlükəsizliyinin yeni arxitekturasını yaratmaqla Çinin qlobal təşəbbüslərini reallıqda dəstəkləyir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyərək real töhfələr verən ilk ölkədir. Bu baxımdan dövlət başçımızın çıxışında Şərq-Qərb və Şimal-Cənub nəqliyat dəhlizlərinin beynəlxalq  tranzit dəhlizlərin ərsəyə gəlməsinə verdiyimiz töhfələr və Orta dəhlizin genişləndirilməsi istiqamətində atdığımız davamlı addımlarımız haqqında məlumatın verilməsi ŞƏT+ ölkələrin rəhbərlərinin logistik potensialımıza diqqətinin çəkilməsidir. Azərbaycanın Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma gücünü 15 milyon tondan 25 milyon tona, Bakı-Tiflis-Qars dəmir yolunun yük keçirmə gücünü 1 milyon tondan 5 milyon tona artırması Orta dəhlizə beynəlxalq marağı artırıb və daşımalardakı 90% artım bunu bir daha təsdiq edir.  Zəngəzur dəhlizinin açılması Orta dəhlizin bir seqmenti olaraq əlavə 15 milyon tondan çox beynəlxalq tranzit yük daşıma imkanını ərsəyə gətirəcək və bu da Asiyadan Avropaya qədər böyük bir coğrafiya üçün daha səmərəli daşıma imkanlarının yaranması deməkdir. 

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələrdən soraq verir. Azərbaycanla Çin arasında imzalanmış sazişlər iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Yaxın gələcəkdə Azərbaycanın Çinlə yeni strateji iqtisadi əlaqələr quracağına indi heç kim şübhə ilə yanaşmır. Çünki iki dövlət arasındakı ticari-iqtisadi əlaqələrin bugünkü səviyyəsi, əlaqələrin yüksələn xətlə sürətli inkişafı bunu deməyə əsas verir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR