İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərman alarkən diqqətli olun - apteklərdə şok yoxlamalar

Səhiyyə Nazirliyi reydlərə başlayıb və 48 obyektdə nöqsan aşkarlanıb; bazara müxtəlif yollarla daxil olmuş dərmanlar var - əhaliyə çağırış

2025-ci ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilib. Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb. Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Məlum olduğu kimi, dərman vasitəsinin keyfiyyətinin təminatı üçün keyfiyyətə nəzarət istehsal prosesindən başlayaraq pasiyentə gedən yol boyunca hər mərhələdə aparılmalıdır. Bu baxımdan çox vacib olan birinci mərhələ - istehsalat prosesinə nəzarətdir. Bazara çıxarılmadan öncə dərman vasitəsinin keyfiyyətinin yoxlanılması da mühüm rol oynayır. Belə olan halda, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa görə, dərman vasitəsi ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir.

Apteklərdə yoxlamaların intensivləşməsi də maraqlı haldır. Bunun səbəbi nə ilə bağlıdır?

Qeyd edək ki, Azərbaycanda əhalinin dərman vasitələrinə çıxışı, apteklərin fəaliyyəti və dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar uzun illərdir ki, aktuallığını saxlayır. Bu sahədə mövcud olan problemlər təkcə sosial şəbəkələrdə və mediada deyil, həm də peşəkar mütəxəssislər və ekspertlər tərəfindən də mütəmadi olaraq gündəmə gətirilir. Məsələnin ciddiliyini isə onun birbaşa insan sağlamlığına və həyatına təsir etməsi şərtləndirir. Əhalinin ən çox narazı qaldığı məsələlərin başında dərmanların qiymətləri dayanır. Eyni tərkibli dərman vasitələrinin qonşu ölkələrdə, xüsusilə Türkiyə və Gürcüstanda daha ucuz qiymətə satılması Azərbaycandakı süni qiymət artımına dair suallar doğurur. İdxaldan asılı olan dərman bazarında qiymətlərin vahid şəkildə tənzimləndiyi bildirilsə də, praktika fərqli mənzərə ortaya qoyur. Bəzi dərmanların qiyməti bir aptekdə fərqli, digərində isə daha yüksək olur. 

Dərmanların keyfiyyəti və təhlükəsizliyi isə daha ciddi və birbaşa sağlamlığa təsir edən problem kimi qalır. Bazarda mərkəzin rəyindən keçməyən, qeyri-qanuni yollarla idxal edilən və keyfiyyəti şübhə doğuran preparatlara rast gəlinir. Bu dərmanların satışa çıxarılması isə həm istehlakçı hüquqlarını pozur, həm də ciddi tibbi fəsadlar yarada bilər.

Apteklərdə çalışan bəzi əməkdaşların dərman vasitələri barədə kifayət qədər biliyə malik olmamaları da problem kimi qeyd edilir. Xəstələrə düzgün məsləhət verilməməsi, əks göstərişlər barədə xəbərdarlıq edilməməsi son nəticədə vətəndaşın səhv dərman istifadəsinə və sağlamlıq problemlərinə səbəb ola bilər. Bu sahədə farmasevtik təhsilin və ixtisasartırma proqramlarının genişləndirilməsi vacibdir.

Əlavə bir narahatlıq doğuran məsələ isə aptek şəbəkələrinin tədricən monopoliyaya çevrilməsidir. Böyük aptek şəbəkələrinin bazarda dominantlıq etməsi kiçik və müstəqil aptekləri sıxışdırır, bu isə rəqabətin azalmasına və qiymətlərin süni şəkildə artmasına gətirib çıxarır. Rəqabətin azaldığı yerdə isə nə qiymət, nə keyfiyyət, nə də xidmət sahəsində inkişaf gözləmək mümkündür.

Azərbaycanda dərman vasitələrinin dövriyyəsi və aptek fəaliyyəti ilə bağlı problemlər kompleks xarakter daşıyır. Problemlərin aradan qaldırılması üçün bir sıra addımların atılması zəruridir. Bunlar ilk olaraq dərmanların qiymət tənzimlənməsində şəffaflığın artırılması, bütün dərmanların Analitik Ekspertiza Mərkəzindən keçməsi üçün ciddi nəzarət mexanizmlərinin yaradılması, apteklərdə saxlanma şəraiti və ixtisaslı kadrlarla təminat məsələlərinə ciddi yanaşılması, aptek şəbəkələrində rəqabət mühitinin qorunması və inhisarçılığın qarşısının alınması, qanunsuz dərman satışının qarşısını almaq üçün vaxtaşırı reydlərin keçirilməsi və nəticələrinin ictimaiyyətə açıq şəkildə təqdim olunmasından ibarətdir.

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi

Adil Qeybulla 

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Biz dərman idxalından asılı bir ölkəyik. Əksər dərmanları xaricdən idxal edirik. Təbii ki, bu dərmanların təhlükəsizlik parametrləri çox önəmlidir. Hazırda Azərbaycanda peşəkar Analitik Ekspertiza Mərkəzi yaradılıb və dərmanların ekspertizasını həyata keçirir. Bu mərkəz dərmanların tərkibində olan təhlükəli inqridiyentlərin mövcudluğunu müəyyən edir. Həmin dərmanların tərkibində hansı elementlərin olduğunu aşkar edir. Nəticədə dərmanlarla bağlı təhlükəsizlik sertifikatı təqdim olunur və biz də bundan istifadə edirik. Mərkəzin verdiyi rəy çox önəmlidir. Aptek şəbəkələri isə birbaşa dərmanların dövriyyəsinə cavabdeh olan strukturlardır. Apteklərdə dərmanların düzgün saxlanılması, onların saxlanma müddəti bitdikdən sonra utilizasiyası, eləcə də saxlanma qaydalarına əməl olunması vacibdir.

Bəzi dərmanlar müxtəlif dolablarda, sərin yerdə, soyuducuda və ya otaq temperaturunda saxlanılmalıdır. Elə dərmanlar da var ki, yalnız soyuq şəraitdə saxlanmalıdır, əks halda, isti mühitdə inaktivasiya olunur və sonradan heç bir təsiri qalmır.

Bununla yanaşı, bazara müxtəlif yollarla daxil olmuş, Analitik Ekspertiza Mərkəzindən keçməmiş və aptek şəbəkələrində satışa çıxarılmış bəzi dərmanlara da rast gəlinir. Növbədənkənar reydlər zamanı bu hallar bəzən aşkara çıxarılır. Hesab edirəm ki, bu cür reydlər apteklərin məsuliyyətini artırır. Əgər apteklər öz işlərini düzgün qursalar, bütün bu proseslərə əməl etsələr, dərman dövriyyəsi prosesinin mahiyyətini tam anlayaraq ona riayət etsələr, bu cür problemlər də yaranmaz".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR