İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dedi ki, yeyinti çoxdur, terrorçusan”

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.

Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə mühakimə edilənlərdən dörd nəfərin işinə eyni icraatda baxılır.

Bunlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov, eyni idarənin zabiti Vüsal Əlizadədir.

Hazırda şahidlərin dindirilməsi mərhələsidir. Bugünkü iclasda şahid qismində Faiq Zeynalov dindirilib. Zeynalov cinayət baş verən dövrdə 3 ayrı-ayrı hərbi hissədə maliyyə-xidmət rəisi olub. Xidməti dövründə yol verdiyi qanun pozuntularına görə, F. Zeynalov tərəfindən dövlətə ümumilikdə 629 min manat ziyan dəyib.

Lakin şahid həmin məbləğlə razılaşmır. İddia edir ki, sənədlər məhv edildiyi üçün bu məbləğin daha az olduğunu sübut etmək mümkün olmayıb. Zeynalov ifadəsinin davamında işlədiyi hərbi hissələrdəki təftişlərdən danışıb.

Zeynalovun sözlərinə görə, 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafail Xələfov, Həsən Paşayev və İsmayıl Rəsulzadə hərbi hissəyə təftişə gəliblər. Onların apardığı təftişdə yeyinti çox çıxarılıb. Şahid iddia edir ki, həmin vaxt Rafail Xələfov ona hədə-qorxu gəlib: “Xələfov məni general Nizami Məmmədovla hədələdi. Dedi ki, yeyinti çoxdur, terrorçusan. 194 min manatlıq vəsaitin xərclənməsi barədə sənəd təqdim etsəm də, buna fikir vermədilər. Rafail Xələfov məndən 170 min manat istədi. O, Bayram Bayramov və mən restoranda görüşdük. Həmin vaxt çantanın içindəki 100 min manatı Bayram müəllimin yanında stolun üstünə qoydum. Daha sonra isə Bayram müəllim vasitəsilə 60 min manat vermişəm. İttihamda göstərilən vəsaitin 130-135 min manatını mən mənimsəmişəm. Qalan məbləğlə razı deyiləm.”

Şahid Zeynalov dövlətə vurduğu ziyanın ödənilməsinə çalışdığını və yaxın vaxtlarda ödəyəcəyini deyib.

Hakim iclasın davamının qapalı keçiriləcəyini elan edib, jurnalistlər zaldan çıxarılıb.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR