İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinlə ABŞ yeni ticarət müharibəsi astanasında - 21 gün əvvəl imzalanan razılaşma pozulur

Mayın 12-də Çinlə ABŞ Cenevrə razılaşması imzaladı. Razılaşma barədə xəbərlər dünya iqtisadiyyatında müsbət siqnallar doğurdu. ABŞ və Çin qarşılıqlı tariflərin azaldılması, strateji materialların ixracına “məhdudiyyətlərsiz rejim”, eləcə də texnoloji mübadilələrin bərpası barədə razılaşdı.

Musavat.com xəbəər verir ki, o gün qlobal bazarlarda optimist ab-hava hökm sürdü. İki nəhəngin barış razılığı bazarlarda xammalın ucuzlaşmasına, investorların rahat nəfəs almasına səbəb oldu. Gələn məlumatlar onu deməyə əsas verir ki, cəmi 21 gün imzalanan barış sazişi kənara qoyulur. Artıq Vaşinqton Pekini açıq şəkildə, razılaşmanın imzalanmasından sonra Çin nadir torpaq elementlərinin ixracını dondurmaqda ittiham edir. Bu elementlərsə elektrik avtomobilləri, çip istehsalı və hərbi texnologiyada həyati əhəmiyyət daşıyır. ABŞ şirkətləri, xüsusən də Ford və Raytheon artıq istehsalda çətinliklərlə üzləşdiyini bildiriblər. Nadir torpaqlar məsələsi təsadüfi deyil. Çin bu sahədə dünya bazarının təxminən 85 faizinə nəzarət edir. Bu resurs iqtisadi deyil, siyasi alətə çevrildiyindən Qərb üçün təhlükəsizlik çağırışı kimi dəyərləndirilir. Çin isə cavabında ABŞ-ı ittiham edir, texnologiya sahəsindəki sanksiyaların, xüsusilə “Huawei” və digər Çin şirkətlərinə qarşı tətbiq edilən ixrac qadağalarının razılaşmanın ruhuna zidd olduğunu açıq deyir. Pekin, həmçinin çinli tələbələrə qarşı ABŞ-da tətbiq olunan yeni viza məhdudiyyətlərini də iqtisadi deyil, ideoloji basqı adlandırır. Çin Xarici İşlər Nazirliyi açıq bəyan edib ki, “Biz danışıqlara sadiqik, lakin təzyiq və təhdid dilini qəbul etməyəcəyik”.

İndi danışıqlar faktiki olaraq dayanıb. Hazırda ABŞ və Çin arasında yalnız media bəyanatları, ittihamlar və ticarət təhdidləri diqqət çəkir. Vəziyyət 2019-cu ildəki böhranı xatırladır. O zaman da razılaşmalar bir neçə həftə sonra pozuldu, bazarlar təlatüm keçirirdi.

Hazırkı gərginlikdə fərqli olan odur ki, bu dəfə ticarət savaşının fonunda geosiyasi rəqabət daha da kəskinləşib. Tayvan məsələsi, Hind-Sakit okean regionunda mövqe savaşı və BRİCS-ə genişlənmə təşəbbüsləri Çin-ABŞ qarşıdurmasını təkcə iqtisadi deyil, ideoloji qütbləşmə səviyyəsinə daşıyır. Hazırkı vəziyyətdə sadə texniki danışıqlarla problemi həll etmək mümkünsüz görünür. Tərəflərin hər biri daxili ictimai rəyi də nəzərə alaraq kompromisə getmək istəmir. Analitiklər hesab edir ki, yalnız iki ölkə liderinin – Donald Tramp və Si Cinpinin – birbaşa siyasi iradəsi ilə yeni mərhələyə keçmək mümkündür. Əks halda dünya iqtisadiyyatı, xüsusən texnologiya və avtomobil sənayesi yenidən qeyri-sabitlik girdabına düşəcək.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR