Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Xarici Əlaqələr üzrə Alman Şurası və Xristian demokratların qurumu olan Konrad Adenauer Fondu sabah, martın 6-da Berlində “Arsaxın mədəni irsi” tədbir keçirməyi planlaşdırırlar. Tədbirin nə qədər təxribat xarakteri daşıdığı onun adından bəllidir.
Bu qurumların heç biri son 30 ildə bir dəfə də olsun Azərbaycanın işğala və etnik təmizləməyə məruz qalması, xalqımızın maddi və mədəni irisinin məhv edilməsi, Qarabağda məscidlərin dağıdılması və içərisində donuz saxlanılması kimi erməni rəzilliyindən narahat olmayıblar.
Şübhəsiz ki, bu, tədbir Azərbaycana qarşı hazırda aparılan informasiya müharibəsinin tərkib hissəsidir və bu müharibəyə Almaniyanın dövlət büdcəsindən maliyyələşən təşkilatların qoşulması təəssüf hissi doğurur və qəbul edilən deyil.
Ona görə ki, bu tədbirin mahiyyəti və məqsədi son iki həftədə Azərbaycanla Almaniya arasında baş tutan yüksək səviyyəli təmaslarla və verilən müsbət bəyanatlarla üst-üstə düşmür.
Bir tərəfdən fevralın 17-də Münxendə Almaniyanın Kansleri cənab Şoltsun təkidli xahişilə Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə pozitiv tonda görüş keçirilir, sonra, Ermənistanın baş naziri Paşinyanla görüşə ev sahibliyi edilir, daha sonra fevralın 28-29-da Berlində Azərbaycan və Ermənistan XİN başçılarının ikigünlük görüşü təşkil olunur və normallşama prosesi müzakirə edilir, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi 40-dan çox Alman şirkəti, Bundestaqın hüquq komitəsinin üzvləri Bakıya gəlir və birgə əməkdaşlıq haqqında danışıqlar aparır, digər tərəfdən isə, Azərbaycana qarşı açıq-aşkar təxribat xarakterli bu cür tədbir hazırlanır.
Burda məntiq hardadı?
Deməli, bu tədbir həm də sülh prosesinə qarşı yönəlib, Azərbaycan Prezidentinin neytral ölkə kimi qiymətləndirdiyi Almaniyanın statusuna və elan elan etdiyi rəsmi mövqeyə qarşı yönəlib.
Düzdü, Azərbaycan ictimayyətinin və QHT-lərin etirazından sonra sadəcə tədbirn formatı dəyişdirildi və onlayn keçirilməsinə qərar verildi.
Ancaq bu da mahiyyəti dəyişmir və bizi qətiyyən qane etmir.
Hesab edirik ki, bu tədbirin keçirilməsi bizi narahat etdiyi kimi, Almaniya hökumətini də narahat etməli və tədbir tamamilə ləğv edilməlidir.
Ümid edirəm ki, rassional və sağlam düşüncə qalib gələcək və Almaniyanın Azərbaycana və Cənubi Qafqaza yönəlik siyasətinin “şvabeləşməsinə” imkan verilməyəcəkdir.
Azay Quliyev, millət vəkili
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ