Onlayn ictimai-siyasi qəzet
Dünyaca məşhur CNN telekanalı Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau bölgəsində baş vermiş qəzaya dair məqalə yayımlayıb.
Musavat.com bildirir ki, məqalədə hadisənin bəzi diqqətçəkən və şübhəli məqamlarına toxunulur.
CNN yazır ki, AZAL-a məxsus təyyarənin uçuş marşrutundan kənara çıxmasının səbəbləri hələ də tam aydın deyil. Lakin qəzanın cənubi Rusiyada dron hücumlarının artdığı və hava məkanında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi dövrə təsadüf etməsi bu məsələdə əsas müzakirə mövzularından biridir. Həmin gün təyyarənin uçuş yolundakı ən yaxın Rusiya hava limanı bağlı olub.
Məqalədə qeyd olunur ki, təyyarənin gövdəsindəki zədələr və quyruq hissəsindəki perforasiya izləri onun dronla toqquşma və ya hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən təsirə məruz qaldığı ehtimalını gücləndirir. CNN-in məlumatına görə, bu bölgədə əvvəllər dron fəaliyyətlərinə qarşı istifadə edilən HHM sistemlərinin, xüsusilə “Pantsir-S1” komplekslərinin aktiv olduğu bildirilir.
Eyni zamanda CNN vurğulayır ki, təyyarənin qəzası zamanı hava limanlarının bağlanması və dronların təhlükəsi arasında bir əlaqənin olması mümkündür. Hadisənin araşdırılması nəticəsində bu ehtimalların təsdiqlənib-təsdiqlənməyəcəyi isə hələlik bəlli deyil.
Musavat.com tərəfindən təqdim olunan bu məqalə, CNN-in istinadlarına əsasən hazırlanmışdır. Qəzanın səbəbləri ilə bağlı istintaq davam edir və yaxın günlərdə əlavə məlumatların açıqlanacağı gözlənilir.
Mənbə: https://edition.cnn.com/2024/12/25/asia/passenger
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ