İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Biz bu təhdidləri yalnız birlikdə aradan qaldıra bilərik”

“Son dövrlərdə dünyada geosiyasi gərginliklər artıb, regional münaqişələr və qeyri-ənənəvi təhlükəsizlik təhdidləri gündəmə gəlib. Bu vəziyyət, bizləri daha yaxın əməkdaşlığa, birgə müdafiə strategiyalarına və effektiv təhlükəsizlik əməkdaşlığına çağırır. Türk dövlətləri olaraq, biz bu təhdidləri yalnız birlikdə aradan qaldıra bilərik”.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclasında çıxışı zamanı deyib.

Xanım deputat bir neçə təkliflə çıxış edib:

“Təklif edirəm ki, TÜRKPA ölkələri arasında ortaq təhlükəsizlik çağırışlarına qarşı müdafiə və təhlükəsizlik strategiyası hazırlansın. Hesab edirəm ki, bu strategiya, regiondakı əsas təhdidləri nəzərə alaraq birgə müdafiə siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək. Hibrid təhdidlər, terrorizm və kiberhücumlar kimi təhlükələrə qarşı ortaq yanaşmaların müəyyən edilməsi məqsədilə bu strategiya, üzv ölkələr arasında koordinasiyanı təmin edəcək.

Bundan başqa, təklif edirəm ki, komitələrimiz arasında daha sıx əməkdaşlığımızla bağlı saziş imzalansın. Bu sazişlə Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı üzrə Koordinasiya Şurası da yaradıla bilər. Komitə rəhbərləri və əsas üzvlərdən ibarət olacaq Şura mütəmadi iclaslar vasitəsilə regional təhlükəsizlik gündəliyini və strateji qərarlar qəbul etsinlər. Alt işçi qrupları (kiber təhlükəsizlik, sərhəd təhlükəsizliyi və s.) fəaliyyət göstərsinlər.

Hesab edirəm ki, bu Koordinasiya Şurasının yaradılması, təkcə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək deyil, eyni zamanda parlament diplomatiyasının mühüm bir elementi kimi regional sabitliyə və sülhə töhfə verəcək. Eyni zamanda, dövlətlərin milli maraqlarını qorumaqla yanaşı, ortaq təhlükəsizlik mühitinin formalaşmasına da şərait yaradacaq.

Digər təklifim isə qanunvericilik bazalarının uyğunlaşdırılması ilə bağlıdır. Bununla əlaqədar ortaq hüquqi elektron portal da yaradıla bilər. Bu portal vasitəsilə təcrübə və məlumat mübadiləsi təşkil oluna bilər”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR