İnsanlara hürriyət, millətlərə istiqlal!

Daxili turizmin bitməyən problemləri - müştəri çox, qiymət baha, xidmət aşağı...

Ekspert: “Xidmət sektorunda narazılıqlar var, olub, hər zaman da olacaq”

Ölkə xaricinə çıxışın məhdud olduğu, quru yolla gedişin olmaması, təyyarə biletlərinin bahalığı fonunda ötən illərlə müqayisədə başqa ölkələrə tətilə gedənlərin sayında kəskin azalma var. Əksəriyyət bölgələrimizə axışır. Bəs bu amil daxili turizmin dövriyyəsini artırıbmı? İstirahət üçün əlverişli rayonlardakı hotellərin vəziyyəti necədir?

Gündəlik həyatımızdan, sosial şəbəkələrdə yazılanlardan bəlli olur ki, hazırda bölgələrdə restoranlarda, istirahət mərkəzlərində qiymətlər çox bahadır. Eyni zamanda xidmət səviyyəsi bərbad durumdadır. Ən pisi odur ki, hansısa qeyri-adekvat davranışla üzləşən müştəri şikayət etməyə müvafiq ünvan da tapa bilmir. Faktiki olaraq bu sahədə vəziyyət ürəkaçan deyil.

Səyahət blogeri, tez-tez daxili turlar təşkil edən Rəna Kərimova “Yeni Müsavat”a bildirdi ki, yalnız bu il deyil, ötən il də daxili turizmdə əməlli-başlı canlanma vardı: “Pandemiyadan öncə, xüsusən də yay aylarında xarici ölkələrə daha çox axın olurdu. Pandemiyadan sonra isə xarici  ölkələrə səyahət çətinləşdi. İlkin dövrlərdə testin, daha sonra vaksinin məcburi olması, digər ölkələrdə də sərt karantin qaydaları insanlara problem yaradırdı. Hələ səyahətə gedib, orada yoluxub qalmaq riskini demirəm. Sərt karantindən çıxmış insanlara istirahət, səyahət lazım idi, odur ki daxili turizmdə xüsusi bir canlanma oldu. Ötən yay xaricə gedənlər bu illə müqayisədə daha az olmuşdu. Sərt karantindən sonra insanlar əvvəlkindən də çox səyahətə ehtiyac duyduqlarından bunu bölgələrimizə axışmaqla kompensasiya etməyə çalışırdılar. Bu yay isə daxili turizmlə yanaşı, xarici turizm də pandemiyadan öncəki halına qayıdıb. Hətta bir neçə ildir xaricə gedə bilməyənlər bu il səyahət etməyə çox həvəslidirlər. Xüsusən də Avropa ölkələrinə maraq çoxdur.

Xarici ölkələrin Azərbaycandakı səfirliklərinə viza üçün müraciət edə bilmək üçün demək olar ki, avqust sonuna kimi görüş günü yoxdur. Həmçinin daxili turizmdə də aktivlik çoxdur. Xüsusən də həftə sonları və bayram günlərində hotellərdə və digər qonaqlama yerlərində yer tapmaq olmur. Restoranlar, kafelər, göl kənarları insanlarla dolub daşır. Təbii ki, belə olan halda bu, dövriyyəyə də öz təsirini göstərir. COVİD-19 demək olar ki, unudulub. Xaricə gedənlərin sayında kəskin azalma var deyə bilmərik. Bu il əksinə, kəskin artım var. Biletlərin qiymətinin daha ucuz olmasını mən də istəyərəm. Xüsusilə ailə ilə səyahət edənlərin büdcəsinə bu amil böyük təsir edir. Nəzərə alaq ki, insanlar bir neçə ildir xaricə demək olar ki, çıxa bilmirlər. Bu da o deməkdir ki, xeyli vəsaitə qənaət olunub. Bilet qiymətləri ucuz olsa idi,  insanlar daha çox və daha rahat səyahət edə bilərdilər”.

Hotellərin vəziyyətinə gəlincə, bloger qeyd etdi ki,  əvvəlki illərdə 5 ulduzlu müəssisələr daha çox idi, bu tendensiya getdikcə dəyişir: “Hazırda kiçik hotellər, hostellər, qonaqlama yerləri əvvəllər daha az sayda idi, lakin son bir neçə ildə bu tip müəssisələrinin sayı artıb. Xidmətdə müəyyən irəliləyişlər olsa da, tam qənaətbəxş səviyyədə deyil, çatışmayan cəhətlər çoxdur. Yeri gəlmişkən, əgər əvvəllər rayona səyahət anlayışı göl, çay kənarında kabab yeməklə məhdudlaşırdırsa, bu tendensiya da dəyişməkdədir. Son illər haykinq, zirvə turları, tematik turlar-günəbaxan, lavanda, lalə turları dəbə düşüb. Bir sözlə, aktiv turizm inkişaf etməkdədir”.

Gülnar Mustafayeva Turizm Agentliyinin yeni mətbuat katibi oldu »  TehsilForumu.Az - Təhsilin İnkişafına İctimai Dəstək

Gülnar Mustafayeva

Azərbaycan Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva “Yeni Müsavat”a bildirdi ki, ölkə əhalisi üçün daxili turizm hər zaman prioritet olub: “Bölgələrə 2019-cu ilin birinci rübündə 4 071 149 nəfər,  2022-ci ilin birinci rübündə isə 3 516 690 nəfər səfər edib. Rəqəmlər onu deməyə əsas verir ki, pandemiyadan öncə və sonra vətəndaşlar daxili turizm xidmətlərindən istifadə ediblər. Məhdudiyyətlərin aradan qaldırılması fonunda bu rəqəmin daha da artacağı gözlənilir. Bu il də ənənəvi istiqamətlərə - şimalda Quba, Qusar, şimal-qərbdə Şəki, İsmayıllı, Qəbələ, qərbdə Göygöl, Gəncə, cənubda isə Lerik, Lənkərana axın daha çoxdur.  2019-cu ildən Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotellər Assosiasiyası tərəfindən milli hotel ulduz təsnifatının işlənib hazırlanması prosedurları həyata keçirilir. 2021-ci ildə hotellərə ulduz təsnifatı verildi. ”Turizm haqqında" Qanunun tələblərinə görə fəaliyyətə başlayacaq turizm reyestrinə hotellər ulduz kateqoriyalarını daxil etməli olacaqlar. Azərbaycanda fəaliyyətə başlayacaq hər bir mehmanxana 6 ay müddətində ulduz kateqoriyası əldə etməlidir, əldə etdikdən 15 gün sonra turizm reyestrinə daxil etməlidir.  Ulduz kateqoriyası əldə etmiş hotellərdə xidmət keyfiyyəti və xidmətlərin ulduz dərəcəsinə uyğunluğu Azərbaycan Hotellər Assosiasiyası tərəfindən yoxlanır".

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi qeyd etdi ki, hər nə qədər problemlər olsa da, iaşə obyektlərinin, qonaq evlərinin, hotellərin sayı artmaqda davam edir, müəyyən məqamlarda inkişaf da nəzərə çarpır: “Kənd turizmi, yaşıl turizm, aqroturizm inkişaf etməkdədir. Böyük addımlar olmasa da, müəyyən yenilikləri görürük. Xidmət sektorunda narazılıqlar var, olub, hər zaman da olacaq. Bu narazılıqları nisbətən azalda bilmək üçün maarifləndirmə tədbirlərinə ehtiyac var. Xidmətin keyfiyyəti xidmət göstərən şəxslərin bilik və səriştəsindən asılıdır. Bu baxımdan təhsil və tədrisə diqqət etmək lazımdır. O cümlədən biznesin qurulması, marketinq, satış kanallarının formalaşdırılması qısa və uzunmüddətli təlimlərlə tətbiq oluna bilər”.

S.Dübəndi əlavə etdi ki, xidmət sektorunda çalışan bir çox sahəni əhatə edən əməkdaşların kvalifikasiyası, yəni peşə standartları dövlət tərəfindən təsdiqlənsə də, təəssüf ki, yerli bazarda bu standartlar o qədər də istifadə olunmur.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR