İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha çox dərs - daha çox elm, yoxsa stress...

Ekspert: “Yaponlar 11 ay oxuyur, bizdə isə 9 ay yüklənib, heç nə öyrətmirlər”

“Təhsil müddətinin 9 ay olması nə azdır, nə də çox. Əsas məsələ bu müddətdə şagirdə nə öyrətdiyimiz, necə öyrətdiyimiz və onu nə qədər maraqlandıra bildiyimizdir”. “Yeni Müsavat” bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Ekspert beynəlxalq təcrübəni nümunə gətirərək qeyd edir ki, təhsilin keyfiyyəti dərsin sayında yox, dərsin dəyərində olmalıdır: “Yaponiyada 11 ay oxuyurlar, amma təhsilin keyfiyyəti dərsin sayında yox, dərsin dəyərindədir. Bizdə dərs çox ola bilər, amma mühazirə ilə, testlə məhdudlaşmışsa, nəticə dəyişmir. Əgər dərslər layihə əsaslı, yaradıcı və öyrədici olmasa, tədris müddətini artırmaq da, azaltmaq da problemi həll etməyəcək. Təhsilin təqvimi yox, məzmunu dəyişməlidir”.

Bəs bununla bağlı ölkəmizdə hansı təhsil proqramlarına ehtiyac var?

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov

Kamran Əsədov qeyd edir ki, Azərbaycanda təhsil müddəti nə qədər uzun olursa olsun, əgər onun məzmunu zəif, öyrənmə prosesi passiv, metodoloji əsaslar isə köhnəlmişdirsə, nəticə dəyişməyəcək: “Hazırda ölkədə məktəblərdə tətbiq olunan kurikulum, dərs bölgüsü və tədris metodları şagirdin dərindən öyrənməsini yox, daha çox fakt və məlumat əzbərləməsini təşviq edir. Bu səbəbdən də müzakirə tədrisin neçə ay davam etməsindən çox, həmin müddətin necə keçdiyi, hansı bacarıqların öyrədildiyi və şagirdin məktəbdən hansı təcrübə ilə çıxdığı suallarının cavablandırılması istiqamətində aparılmalıdır.

Hazırda Azərbaycanda dərslər sentyabrın 15-dən iyunun 15-dək davam edir. Təqvimdə ümumilikdə 9 ay görünür, amma bayram günləri, qeyri-iş günləri və digər fasilələri çıxmaqla real dərs günü sayı 170-175 gün arasında dəyişir. UNESCO-nun tövsiyəsinə görə, bir ölkədə ümumi təhsil səviyyəsində tədris ili minimum 180 dərs günündən ibarət olmalıdır. Azərbaycan bu tövsiyəyə təqribən uyğun olsa da, dərslərin necə keçirildiyi və həmin günlərin pedaqoji dəyəri daha önəmlidir.

Tədris müddəti daha uzun olan ölkələrin təcrübəsinə baxsaq, Yaponiya nümunəsi ön plana çıxır. Burada təhsil ili 11 ay davam edir və şagirdlər ildə təxminən 220 dərs günü alırlar. Amma bu uzun müddət yalnız təkrarlar və formal tədrislə doldurulmur. Əksinə, dərslər praktikaya əsaslanır, əlavə məşğələlər, klublar, müzakirələr və şagirdin məktəbdənkənar inkişafını təşviq edən fəaliyyətlər mövcuddur. Ailələr, müəllimlər və cəmiyyət təhsili birgə daşıyır. Bu da nəticə etibarı ilə yüksək PISA göstəriciləri ilə əks olunur. Cənubi Koreya və Çində də oxşar model mövcuddur: burada daha çox dərs günü olsa da, əsas vurğu dərslərin sistemliliyinə və şagirdlərin məsuliyyət hissinin formalaşmasına yönəlib.

Bununla yanaşı, tədris müddəti az olan, lakin nəticələri yüksək olan ölkələr də mövcuddur. Məsələn, Finlandiyada dərs ili təxminən 170 gün davam edir, yəni Azərbaycanla demək olar ki, eyni. Amma bu ölkədə təhsilin keyfiyyəti dərsin intensivliyinə, müəllim hazırlığına və şagirdin fərdi inkişafına əsaslanır. Dərslər tədqiqat yönümlüdür, sual əsaslı öyrənmə tətbiq edilir, şagird öz fikrini ifadə etməkdə sərbəstdir. Finlandiya müəllimləri yalnız fənn öyrətmir, həm də psixoloji və pedaqoji müşayiət funksiyası daşıyır. Məhz bu səbəbdən az dərs günü ilə yüksək nəticə əldə etmək mümkün olur.

Azərbaycanda isə tədris müddəti nə qədər normal görünürsə görünsün, onun səmərəliliyi və effektivliyi barədə eyni fikri söyləmək çətindir. Hazırda tədris günlərinin böyük bir hissəsi sadəcə mühazirə dinləmək, müəllimin izahını yazmaq və testlə hazırlıq keçmək üzərində qurulub. Layihə əsaslı öyrənmə, şagirdin tədqiqat fəaliyyəti, debat, təqdimat, qrup işi və yaradıcı yanaşmalar isə ya ümumiyyətlə yoxdur, ya da formal şəkildə yerinə yetirilir. Bu səbəbdən tədris müddətinin artırılması belə bu keyfiyyəti dəyişdirməyəcək, əksinə, şagird və müəllim üzərində daha çox zehni və fiziki yüklənmə yaradacaq.

Tədris müddətinin uzadılması məsələsi yalnız təqvim baxımından deyil, həm də psixoloji və sosial aspektdən qiymətləndirilməlidir. Azərbaycanda artıq mövcud olan dərs yükü çox vaxt şagirdin zehni rifahını pozur. Həddindən artıq test, əlavə dərs və repetitor basqısı ilə yüklənmiş şagirdlər üçün daha çox dərs günü, sadəcə, daha çox stress və motivasiya itkisi demək olacaq. Əgər bu müddət əlavə tədqiqat, incəsənət, idman və yaradıcılıq üçün istifadə olunacaqsa, təbii ki, faydalı ola bilər. Amma mövcud sistemlə həmin müddətin yalnız formal dərslə doldurulması ehtimalı daha yüksəkdir".

Ekspertin fikrincə, müəyyən dəyişikliklərin tətbiqi ilə bu vəziyyət müsbətə doğru dəyişə bilər: Müəllim hazırlığı və metodoloji dəstək də bu prosesin əsas halqalarındandır. Əgər müəllim yeni metod və yanaşmaları tətbiq etməyə hazır deyilsə, hər hansı kurikulum və ya tədris müddətindəki dəyişiklik nəticə verməyəcək. Bu səbəbdən də müəllimlər üçün davamlı inkişaf proqramları hazırlanmalı, onların motivasiyası və metodoloji dəstəyi artırılmalıdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR