Onlayn ictimai-siyasi qəzet
Noyabrın 20-də Bakıda COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün yüksəksəviyyəli platforma rolunu oynayacaq.
Dəyirmi masanın təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), həmçinin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).
Tədbirlə bağlı ətraflı məlumatla bu linkdə tanış ola bilərsiniz.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ