Onlayn ictimai-siyasi qəzet
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.
Musavat.com bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi həyata keçirilib.
Audit çərçivəsində Kür-Araz ovalığında torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sisteminin fəaliyyətinin təşkilinin, torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sistemi vasitəsilə həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir.
Qiymətləndirmələrlə audit obyekti tərəfindən Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsinin fəaliyyəti ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyi müəyyən edilsə də, aşağıdakı nəticələr də əldə olunmuşdur:
Son illərdə qlobal səviyyədə problemlərin yaranmasına səbəb olan iqlim dəyişikliklərinin təsirini azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş mühüm strateji sənədlərdə su ehtiyatlarının formalaşması ilə bağlı mövcud vəziyyət, torpaqların deqradasiyasına qarşı mübarizə, eləcə də su resurslarının idarə edilməsi tədbirləri, kollektor-drenaj sisteminin fəaliyyəti ilə bağlı məsələlər öz əksini tapmış və su qıtlığı şəraitində su ehtiyatlarının düzgün idarə edilməsi ilə həmin ehtiyatlardan səmərəli istifadə olunması, torpaqların şorlaşması səbəbindən deqradasiyaya uğraması kimi məsələlər və həyata keçirilməli olan müvafiq tədbirlər nəzərdə tutulsa da və suvarılan torpaqlarda şorlaşma səviyyəsi azalsa da, həmin tədbirlərin qismən icra edilməsinin də təsiri ilə Kür-Araz ovalığında ümumilikdə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaq sahələrinin xüsusi çəkisi respublika üzrə 2019-cu ildəki, müvafiq olaraq, 29,2%, 24,2% və 24,1% göstəricilərindən, 2024-cü ildəki, müvafiq olaraq, 34,1%, 29,1% və 24,4% göstəricilərinədək artmışdır. Belə vəziyyət qeyd edilən istiqamətlərdə mövcud problemlərin hələ də aktual olduğunu göstərmişdir.
Sovet dönəmində mövcud olmuş dren-kollektor şəbəkəsinin sonrakı dövrlərdə balansa qəbul edilməsi zamanı həmin sistem elementlərinin balans mənsubiyyətinin dəqiqləşdirilməməsi ölkə üzrə kollektor-drenaj şəbəkəsinin 92-93%-nin yerləşdiyi Kür-Araz ovalığında sahibsiz dren-kollektorların mövcudluğuna şərait yaratmış, bu hal isə həmin dren-kollektorların baxımsız qalmasına, istismar zamanı müxtəlif çətinliklərin və problemlərin həllində mübahisələrin yaranmasına səbəb olmuşdur.
Audit olunan dövrdə kənar dövlət maliyyə nəzarətinin obyekti və tabeli qurumlar tərəfindən uzunmüddətli fəaliyyət hədəflərinin müəyyən edildiyi Strateji Planları olmamış, fəaliyyət illik istismar tədbirləri planı əsasında həyata keçirilmişdir. İstismar tədbirləri planı tabeli qurumların təqdim etdikləri tələbat göstəriciləri azaldılmaqla təsdiq olunmuş, sonradan həmin plan göstəriciləri faktiki icra göstəricilərinə uyğunlaşdırılmaqla azaldılaraq dürüstləşdirilmişdir. Nəticədə illik plan göstəricilərinin yüksək səviyyədə icra olunduğu görünsə də, tabeli qurumların tələbat göstəricilərinin aşağı səviyyəli icrası istismar tədbirlərinin lazım olan vaxtda icra edilməməsinə və dren-kollektor şəbəkəsinin istismarı üzrə həyata keçirilən tədbirlərin dar çərçivədə həyata keçirilməsinə səbəb olmuşdur.
Qrunt sularının sahələrdən kənarlaşdırılmasında əsas rol oynayan və sovet dönəmində tikilmiş ilkin qapalı drenlərin əhəmiyyətli hissəsinin dağılması və son dövrlərdə qapalı ilkin dren şəbəkəsinin əsaslı təmiri və bərpası istiqamətində maliyyə vəsaitlərinin ayrılmaması şəraitində həmin şəbəkənin, eləcə də nasos stansiyalarının bir hissəsinin nasaz vəziyyətdə olması müvafiq ərazilərdə qrunt sularının səviyyəsinin artımı və ətraf ərazilərdə torpaq sahələrinin təkrar şorlaşması ilə nəticələnmişdir.
“Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi (Sabirabad rayonu üzrə II mərhələ)” layihəsi çərçivəsində 15950 ha sahədə suvarma və dren-kollektor şəbəkələri qurulsa da, həmin ərazinin böyük massivlərində heç bir əkin aparılmamış, həyata keçirilmiş əkinlər isə, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə, seyrək olmuş, qeyd edilənlər görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini göstərmişdir.
Layihə çərçivəsində suvarma suyunun Kür çayından kanala vurulmasına xidmət edən nasos stansiyasının su qəbuledicisinin Kür çayının kritik səviyyəsinə adekvat olmayaraq nisbətən yuxarı hissədə yerləşməsi çayın səviyyəsinin düşdüyü hallarda nasos stansiyasının davamlı fəaliyyət göstərə bilməməsi risklərini və əlavə xərc potensialını yaratmış, ərazidəki drenaj nasos stansiyasının işlək vəziyyətdə olmaması yığıcı kalektorlarda toplanan dren sularının səviyyəsinin qalxmasına və şor suların təkrar əkin sahələrinə sızmasına səbəb olmuşdur.
Torpaqlara meliorativ nəzarətin həyata keçirilməsi məqsədini daşıyan rejim müşahidə quyularının əsaslı təmirinə vəsait ayrılmaması dağılmış və ya dolmuş quyuların istismara qaytarılmasını mümkünsüz etmiş, 2023-cü ilin sonuna 8692 rejim müşahidə quyusundan 5756 quyu və ya bütün quyuların 66,2%-i rejimdə olmuş, 2936 quyu və ya quyuların üçdə biri dağılma və ya dolma səbəbindən rejimdən çıxmışdır. İşlək quyuların say göstəricisinin tədricən azalması işləməyən quyuların xidmət etdiyi əkin sahələrinin meliorativ nəzarətdən kənarda qalması ilə nəticələnmişdir.
Bir sıra rayonlarda, məsələn, İmişli, Saatlı və Bərdə rayonlarının bəzi hissələrində kollektor sularından duzsuzlaşdırılma aparılmadan suvarma məqsədləri üçün istifadə edilməsi ərazilərin müxtəlif səviyyəli təkrar şorlaşmasına səbəb olmuşdur. Bununla belə, kollektor sularının minerallıq səviyyəsinin aşağı olması duzsuzlaşdırıldıqdan sonra, eləcə də duzsuzlaşdırılma aparılmadan Xəzər dənizinə axıdılan kollektor sularının minerallıq səviyyəsinin suvarma suyuna yaxın və ya ona uyğun olması həmin sulardan təkrar istifadə, həmçinin gəlir potensialının olmasını deməyə əsas vermişdir. Yetərli sayda və yerlərdə hidropostların olmaması isə ötürülən suyun dəqiq miqdarının müəyyən edilməsinə mane olmuşdur.
Toplayıcı kollektorlardan təmizlənməmiş çirkab sularının axıdılması məqsədilə istifadə olunması (məsələn, Yevlax, Kürdəmir və Sabirabad rayonlarında), sonradan isə həmin kollektorların kənd təsərrüfatı və məişətdə istifadə edilən su hövzələrinə axıdılması hallarına rast gəlinmişdir. Belə hallar kollektorların vahid sistem kimi fəaliyyət göstərməməsi və su hövzələrinin çirkləndirilməsi ilə yanaşı, kollektorların istismarı zamanı zəruri ölçmələrin nəticələrinin etibarlılığını sual altında qoymuş, çirkab sularının dren-kollektor şəbəkəsinə, oradan isə şirin su hövzələrinə axıdılması həmin hövzələrin suyundan sonrakı istifadə zamanı əhalinin sağlamlığı üçün təhdidlər yaratmışdır. Bundan başqa, çirkab sularının kollektorlar vasitəsilə kənarlaşdırılması Kİİ-lərin və SSİ-lərin fəaliyyət dairələrinə aid olmayan istiqamətlərdə məsrəflərinə səbəb olmuşdur.
01.01.2024-cü il tarixə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə 11724,9 ha sahədə fəaliyyət göstərən 604 balıq istehsalçısından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə yalnız 1569,6 ha sahədə (13,4%) fəaliyyət göstərən 76-sı (12,6%) ETSN tərəfindən uçota alınaraq sertifikatlaşdırılmış, balıqçılıq təsərrüfatlarının fəaliyyətinə lazımı nəzarət təmin edilməmişdir. Qeydiyyatsız fəaliyyət göstərən balıq gölləri üzrə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ətraf mühitə təsir qiymətləndirilməmiş, bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə nəticələnmişdir.
KTN-nin məlumatına əsasən respublika üzrə fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının say baxımından 62,6%-i, sahə baxımından 85,4%-i Kür-Araz ovalığında, həm say, həm sahə, həm də qeydiyyatsız fəaliyyət baxımından əksər hissəsi isə coğrafi cəhətdən daha çökək ərazidə yerləşən və buna görə də ərazisi şorlaşmaya daha çox məruz qalan Neftçala və Salyan rayonlarında yerləşir ki, bu da qrunt sularının yatma dərinliyinin az, şorlaşma riski yaradan duzların miqdarının çox olduğu və qrunt suların torpaq səthinə yaxın yerləşdiyi həmin ərazilərdə balıqçılıq təsərrüfatlarının da fəaliyyətinin təsiri ilə torpaqların şorlaşma səviyyəsinin artımına səbəb olur.
Bundan başqa, araşdırmalar balıq göllərinə verilən suların uçotunun düzgün aparılmadığını göstərmiş, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən təqdim edilmiş məlumata əsasən 2023-cü ildə balıq göllərinin 1 hektarına Beyləqan rayonunda 1,1 min m3, Biləsuvar rayonunda 1,7 min m3 su verilmişdir. Bu isə balıq göllərinin hər hektarında suyun dərinliyinin həmin rayonlarda, orta hesabla müvafiq olaraq, 11 sm və 17 sm olması anlamına gəlir ki, bu da balıq yetişdirilməsi üçün kifayət etməsi baxımından real deyildir.
Eyni zamanda, balıq göllərinə su satışı üzrə ayrıca tariflərin müəyyən edilməməsi şəraitində həmin göllərə verilmiş sular göldəki suyun yenilənməsi və boşaldılması zamanı kollektorlara axıdılır ki, bu da həmin sulardan, zəruri infrastruktur qurulmaqla, suvarma və ya torpaqların yuyulması məqsədləri üçün istifadə edilməməsi səbəbindən böyük miqdarda su itkisi, kollektorların əlavə yüklənərək daha tez lillənməsi və gəlir potensialının itirilməsi anlamına gəlir.
İstismar tədbirləri planına əsasən lildən təmizləmə işlərinin bir qismi podrat üsulu ilə həyata keçirilmiş, tabeli qurumların lildən təmizləmə işlərini görən öz maşın və mexanizmlərinin tam iş yükü ilə işləməməsi podrat üsulu ilə işlərin aparılmasının əsaslılığını da sual altında qoymuşdur. Podrat üsulu ilə görüləcək işlər üzrə satınalmalar ilin II yarısında və ya ilin sonuna yaxın həyata keçirilmiş, vaxtın azlığı səbəbindən, bəzi hallarda, açıq tender deyil, müvafiq razılıq əsasında bir mənbədən satınalma metodu tətbiq edilmişdir. Bir sıra hallarda qalib təşkilatlarla bağlanmış müvafiq podrat müqavilələrində təqdim edilmiş qiymətlər ASC tərəfindən müəyyən edilmiş normativ qiymətlərdən xeyli aşağı, xüsusilə 2022-ci ildəki müqavilələr üzrə normativ qiymətin təxminən yarısı qədər və daha aşağı (42,3%-50,3% aralığı) olmuşdur. Satınalmalarının ilin sonuna yaxın həyata keçirilməsi və podrat müqavilələrində qiymətlərin ASC tərəfindən müəyyən edilmiş normativ qiymətlərdən aşağı səviyyədə olması müqavilələrinin icra səviyyəsinə də təsir etmiş, müqavilələrin icra səviyyəsi 2022-2023-cü illər ərzində Kİİ-lər üzrə 62,2% təşkil etmişdir.
2022-2023-cü illər ərzində bu işlərə böyük ehtiyacın olduğu şəraitdə, yerinə yetirilməyən işlərə görə podratçılara ödənilməmiş 561788,5 manat vəsait dövlət büdcəsinə geri qaytarılmışdır.
Kür-Araz ovalığında, digər təsirlərlə yanaşı, torpaqların şorlaşmasının da təsiri ilə bir sıra əsas kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri əvvəlki illərlə müqayisədə azalmış, araşdırmalar 3 hektar və daha az əkin sahəsinə malik olan və subsidiya almaq üçün əkinlərini bəyan edən istehsalçıların sayının 2023-cü ildə 2021-ci illə müqayisədə 20,3%, ödənilmiş əkin subsidiyasının cəmi məbləğinin 2,9 milyon manat azaldığını göstərmişdir. Bundan başqa, kənd yerlərində əkinçilikdən imtina işsiz əhalinin sayı göstəricisinin 2023-cü ildə 2015-ci ilə nisbətən 36,4% artmasında, eləcə də kənd yerlərində özünüməşğulluq tədbirlərinə cəlb olunmuş vətəndaşların sayının və onlara təqdim edilmiş aktivlərin məbləğinin 2023-cü ildə 2019-cu ilə nisbətən dəfələrlə artmasında, bununla da daha çox büdcə vəsaitlərinin sərf olunmasında da özünü göstərmişdir.
Hesablama Palatasının Kollegiyası auditor hesabatını təsdiq edərək, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə etdiyi məsələlərin, obyektlərin və ərazinin genişliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlar üzrə daxili nəzarət qaydasında müvafiq tədbirlərin həyata keçirilməsi, aidiyyəti dövlət qururmlarına müvafiq məktubların göndərilməsi barədə qərar qəbul edilmişdir.
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ