Onlayn ictimai-siyasi qəzet
Son günlər ictimaiyyət arasında quru sərhədlərin açılması ilə bağlı məsələ tez-tez gündəmə gəlir. Hətta quru sərhədlərin iyul ayında açılacağı ilə bağlı xəbərlər də yayılıb. Yada salaq ki, 2020-ci il martın 24-dən etibarən COVİD-19 pandemiyası səbəbi ilə xüsusi karantin rejimi tətbiq olunur.
Bu il Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Artıq bu müddətin bitməsinə az vaxt qalıb. Bu vaxtadək ölkəmizdə quru sərhədlərin bağlı qalmasının əsas səbəbi kimi isə təhlükəsizliklə bağlı məsələlər göstərilir. Yeri gəlmişkən, iyunun 23-də Dağıstanda baş verən terror aktı təhlükəsizliklə bağlı narahatlığı bir daha önə çəkdi. Son məlumatlara görə, baş verən bu terror aktı zamanı 20 nəfərin həyatına son qoyulub, onlardan 15-i polis əməkdaşıdır. Bundan əvvəl isə, martın 12-də Rusiyanın Moskva şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum təşkil edilib, nəticədə 144 nəfər ölüb, xeyli adam yaralanıb. Regionda baş verən terror hadisələri Azərbaycan üçün nə dərəcədə təhdiddir? Bu hadisələrdən dolayı quru sərhədlərin açılmasına əngəl yarana bilərmi?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib: “Dağıstanda baş verən terror hadisəsi ürəkağrıdıcı hadisədir. Amma narahat olmağa əsas verən yalnız Dağıstandakı terror deyil. Bizdə COP 29 keçiriləcək. Fikrimcə, quru sərhədlər iyulun 1-də açılmayacaq. COP 29 bitənə qədər sərhədlərimizi bağlı saxlayacağıq. Qonşumuz ermənilər, ya başqa bizi istəməyənlər təxribat edə bilərlər. Sərhəd müəyyən qədər gözlənilməlidir ki, terrorçu bura girə bilməsin”.
İqtisadçı-ekspert Natiq Cəfərli də təhlükəsizliklə bağlı məsələyə fikir bildirib: “Dəfələrlə publik çıxışlarımızda demişik ki, Rusiya mütləq qonşularına təhdid yaratmayan, sivil ölkəyə çevrilməlidir, öz qınına çəkilməlidir, amma dağılması böyük fəlakətlərə yol aça bilər. Azərbaycanın şimal sərhədi boyu qeyri-sabit, kiçik və bir-biri ilə, hamı ilə düşmənçilik edəcək “ölkələrin”, həmin “ölkələrdə” başıpozuq dəstələrin formalaşmasına səbəb olacaq ki, daim bizə qarşı təhdid yarada biləcək durum yarana bilər. Rusiya Çeçenistan da daxil Şimalı Qafqaza ildə 9-10 mlrd. dollar dotasiya ayırır, həmin kiçik etnik muxtar qurumlarda iqtisadiyyat yoxdur, Rusiyanın mərkəzi büdcəsindən ayrılan vəsait olmasa, əvvəl bir-birlərinə, sonra ətraflarına hücum edəcəklər, xaotik və qeyri-sabit bir coğrafiya ilə sərhəd olacağıq. Rusiya işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan çəkilib həmin bölgələrin Gürcüstana qayıtmasına mane olmamalı, öz ərazisinin problemləri ilə məşğul olmalıdır. Ümumiyyətlə, Cənubi Qafqazdan Rusiyanın çəkilməsi bizim bölgəni rahatladacaq, öz ərazisi olan Şimali Qafqazla məşğul olmağa Moskvanın daha çox zamanı və resursu olacaq”.
Afaq MİRAYİQ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ