İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29 ərəfəsində onların da canına birə düşdü: qarayaxma kampaniyasına başladılar

Avropa Parlamenti oktyabrın 24-də “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə qəbul edib.

Ekspertlər hesab edir ki, bu, Azərbaycanda gələn ay keçiriləcək COP29 kimi mötəbər tədbir ərəfəsində ölkəmizə qarşı aparılan antitəbliğatdır.

FİKRET YENİ.jpeg (135 KB)

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a mövzunu şərh edərkən deyib ki, Avropa Birliyinin Azərbaycana qarşı qərəzli münasibəti 30 ildir ki, ortadadır:

“Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən sonra isə bu qərəz daha eybəcər bir forma almaqdadır. Elə bu iyrənc siyasətin nəticəsidir ki, Azərbaycan Şərqlə Qərb arasında öz seçimini Şərqin xeyrinə etdi. İnsan haqlarından danışan bu başıboşlar 30 il ərzində bir milyon erməni təcavüzü nəticəsində yaranmış bir milyon qaçqın və köçkünümüzün haqlarını işğalçı ermənilərin ayaqları altına atdılar və bu əməllərindən heç utanmadılar. Bəs o insanların haqqı haqq deyildimi? Bu yaramazlar Azərbaycanda insan haqları, demokratiya, söz azadlığı kimi “demokratiya alətlərinin” axtarışında deyillər. Bunlar sadəcə əkib-becərdikləri “demokratiya alətləri” vasitəsilə Azərbaycanı öz təsirlərində saxlamağa cəhd edirlər.

Bu basqılarla Azərbaycanın əzmini sındırmaq olmaz. Azərbaycan onun suverenliyinə hörmətlə yanaşan Birlikdə təmsil oluna bilər. Biz Türk qardaşlarımız kimi uzun müddət Qərbə getmək yolunu tutmuşduq. Lakin Qərb bizim haqqımızı tanımadı. İndi də işğalçı Ermənistandan demokratik ölkə düzəltməyə qalxıblar.

Bu gün Azərbaycan yerləşdiyi bölgədə müstəqil və eyni zamanda balanslaşdırılmış siyasət yürüdən yeganə ölkədir. Öz müstəqilliyinə hörmətlə yanaşan və onu maksimum qorumağa çalışan hər bir dövlət məhz belə davranmalıdır. Lakin müstəqilliyimizin ilk günlərindən Azərbaycana qarşı ikili standartlar prizmasından münasibət bəsləyən Qərb ölkələrinin özlərindən kiçik dövlətlərin suverenliyinə münasibəti tam fərqlidir. Qərb bu gün nə qədər demokratiyadan, insan haqlarından, söz azadlığından danışsa da, onun Azərbaycan kimi müstəqilliyini qoruyub saxlamağa çalışan ölkələrə münasibətində XVIII əsrin müstəmləkə təfəkkürü ortadadır. Bunlar rəsmi müstəmləkəçilik dövründə olduğu kimi, kiçik dövlətləri yalnız özlərindən asılı vəziyyətdə görmək istəyirlər. Lakin anlamırlar ki, dünya dəyişir, “demokratiya alətlərini” dövriyyəyə buraxıb, onlarla manupilyasiya etməklə qarşındakını aldatmaq zamanı artıq çoxdan bitib, indi sözlə əməlin arasında bu qədər fərqlə yaşamaq mümkün deyil”.

Professor qeyd edib ki, bu gün Azərbaycan Cənubi Qafqazın açar dövləti olaraq dünya güclərinin diqqət mərkəzindədir:

“Qərblə Şərqin böyük güclərinin arasında gedən mübarizədə artıq Şərq yetərli üstünlük əldə etməkdədir. Bu üstünlüyün ən bariz formasını Şərqin aparıcı dövlətlərinin təşəbbüsü ilə yaradılmış BRICS-in nümunəsində görmək mümkündür. Qərbin məkrli yanaşmalarından fərqli olaraq BRICS-də üzv ölkələrin suverenliyinə və müstəqil yaşamaq prinsiplərinə hörmətlə yanaşılır. Bu birlikdə heç bir dövlət digərinin daxili həyatına müdaxilə edib, ona “sən belə yaşamalısan” demir. Bir sözlə, bu Birlik öz müstəqilliyinə hörmətlə yanaşan və onu maksimum qorumağa çalışan ölkələrin koalisiyasıdır. Elə bu səbəbdəndir ki, hazırda dünyanın 40-a yaxın ölkəsi bu Birliyə üzv olmaq arzusunu ifadə edib. Bu ölkələrdən biri də Azərbaycandır. Rəsmi Bakı cari ilin avqust ayının 20-də BRICS-ə üzvlüklə bağlı müraciət edib. Azərbaycanın siyasi elitası həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa və həmrəyliyə can atır və bunu müstəqil siyasətin əsas prinsipi hesab edir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR