Onlayn ictimai-siyasi qəzet
Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başlayıb.
Musavat.com xəbər verir ki, qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan bu mötəbər tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək etimadın və inamın göstəricisi, Prezident İlham Əliyevin liderliyində beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.
Noyabrın 22-dək davam edəcək sessiya çərçivəsində noyabrın 15-də saat 13:00-da mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək.
Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə gerçəkləşən görüşdə rəsmilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri – ümumilikdə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Tədbirdə yüksək səviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunması məqsədilə səylər göstəriləcək.
Noyabrın 16-da saat 11:00-da COP29 çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünə həsr olunan sessiya keçiriləcək. Yüksək səviyyəli nümayəndələrin və aparıcı mütəxəssislərin iştirakı ilə reallaşacaq sessiyada mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, inklüzivliyin artırılması kimi mövzular müzakirə olunacaq.
Həmin gün saat 15:30-da Azərbaycanın “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı keçiriləcək. C4C təşəbbüsü mədəniyyəti iqlim müzakirələrinin mərkəzinə çəkərək qlobal səviyyədə mənalı davranış dəyişikliklərinə ilham verməyi və mədəniyyətin davamlı gələcək üçün güclü bir vasitə olduğunu göstərməyi hədəfləyir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində bu il ərzində bir çox tədbirlər təşkil edib. Parisdə, UNESCO qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, “COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” adlı konfransı, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” adlı xüsusi konfrans, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatı və digər tədbirlər təşkil olunub.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ