İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat süni mayalanmaya qarşı çıxdı, həkimlərin tənqidinə tuş gəldi

Siyavuş Novruzov: “Allah verməyibsə, deməli, belə məsləhətdir”

Ginekoloq: “Əgər deputat bunu Allahın işinə qarışmaq kimi qiymətləndirirsə, elə həkimlik başdan-ayağa Allahın işinə qarışmaq deməkdir...”

“Ölkəmizdə uzun illərdən bəri övlad sahibi olmaq istəyən, amma buna maddi imkanı çatmayan vətəndaşlarımız var. Onlar “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilmədiyinə görə övlad sahibi ola bilmədiklərini bildirirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.

mahmud.jpg (265 KB)

Deputat bildirib ki, qanunun predmeti tamam başqa məsələlərdir: “Uşaq sahibi olmaq isə fərdlərin sağlamlığı ilə bağlıdır və bu, dövlət nəzarətində olsa, yaxşı olar. Hökumət üzvlərinin də burada olmasından istifadə edərək bu təklifimi vermək istəyirəm. Əminəm ki, süni mayalanma ilə əlaqədar azı ildə 200-250 nəfər üçün ayrılacaq məbləğ elə də çox deyil. Bu, Prezident İlham Əliyevin səhiyyə sahəsində ortaya qoyduğu xüsusi dəsti-xəttə də uyğun olar. Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılsa, yaxşı olar”.

Deputat Siyavuş Novruzov isə deyib ki, Milli Məclisdə Dini komitənin sədri olduğu 5 il müddətində “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna mane olub: “Süni mayalanma ilə uşaq dünyaya gətirməzlər”.

siyavus.jpg (86 KB)

Siyavuş Novruzov hesab edir ki, Allah verməyibsə, deməli, belə məsləhətdir:

“Dünyanın hansı yerində bunu edirlərsə, etsinlər, amma Azərbaycana bunu tətbiq etməyin”.

Xatırladaq ki, ilk dəfə 1978-ci ildə Böyük Britaniyada tətbiq edilən süni mayalanma 2004-cü ildən etibarən Azərbaycanda da həyata keçirilir. Belə ki, bu prosedur ölkəmizdə ilk dəfə Ailə Planlama Mərkəzində həyata keçirilib.

Məlumata görə, ölkədə süni mayalanma tətbiq edilən klinikalarda ay ərzində 100 ailəyə süni mayalanma icra edilir. Ölkədə 4 belə aktiv mərkəz var, nəticə etibarilə ay ərzində Azərbaycanda 400-450 süni mayalanma icra edilir. Bu say bir il ərzində təxminən 5000-5500 ola bilər.

Bundan əlavə, 2-ci, 3-cü uşaq üçün də müraciətlər olduğu məlumdur.

Süni mayalanma nədir, bu proses necə aparılır?

Ekspertlər qeyd edir ki, süni mayalanma əslində yardımçı reproduktiv texnologiyalar çərçivəsində ekstrakorporal mayalanma deməkdir. Korpus bədən, ekstra isə xaric deməkdir. Ekstrakorporal mayalanma o deməkdir ki, qadın və kişi hüceyrələrinin birləşməsi insan orqanizmində deyil, sınaq şüşəsində, yaxud laboratoriyada baş verir və sonra qadının uşaqlığına yerləşdirilir.

Prosesin aparılmasına gəldikdə isə, ilkin olaraq, qadın və kişi müayinədən keçir. Müayinələrdən sonra venadaxili anesteziya ilə əməliyyat etmədən xüsusi iynə vasitəsilə qadının yumurtalıqlarından yumurta hüceyrələri toplanır və embrioloji laboratoriyaya verilir. Eyni gündə kişidən də hüceyrələr götürülür. Laboratoriyada həm kişi, həm də qadın hüceyrələrinin içərisindən yaxşıları seçilir və onlar mikroinyeksion üsulla mayalandırılır, yəni kişi hüceyrəsi xüsusi mikroinyeksion iynə vasitəsilə yumurta hüceyrəsinə daxil edilir. Nəticədə əmələ gələn embrionlar inkubatora yerləşdirilir. Onlar 3 gün nəzarətdə saxlanılır, öyrənilir və içərisindən ən yaxşısı seçilib heç bir narkoz vermədən xüsusi katetr vasitəsilə ultrasəs cihazının nəzarətilə qadının uşaqlığına yerləşdirilir. Nəticəyə gəldikdə, mütəxəssislər bildirir ki, bu, yaşa görə dəyişir. Əgər qadın 30 yaşına qədərdirsə, müsbət nəticə şansı 60-70 faiz, 30-35 yaş arasında 40-50, 35-40 yaşda 30-40, 40 yaşdan sonra isə 20-30 faiz olur.

Bir müddət öncə Azərbaycanda sonsuzluqla bağlı ekstrakorporal mayalanmanın icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinə daxil ediləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, bununla da hər sonsuz ailə bir dəfə dövlət hesabına süni mayalanma prosedurundan yararlana biləcək.

Bəs niyə hələ də hətta deputat səviyyəsində süni mayalanmaya qarşı çıxanlar, bunu xoş qarşılamayanlar var?

sultan son.PNG (652 KB)

Tanınmış mama-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Əgər deputat bunu Allahın işinə qarışmaq kimi qiymətləndirirsə, elə həkimlik başdan-ayağa Allahın işinə qarışmaq deməkdir. Bu barədə dini baxımdan heç nə deyə bilmərəm, amma bir həkim kimi deyə bilərəm ki, dindarlar həkimlərə elə Allahın bir vasitəçiləri, xəstəlikləri sağaldan bir vasitəçi şəxslər kimi baxırlar.

Həkimlər bir çox xəstəlikləri sağalda bilirlərsə, uşaq olmaması bir xəstəlik kimi qəbul oluna bilər. Çünki çoxalma canlının 3 əsas instinktindən, funksiyasından biridir. Uşaq sahibi ola bilməməyi çoxalma funksiyasının pozulması kimi qəbul edə bilərik. Əgər həkimlər bir çox funksiya pozğunluğunda insanlara yardım edirsə, o zaman çoxalma məsələsində də yardımçı olmasına, sonsuzluq xəstəliyinin müalicə edilməsinə normal baxmalıdırlar.

Niyə məhz süni mayalanmaya qarşı çıxırlar? Bu gün əgər yumurtası yetişməyən qadına bir-iki dərman preparatı verməklə, onun uşaq sahibi olmasına yardımçı oluruqsa, niyə süni mayalanmadan istifadə etməyək?

Əslində burada süni sözü yanlışdır. Bəlkə də bəzi insanlar elə bilir ki, nəsə hansısa bir sünidən uşaq yaranır. Bu, klounlaşma deyil və klounlaşma qadağandır. Burada ana və atanın hüceyrəsi ana bətnində birləşir və uşaq dünyaya gəlir. Yəni bədəndən kənar mayalanma aparılır. Hüceyrələri biz özümüz laboratoriyada birləşdirir, daha sonra isə ana bətninə qoyuruq, ana hamilə qalır. Yəni bu prosedur niyə edilməsin?”

Rəşad Sultan deputatın fikirlərini sərt tənqid edib:

“Bu haqda anlayışları yoxdur, amma fikir bildirirlər. Bu mövzuda mütəxəssislər fikir bildirməlidir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR