Onlayn ictimai-siyasi qəzet
“Brüssel, Vaşinqton və ya başqa paytaxtlar vasitəçi qismində yox, təşkilatçı qismində iştirak edə bilərlər”
Azərbaycan prezidenti İlham Əliyevin Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirakı gözlənilir. Azərbaycan Prezidentinin iştirakı ilə bağlı Forumun saytında məlumat verilib.
Bildirilir ki, forumda Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Çin Baş nazirinin müavini Dinq Syueksyan, Almaniya kansleri Olaf Şolts, Serbiya prezidenti Aleksandr Vuçiç, Ermənistanın baş naziri Nikol Paşinyan, Ukrayna prezidenti Vladimir Zelenski, İsrail prezidenti İsaak Hersoq və digər dövlət və hökumət başçıları da iştirak edəcəklər. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp videokonfrans vasitəsilə foruma qatılacaq.
Dünya İqtisadi Forumu bu il yanvarın 20-dən 24-dək keçiriləcək.
Davosda Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli formatda bir araya gəlməsi istisna deyil. Bu, 2025-də ilk yüksək səviyyəli görüş ola bilər. Hazırda belə bir görüşə ehtiyac duyula bilərmi? Brüssel və ya Vaşinqton vasitəçilik təşəbbüslərini davam etdirməyə çalışacaqmı?
Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcəyi gözlənilir. Eyni zamanda o da məlumdur ki, Ermənistan baş naziri Nikol Paşinyan da bu Foruma qatılacaq: “Bunu artıq Ermənistan mətbuatı yazıb. Belə olan vəziyyətdə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında görüşün keçirilib-keçirilməməsi məsələsi də əsas müzakirə mövzularından biridir. Görüşün keçirilməsi üçün şans var. Ermənistanla Azərbaycan arasında həllini gözləyən bir sıra mühüm məsələlər var və sülh müqaviləsinin imzalanması əsas məsələdir. Bu müqavilənin imzalanmasına imkan verməyən maddələr mövcuddur. Həmin maddələr üzrə razılaşma hələ ki, əldə edilməyib. Sonuncu dəfə Kazanda Azərbaycan və Ermənistan liderləri görüşüblər. İndi Davosda görüşün keçirilməsi üçün zərurət var. Çünki Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsində bir daha Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı prinsipial və qəti mövqeyini ifadə etdi. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı çox kəskin mövqe ortaya qoydu və qeyd elədi ki, Zəngəzur dəhlizi açılmalıdır və bu həm də 10 noyabr üçtərəfli bəyanatının mahiyyətindən irəli gəlir. Biz Zəngəzur dəhlizinə getməliyik və gedəcəyik. Ermənistan xalqı və rəhbərliyi də gözəl bilir ki, Azərbaycan Prezidentinin sözü imzası qədər gücə malikdir, dedisə, deməli edəcək. Ona görə də hesab edirəm ki, bütün reallıqlar fonunda, həm də ikitərəfli münasibətlərin həllini gözləyən məsələlər, xüsusilə də iki bənd üzrə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı hələ də razılaşma əldə edilə bilməyən məsələlər müzakirəsini gözləyir. Yanvarın 16-da Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın sədrlik etdikləri dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib. Görüş zamanı Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib. Dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimaldan cənuba aparılması barədə razılığa gəlinib. Bu məsələlərlə bağlı, eləcə də ATƏT-in Minsk Qrupunun buraxılması üçün Ermənistanın və Azərbaycanın rəsmi müraciət etməsi kimi məsələlərin də Azərbaycan və Ermənistan liderləri arasında müzakirə edilməsi istisna deyil”.
O ki, qaldı görüş və danışıqlar üçün Brüsselin və ya Vaşinqtonun vasitəçilik missiyası ilə çıxış edib-etməyəcəyinə deputat vurğuladı ki, Azərbaycan dövlətinin rəhbəri dəfələrlə bizə vasitəçilərin lazım olmadığını, ikitərəfli formatda birbaşa danışıqlar yolu ilə məsələləri tənzimləmək istədiyimizi, bu formatın daha effektli olduğunu bəyan edib: “Brüssel, Vaşinqton və ya başqa paytaxtlar vasitəçi qismində yox, təşkilatçı qismində iştirak edə bilərlər, təki sülh prosesinə töhfə vermiş olsun. Ona görə də Azərbaycan və Ermənistan liderlərinin Davosda görüşmək ehtimalı kifayət qədər böyükdür və bu da sülh prosesinin öz məntiqi sonluğuna çatması üçün əlavə imkanlar pəncərəsi açmış olar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ