İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Vardanyanın hakimə etiraz etmək kələyinin pərdəarxası

Hüquqşünas: “Bu, müttəhim kürsüsündə oturan bir şəxsin son ümidlərlə prosesin legitimliyini şübhə altına almaq cəhdidir”

Azərbaycan məhkəməsində ağır ittihamlarla üz-üzə qalan Ermənistan vətəndaşı Ruben Vardanyan məhkəmə zalında yeni taktika nümayiş etdirir. Müharibə cinayətləri, terrorçuluq və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan Ruben Vardanyanın vəkili Avraam Berman prosesin başladığı gündən ötən aylar ərzində dəfələrlə  hakimlər kollegiyasına etiraz ifadə olunan vəsatətlə çıxış edir. Ruben Vardanyan isə vəkilinin etirazını müdafiə edir. Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev açıq şəkildə bildirib ki, müdafiə tərəfi eyni məzmunlu etirazları dəfələrlə qaldırıb və bu dəfə də hər hansı yeni hüquqi əsas ortaya qoyulmayıb. Nəticədə etiraz müzakirəyə belə çıxarılmayıb. Ardınca Avraam Berman konfidensial görüş tələb edib, məhkəmə də fasilə elan edib. Bu, prosesin əvvəlindən bəri artıq neçənci belə etirazdır. Azərbaycan Cinayət-Prosessual Məcəlləsinə görə hakimin işə baxmaqdan kənarlaşdırılması üçün konkret hallar mövcuddur:

Hakimin işdə maraqlı olması;

Hakimin tərəflərdən biri ilə qohumluq əlaqəsinin olması;

Hakimin əvvəllər həmin iş üzrə şahid, ekspert və ya digər statusda çıxış etməsi;

Hakimin qərəzsizliyinə ciddi şübhə yaradan əsasların mövcudluğu.

Bu əsaslar göstərilmədikcə, etirazın qəbul olunması mümkün deyil. Lakin Vardanyan və vəkili hər dəfə əsassız etirazlar irəli sürməklə məhkəməni çaşdırmağa, vaxt udmağa və prosesi uzatmağa çalışırlar.

Ruben Vardanyan məhkəmədə ifadə verməkdən imtina edib. Bəs hakimlərə etiraz oyununun məqsədi nədir? Bununla Ruben Vardanyan nəyə nail olmaq istəyir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov  “Yeni Müsavat”a deyib ki, prosesin etirazlarla uzadılmasının bir neçə məqsədi ola bilər: “Ruben Vardanyan beynəlxalq təşkilatların diqqətini çəkib, işin yekunlaşmasını ləngitməkdə maraqlı görünür. Eyni zamanda Azərbaycan məhkəməsinin guya ona münasibətdə ədalətsiz olması rəyini yaratmaq niyyəti güdür. Əslində isə hər kəs yaxşı bilir ki, Ruben Vardanyanın ittiham olunduğu əməllər beynəlxalq cinayətlər kateqoriyasına daxildir və onların məsuliyyətdən yayınmaq üçün heç bir hüquqi fəndi yoxdur. Ruben Vardanyan və müdafiə tərəfinin hakimə etirazı, sadəcə, məhkəmə taktikasından başqa bir şey deyil. Bu, müttəhim kürsüsündə oturan bir şəxsin son ümidlərlə prosesin legitimliyini şübhə altına almaq cəhdidir”.

Tağı İbrahimov Çovdarov kimi həbsdən buraxıla bilər

Natiq Ələsgərov 

Natiq Ələsgərov deyir ki, qanunvericilikdə etirazın əsasları təsbit olunub. Əgər əsaslı səbəb yoxdursa, etiraz da nəticəsiz qalır və hətta iş Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) gedib çıxsa belə, Ruben Vardanyan nəyəsə nail ola bilməyəcək: “AHİM təcrübəsinə baxanda görürük ki, hakimlərin qərəzsizliyi və məhkəmə heyətinə etiraz məsələsi dəfələrlə müzakirə mövzusu olub. Məhkəmə hər dəfə bəyan edir ki, ədalətli məhkəmə araşdırmasının (Avropa Konvensiyasının 6-cı maddəsi) əsas tələblərindən biri müstəqil və qərəzsiz hakimlər heyətidir. Amma bunun üçün sadəcə etiraz etmək kifayət deyil. Əsaslı faktlar və sübutlar olmalıdır. Yəni tərəfin subyektiv şübhəsi yetərli deyil, obyektiv olaraq qərəzsizlik şübhəsi doğuran hallar göstərilməlidir. Məsələn, ”Piersak Belçikaya qarşı" (1982) işində AİHM müəyyən etdi ki, hakimin əvvəl prokuror kimi işlədiyi işdə sonradan hakim qismində çıxış etməsi qərəzsizlik şübhəsi doğurur.  “De Cubber Belçikaya qarşı” (1984) işində oxşar halda, hakim əvvəllər işdə araşdırma aparan şəxs olubsa, qərəzsizlik pozulmuş sayılıb. “Mikallef Maltaya qarşı” (2009) işində isə AİHM vurğulayıb ki, məhkəmə tərkibi ilə bağlı hər bir şübhə obyektiv əsaslandırılmalıdır. Azərbaycan üzrə işlərdə də bu iddialar olub. Məsələn, bəzi müxalifət nümayəndələri və jurnalistlər AİHM-ə müraciət edərək məhkəmələrin qərəzli olduğunu bildiriblər. Amma AİHM həmişə tələb edib ki, hakimə etiraz əsaslandırılsın. Əgər tərəf, sadəcə, hakim mənim işimə qərəzlə baxır deyirsə, bu yetərli sayılmır. Yəni Ruben Vardanyanın məhkəmədə etdiyi kimi əsassız, təkrarlanan etirazlar Avropa Məhkəməsində də nəticə vermir. Əksinə, bu, müdafiənin prosesi uzatma taktikası kimi qiymətləndirilir. AİHM ancaq real faktlar, sübutlar və obyektiv əsaslar olduqda qərəzsizlik pozuntusunu tanıyır".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR