İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Ümumi bazarın yaradılması istiqamətində danışıqlar aparmalıyıq”

Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev sədrə xitabən bildirib ki, parlament rəhbərliyinin və digər həmkarlarının Avropa Parlamentinin COP29 ərəfəsi Azərbaycana qarşı yönələn təzyiqlərlə bağlı fəaliyyətinə, qəbul etdiyi qərara etirazını tam dəstəkləyir.

Musavat.com-un xəbərinə görə, deputat vurğulayıb:

“Hesab edirəm ki, həm də Gürcüstanın daxili işlərinə müdaxilə qətiyyətlə pislənməli və yolverilməz hesab olunmalıdır”.

Qüdrət Həsənquliyev daha sonra “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə layihəyə münasibət bildirib:

“Müzakirə olunan məsələyə gəldikdə, hörmətli Səməd Seyidov 4-cü maddəyə diqqət yetirdi. Əlbəttə, bu, çox təqdirəlayiqdir. Azərbaycan Türk Dövlətləri Təşkilatının yaranmasında müstəsna rol oynayıb. Azərbaycan türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafı üçün ciddi səylər göstərir. Bu, qeyd olunmalı və təqdir edilməlidir. Amma hesab edirəm ki, biz daha sıx hərbi əməkdaşlıq və daha sıx iqtisadi inteqrasiya haqqında düşünməliyik. Əlbəttə, 4-cü maddədə qeyd olunsaydı ki, “tərəflərdən birinə qarşı hücum digərinə qarşı hücum kimi qiymətləndirilir”, - bu, çox yaxşı olardı. Biz bilirik ki, bir çox müttəfiq dövlətlər - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, NATO bir-birinə qarşı bu qaydada fəaliyyət göstərir, təhlükəsizliklərinə təhlükə yarandıqda bir-birini müdafiə edirlər. Əlbəttə, bu, təkcə bizdən asılı olan məsələ deyil. Amma hesab edirəm ki, türk dövlətləri gələcəkdə ümumi təhlükəsizlik məsələsində daha yaxından iştirak etməlidir. Bundan başqa, 7-ci maddə də iqtisadi əməkdaşlığı nəzərdə tutur.

Əgər Avropa dövlətləri və müxtəlif xalqlar bir-biri ilə sıx əməkdaşlıq edir, inteqrasiya olunub, Avropa İttifaqı modelində ittifaq yaradıblarsa, türk dövlətləri və xalqları da niyə bunu etməsin. Kapitalın, işçi qüvvəsinin sərbəst hərəkət etdiyi bir ümumi bazarın yaradılması istiqamətində də danışıqlar aparmalıyıq. Belə olduğu təqdirdə hesab edirəm ki, bu, hər bir türk xalqının sürətli inkişafına və onların təhlükəsizliyinə daha ciddi yardım göstərmiş olardı”.

Deputat vurğulayıb ki, bununla qardaş dövlətlər arasındakı müttəfiqlik münasibətlərinə dair müqavilə son olmamalıdır, onun ardı gəlməlidir:

“Biz digər türk dövlətləri ilə də oxşar və bir-birinə daha ciddi dəstək nəzərdə tutan müqavilələr imzalamalıyıq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR