Onlayn ictimai-siyasi qəzet
“Ona görə də Mən onlarla pritçalarla danışıram, çünki onlar baxırlar, lakin heç nə görmürlər, onlar dinləyirlər, lakin heç nə eşitmirlər və anlamırlar”
(Matta-nın İncili, 13:13)
Deyir həkimlərimiz üçün də sertifikasiya imtahanları olmuşdur, orada suallardan biri belə imiş: “Şəkərli diabet xəstələrində hamiləliyin saxlanılması üçün göstərişlərin genişlənməsinə mümkünat yaradıb?” Möhtərəm səhiyyə zəhmətkeşlərimiz sualın bu cür axmaq şəkildə qoyuluşuna etiraz edirlər və məncə haqlıdırlar. Hətta belə cümlələr də varmış: “Yumurtalıqların PCOS sindromu zamanı insulinə davamlılıqsızlıqla keçəndə...” Həkim soruşur ki, “davamlılıqsızlıq” nə deməkdir.
Doğrudan da ana dilimizin anasını ağlar qoymuşuq, şəxsən mən qəzet, sayt, kitab oxuyanda çox şeyi anlamıram, ya da yeddi dəfə təkrar oxuyandan sonra anlayıram. Misal üçün, təzəlikcə qəzetdə belə zad oxudum: “Qadınlar fiziki cəhətdən inkişaf etmiş kişiləri gələcək üçün əlaqələr yaratmaqda az maraqlanan insanlar hesab edirdilər. Maddi çətinliklərlə birləşdikdə, yumşaq və zəif iradəli kişilərin lehinə seçim ehtimalı artır”.
Təbii ki, müxbir adlanan həmin adam bu mənasız mətni hansısa xarici saytda tapıb, Google Transleyt tərcümə proqramına basıb, ordan da belə anlaqsız cümlələr çıxıb.
Ancaq həkimlərimizin imtahan sualına gələndə əhvalat bir az mürəkkəbləşir. Düşünürəm ki, İmtahan Mərkəzi bu sualları həkimlərlə məzələnmək üçün elə tərtib edibdir. Çünki həkimlər də xalqa resept yazanda çox zaman anlamaq olmur. İlan-qurbağa xəttlə cızmaqara edib atırlar. İndi zəhmət çəkin, siz də bu sualları anlayın. Əcəb olur. “Etmə, bulma” dünyasıdır. Nə tökərsən aşına, o çıxar qaşığına. Özgəyə quyu qazan özü düşər.
Yaxud, həkimlərimiz xəstələri yalan-palandan müalicə edirlər, ölsə, deyirlər nə etməli, Allahın işidir. Sağ qalsa, müalicənin uğurlu keçməsiylə öyünürlər. Bu, olduqca davamlılıqsızlıq bir haldır.
Bir də buna oxşar hadisə Molla Nəsrəddinin lətifələrində var. Camaat kənddə yığışır, Mollanı şikayəti padşaha çatdırmaq üçün göndərirlər. Teymurləng Mollanı qəbulda görəndə onunla məzələnmək istəyir, deyir: “O kənddə adam yox idi ki, səni göndərdilər?” Molla heç halını pozmur, cavab verir: “Qibleyi-aləm, var idi. Ancaq adamı adam yanına göndərdilər, məni də sənin yanına”.
Prinsipcə, insanın oxuduğu, öyrəndiyi şeylər zamanla dəyişir. Bu yaxınlarda mən bir cızmaqaramda riyaziyyata istinad etmiş, toplananların yerini dəyişəndə cəmin dəyişmədiyini yada salmışdım. Sən saydığını say... Yazıdan sonra hörmətli dostum, riyaziyyatçı alim İsmixan Yusubovdan bu mövzuda, şəkililər demiş, həblə məktub aldım: “Sonlu sayda toplanan varsa, bəli, toplananların yerini dəyişəndə cəm dəyişmir. Toplanan sayı sonlu olmayanda (bu cəmə sıra deyilir) iş qəlizləşir. Hətta “şərti yığılan” sıralar haqqında məşhur Riman (alman - Bernhard Rieman) teoreminə görə hədlərin yerini dəyişməklə “cəm” olaraq istədiyin ədədi ala bilərsən. Bunu əlahəzrət Riyaziyyat deyir”.
Buyurun, əmin olduğumuz bir məsələ də zibil qutusuna getdi. Hətta kiməsə “iki dəfə iki dörd edir” söyləyəndə ehtiyatlı olmalıyıq, çünki bu, onluq say sisteminə aid hesablamadır. İkilik say sistemində, yəni bütün ədədləri 0 və 1 ilə göstərəndə “iki” vur “iki” 100-ə bərabərdir. (Əmin deyiləm, açığı, səhv olsa yola verin). Əlbəttə, buradakı “100” bizim qandığımız 100 deyil, başqa rəqəmdir. İkilik say sistemində 100 belə yazılır: 1100100.
Hazırda bütün kompüterlər, robotlar, süni intellekt-filan ikilik say sistemiylə çalışır. Corc Oruell isə populyar romanında iddia edirdi ki, azadlıq – iki vur ikinin neçəyə bərabər olduğunu deyə bilməkdir. Yəni, guya “dördə bərabərdir” demək azadlıqdır. Bəs sistem necə olsun?
İndi söz əlaqədar təşkilatlarındır – sizdə hansı say sistemidir?
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ