İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar dərman qıtlığı və bahalığından danışdılar

“Siyasi partiyalar haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı; səfirliklərimizin fəaliyyətsizliyi tənqid olundu

Dekabrın 6-da Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Deputat Rəşad Mahmudov cari məsələlərə ayrılan vaxtda söz alaraq əhalini narahat edən problemdən bəhs etdi. Bildirdi ki,  son zamanlar ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb: “Dərman qıtlığı və xəstələrin, həkimlərin düşdüyü vəziyyət ciddi və təcili tədbirləri zəruri edir. Səbəblərdən biri bizdən asılı olmayan beynəlxalq vəziyyətdir. Digəri isə ölkədaxili səbəblərdir”. Deputat qeyd etdi ki, bəzi təşəbbüslər, müzakirələr olsa da, hələlik problem öz həllini tapmır. R.Mahmudovun sözlərinə görə, xüsusilə pandemiyadan sonra dünyada yaranmış vəziyyət, istehsal və daşıma xərclərinin artması dərman vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb. İkinci səbəb isə Rusiya-Ukrayna müharibəsidir: “Nəticədə dərman qiymətləri durmadan yüksəlir”.

R.Mahmudov bildirdi ki, dünyada dərman istehsalı ilə özəl şirkətlər məşğul olur, dövlət tənzimləyici funksiyanı yerinə yetirir. Deputat əlaqədar qurumları bu problemin həlli istiqamətində addımlar atmağa çağırdı.

Deputat Fazil Mustafa dedi ki, ötən iclasda Fransa Milli Assambleyasının qətnaməsinə çox kəskin münasibət bildirildi, etiraz ifadə olundu. Amma deputat əlavə etdi ki, müzakirələrdə biz həm də özümüzə aid olan yarıtmazlıq barədə bir kəlmə danışmadıq. F.Mustafa yarıtmazlıq haqda izahat verdi: “Necə ola bilər ki, bir parlamentdə 256 nəfər hamısı Azərbaycan əleyhinə səs verdi? 30 ildir orada bizim diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni oradakı səfirlərimizin heç 1-2 şəxsi dostu, 5-6 tanışı da yoxdur?” Deputat qeyd etdi ki, bir çox hallarda bu istiqamətdə fəaliyyət göstərən insanlar öz işlərinin öhdəsindən gəlmirlər, sadəcə, günlərini keçirirlər. Millət vəkili qeyd etdi ki, bizdə Azərbaycanın tanıdılması ilə bağlı büdcədən xeyli vəsait ayrılır. Sual etdi: buna nə ehtiyac var? Azərbaycan Prezidenti onsuz da dövlətimizi tanıdır öz çıxışları ilə: “Diplomatik korpus ən azı orada olduğu 5 il müddətdə oradakı insanlarla əlaqələr qurmağı bacarmalıdır. Onlar qayıdıb gələndən sonra soruşulmur ki, sən bu müddətdə orada nə iş gördün? Öz üzərimizə düşən vəzifələri icra etsək, gələcəkdə belə hallar təkrar olunmaz”.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, Azərbaycanın qələbəsindən sonra Moskva, Brüssel, Soçi və Praqada aparılan danışıqlar vasitəçilərə sülh yox, Qafqazda hökmranlıq lazım olduğunu göstərdi. Deputat dedi ki, ona görə də Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir: “Günün birində Co Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar, təəccüblənməyin. Ukrayna torpaqlarının müdafiəsinə 93 milyard avroluq silah və maliyyə yardımı ayıran, Krımı qaytarmağı tələb edən NATO üzvlərinin Qarabağa müstəqillik çağırışı ərazi bütövlüyünə və hüquqa həqarətdir. Onlara baxanda Paşinyan dost ölkənin rəhbəri kimi görünür. Adam 4 ildir ki, keçmiş prezidentlərdən xalqımızın intiqamını alır və işğala görə utanır, üsyan edir ki, ikinci dövlət avantürası "ermənisiz Ermənistan" deməkdir". Z.Oruc bildirdi ki, İrəvan parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir: “Belə şəraitdə xaricdən siyasi hücumlara ən yaxşı cavab Prezident İlham Əliyevin və Ərdoğanın İrəvanda üçlü sülh görüşüdür. Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın ayrı yolu yoxdur. Gedib Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, sizi strateji silahlar yox, Azərbaycan və Türkiyənin qarantiyası xilas edə bilər”.

Deputat Aqil Abbas yaşlı aktyorların teatrlardan uzaqlaşdırılmasına etirazını bildirdi. Dedi ki, sənətkarın yaşı onun işdən uzaqlaşdırılmasına əsas vermir. A.Abbas vaxtilə İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Mövsün Sənani kimi sənətkarların yaşlı vaxtlarında da möhtəşəm obrazlar yaratdıqlarını, həmçinin Xan Şuşinski, Seyid Şuşinskinin ömrünün sonlarınadək ifa etdiklərini söylədi. “Mənə məlumat gəlir ki, teatrlarda yaşlı aktyorları təqaüdə göndərirlər. Sənətkarın yaşımı olur? Şairə deyirik ki, yaşlısan, şeir yazma? Teatr direktorları özləri üçün respublika yaradıb, istədikləri kimi hərəkət edirlər. Bu dərəcədə sənətkara münasibət göstərmək olmaz. Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı ciddi işlər görməlidir”. A.Abbas dedi ki, Xalq artisti Tariyel Qasımovu və başqalarını istefaya göndərirlər: “Onlar nə etsinlər? 260 manat təqaüdlə necə yaşasınlar? Onların yaşına uyğun rollar var. Sənətkara belə münasibət bəsləmək düzgün deyil. Teatrları veriblər direktorlara, onlar da öz istədikləri kimi istifadə edirlər. Allah bu aktyorlara kömək olsun”.

Deputat Ceyhun Məmmədov bildirdi ki, İranın xəbər agentlikləri, televiziya kanalları, xüsusilə səhər kanalı Azərbaycana və Azərbaycan Prezidentinin ünvanına hədyanlar yağdırmağa davam edir. “Eləcə də Azərbaycanın bir sıra bölgələrində İran radioları Azərbaycanın efir məkanına müdaxilələr edirlər. Burada söhbət təkcə sərhəd bölgələrindən getmir. Eyni zamanda son vaxtlar İranın sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək Azərbaycanda gərginlik yaratmaq cəhdləri açıq müşahidə olunur. Bu məqsədlə həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır” - deputat bildirdi. Qeyd etdi ki, bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının, eləcə də İran radiolarının ölkəmizin efir məkanına müdaxiləsinin qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir: “Uzun illərdir bu barədə müzakirələr getsə də, hələlik konkret nəticə yoxdur. Bununla yanaşı, hesab edirəm İranın Azərbaycanda uzun illər ərzində formalaşdırdığı şəbəkənin və həmin şəbəkənin bütün üzvlərinin zərərsizləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır. Eyni zamanda İranda yaşayan soydaşlarımıza ünvanlanmış verilişlərin hazırlanması və ya televiziya-radio kanalının açılması məsələsi xüsusi diqqətdə saxlanılmalıdır. Eyni zamanda hesab edirəm Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası məqsədilə müxtəlif dillərdə o cümlədən ərəb və fars dillərində verilişlərin yayımlanması istiqamıtində də ciddi düşünməliyik. Bu gün dünyanın əksər ölkələri bunu edirlər”.

Deputat Razi Nurullayev dedi ki, bu gün ölkədə bütün sahələrdə bahalıq davam edir. Onun sözlərinə görə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən addımlar atılır, parlament tərəfindən qanunlar qəbul edilir. Amma yenə də bahalaşma fonunda atılan addımlar geridə qalır: “Elə məhsullar var ki, onlar vətəndaşlar üçün zəruridir və gərək o məhsulların vətəndaşlar tərəfindən şəxsi istifadəsi üçün gətirilməsinə problemlər yaradılmasın. Ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir. Quru sərhədləri bağlıdır, yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, bir illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və zənnimcə, düz edir”.

 Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Vitse-spiker Fəzail İbrahimli, Birinci vitse-spiker Əli Hüseynli qanun layihəsinin geniş müzakirələrdən sonra sonra ilk oxunuşda qəbul olunduğunu, ehtiyac yaranarsa, bundan sonra da müzakirələrin keçirilməsini mümkün saydılar.

Deputat Fazil Mustafa qanun layihəsinə qarşı çıxaraq bunu qəbulolunmaz sayan və bəyanat qəbul edənləri tənqid etdi. Eyni zamanda qanun layihəsində düzəlişə ehtiyac olan məqamlara da diqqət çəkdi. Bildirdi ki, xüsusilə siyasi partiya üzvlərinin telefon nömrələrinin reyestrə daxil olunması tələbinin qoyulması düzgün deyil.

Deputat Sabir Rüstəmxanlı da qanun layihəsini müsbət xarakterizə etdi. Layihəyə qarşı çıxanlara cavab olaraq dedi ki, ondan olsa, siyasi partiyanın təsis olunması üçün üzvlərin sayının 10 min olmasını təklif edərdi. Amma S.Rüstəmxanlı da layihədəki bəzi məqamlarla bağlı təkliflərini səsləndirdi.

Deputat Qüdrət Həsənquliyev dedi ki, iki dəfə dinləmələrdə, komitə iclaslarında çıxış edib, fikirlərini bildirib, bəziləri nəzərə alınıb, bəziləri nəzərə alınmayıb. "Hesab edirəm ki, ümumiyyətlə, qanuna səs vermək, müdafiə etmək olar" - deyən deputat ikinci oxunuş üçün bir neçə məsələyə diqqəti yenidən cəlb etmək istədiyini söylədi: “Biz artıq partiyada göstəriş vermişik ki, qanunun 20-ci maddəsinin tələblərinə uyğun olaraq fərdlərin, yəni partiya üzvlərinin fərdi identifikasiya kodunun və telefon nömrələrinin alınmasına başlasınlar".

Telefon nömrələri ilə bağlı Fazil Mustafa fikirlərini bildirdi: "Mən Fərdi İdentifikasiya Kodu (FİN kod) ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bu partiya üzvləri ilə bağlı müəyyən çaşqınlıq yaradıb. Ona görə ki, Fərdi İdentifikasiya Kodu konfidensial informasiya sayılır. Biz vaxtilə 2010-cu ildə "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etmişik. Mənə dedilər ki, hətta FİN kodu daxil etməklə, vətəndaş internet üzərindən müraciət etməklə bankdan kredit də götürə bilər. Yəni belə bir məlumatı onlar verirlərsə, bu informasiyaya çox adamın çıxışı olur. Bu artıq konfidensiallığını itirir. Mən “Fərdi məlumatlar haqqında” Qanuna baxdım. O qanunun 18.4-cü bəndində - hansı ki cənab Prezident də bunu imzalayıb - qeyd olunur ki, fərdi məlumatların informasiya sisteminə fərdi identifikasiya kodunun daxil edilməsi və istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu səlahiyyət cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilib. Nazirlər Kabineti də 2010-cu il 6 sentyabr tarixində bir qərar qəbul edib. Həmin qərarda fərdi konfidensial informasiyanın, yəni fərdi identifikasiya nömrəsinin saxlanılması üçün görün hansı şərtlər irəli sürülür".

Deputat Vüqar Bayramov dedi ki, bu sənədin qəbulu islahatların inklüzivliyini genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək: “Plenar iclasadək layihəyə 70 düzəlişin edilməsi də demokratik müzakirə mühitindən xəbər verir”. V.Bayramov qanun layihəsinin təkmilləşdirilməsi üçün bir sıra təkliflər ilə çıxış etdi. Deputat partiayaların, sadəcə, mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmasını təklif etdi. Eyni zamanda seçkilərdə eitbarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürüləcək vəsaitin artırılması təklifini irəli sürdü. Bildirdi ki, 2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər: “Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”.

Deputat Naqif Həmzəyev bildirdi ki, qanun layihəsindən bəlli olur ki, 50 nəfər tərəfindən siyasi partiya təsis edilir: “Başqa bir maddədə göstərir ki, siyasi partiya qeydiyyata alınana qədər siyasi fəaliyyətlə məşğul olmaq qadağandır. Bu zaman 50 nəfər 5000 üzvü necə toplayacaq? Məncə, bu məsələdə yumşalma olsa, ağzıgöyçəklərin də deməyə heç bir sözü qalmayacaq”. Deputat Cavid Osmanov təsisçilərin 20 ilə qədər Azərbaycanda yaşaması şərtinin layihəyə yenidən daxil edilməsini təklif etdi: “Hansısa formada bu məsələyə baxılmasını xahiş edirəm”.

Deputat Razi Nurullayev bildirdi ki, qanun layihəsini ilk gündən dəstəkləyib: “Bütün iclaslarda, dinləmələrdə, komitə iclaslarında çıxış etmiş, dövlətçilik mövqeyindən yanaşaraq müsbət münasibətimi bildirmişəm. Çünki bu qanunun ölkəmizdə siyasi proseslərin inkişafına təkan verəcəyinə və demokratik proseslərin daha da dərinləşməsinə zəmin yaradacağına inanıram. Həm də bu qanun real siyasi partiyaların daha çox görünməsinə imkan yaradır. Sözçülüklə məşğul olanlar isə qoy partiya quruculuğu və yeni üzvlərin cəlbi barədə düşünsünlər. Üzv toplaya bilməyən partiya yarpaqları tökülmüş, ömrünün payızını yaşayan qüvvə deməkdir”.

Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul olundu.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR