İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərin narahatlıq - Təhlil

Emosionallıq siyasətdə olduqca zərərli təzahürdür. Çox vaxt siyasi rəqibin təxribatları da məhz əks tərəfin emosional tarazlığını itirməsinə hesablanıb. Ancaq insan öz “təbiəti”ndən qaça bilməz. Həyatımızda baş verən hər bir görüş, təmas və ünsiyyət ilk növbədə emosional hadisələrdir. Təsadüfi deyil ki, bəzən bizim həqiqi xüsusiyyətlərimizi büruzə verən əsas amil də məhz baş verən müxtəlif hadisələrə göstərdiyimiz təpki və reaksiyalardır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər siyasi elmlər üzrə fəlsəfə doktoru A.Adilin “Dərin narahatlıq” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin “Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığımızı ifadə edirik” açıqlaması qeyri-ixtiyari şəkildə emosional reaksiyama səbəb olub. Özünün dünyanın taleyini həll etmək iqtidarında olduğunu hesab edən “super dövlət” və beynəlxalq təşkilatların ritorikasında tez-tez rast gəlinən “dərin narahatlıq” ifadəsi nədənsə daha çox “konkret bölgələrin “ağrılı nöqtəsini” tapmışıq və həmin məsələyə öz milli marağımıza uyğun şəkildə baxa bilərik” anlamına gəlir.

Qeyd olunan konteksti inkişaf etdirərək prinsipial olaraq Prezident İlham Əliyevin çıxışından növbəti sitatı gətirmək istərdim: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir”. Bu cür bəyanatların və bu cür mövqeyin sərgilənməsinin əsl mənbəyi məhz siyasi iradə, öz xalqına arxayınlıq, habelə lazımi potensiala sahib olmaq və daim həqiqətin, həmçinin ali ədalətin yanında durmaqdır.

“Dərin narahatlıqlar”ın aradan qaldırılmasını “super güclər” nədənsə yalnız əraziyə müdaxilə etməkdə görürlər. Müdaxilə etmə aləti isə münaqişə və “demokratiya”dır. Təəssüflər olsun ki, qeyd olunan təsbit müasir beynəlxalq münasibətlər sisteminin artıq qaçılmaz reallığıdır.

Bu “narahat olanlar”ın böyük əksəriyyəti xəritədə Laçını və ümumiyyətlə Qarabağı tapmasalar, təəccüblü olmaz. Beynəlxalq münasibətlərin şərti “Əxlaq kodeksi” artıq çoxdandır ki, təhrif olunub. Beynəlxalq təşkilatlar çərçivəsində əsas söz sahibi olan aparıcı ölkələr artıq yalnız milli maraqlarından çıxış etdiklərini heç “kamuflyaj” etməyə belə ehtiyac duymurlar. Əlbəttə ki, bu cür mühit geosiyasətdə oyun qaydalarını dəyişdirir və yeni münaqişələrin yaranma ehtimalını artırır.

Bəs görəsən, “narahat olan” bu güclər manipulyasiya obyekti kimi istifadə etmək istədikləri ölkələrin və həmin ölkələrdə yaşayan xalqların əsas narahatlıqlarını bilirlər? Əlbəttə ki, sual ritorikdir və cavaba ehtiyac yoxdur. Cavabların axtarışı əvəzinə həmin təşkilatlar və ölkələr müdaxiləni artırmaq, habelə təsir göstərmək üçün yeni imkan və bəhanələr axtarırlar.

Əminəm ki, Azərbaycan ictimaiyyəti Laçın dəhlizi ətrafında dəxilsiz manipulyasiyalardan, Qarabağ əvəzinə israrla “Dağlıq Qarabağ” ifadəsindən istifadə olunmasından, “humanitar böhran” nağıllarından, “humanitar yardım” adlı “maşın-maşın” oyunlarından, irqçilik ilə bağlı demaqogiya və söz oyunbazlığından, habelə əlvan “demokratiya festivalları” və digər psevdoliberal şoulardan artıq çoxdan bezib və çox narahatdır. Buna baxmayaraq, Prezident İlham Əliyev bütün bu narahatlıqlara növbəti dəfə öz sözləri ilə nöqtə qoydu: “Bu gün bizim iradəmizə heç kim təsir edə bilməz”.

Ölkənin hər bir vətəndaşı həmrəylik mühitinin qorunmasına öz töhfəsini verməklə milli həmrəyliyin və dövlətin inkişafı prosesində fəal iştirak etməlidir. Böyük tarixə malik olan qüdrətli Azərbaycan xalqı imkan verməz ki, dövlətimizin ərazisi başqa ölkələrin maraqlarının toqquşması səhnəsinə çevrilsin. Ölkələrin taleyini həll etmək iddiasında olan “super güclər”ə və beynəlxalq təşkilatların özlərinə “Dünya artıq sizin oyun və “ikili standartlar” siyasətinizdən çox dərin narahatlıq içindədir” kimi sözlərin deyilməsinin zamanıdır. Milli həmrəyliyimiz və birliyimiz bu cür məkrli siyasətə və Azərbaycana qarşı davamlı şəkildə aparılan qərəzli informasiya müharibəsinə ən gözəl cavabdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR