Onlayn ictimai-siyasi qəzet
“İmişli Ağsaqqallar Şurasında təmsil olunan şəxslərin əksəriyyətini tanıyıram və onlara böyük hörmətim var. Onların içində 40 il təhsil sahəsində çalışmış, “Tərəqqi” medalı ilə təltif olunmuş insanlar, Yazıçılar Birliyinin üzvləri, “Qızıl qələm” mükafatı laureatları və sovet dövründə döş nişanı ilə təltif olunmuş ziyalılar var. Bu insanlar siyasətdən uzaq olduqları üçün səhvə yol veriblər.”
Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib. O, İmişlidə 9 May Qələbə Günü münasibətilə SSRİ bayrağının dalğalandırılmasına və sonradan yaranan qalmaqallı reaksiyalara münasibət bildirib.
Qənizadə qeyd edib ki, artıq mövcud olmayan bir quruluşun – SSRİ-nin simvollarının hüquqi təsiri yoxdur:
“Kimlərsə bunu nostalji ilə saxlayır və yaxasına taxırsa, bu, o dövrün xatirələri ilə yaşamaqla bağlıdır. Azərbaycanda bu simvollar ümumən yoxdur. Harada asılıb, harada dalğalanır?! Ayrı-ayrı şəxslərin sovet dövrünə bağlılıq ifadə edən simvollardan istifadə etməsi hüquqi məsuliyyət yaratmır.”
O, İmişlidə baş verənlərlə bağlı cəmiyyətdə yaranan aqressiv münasibətdən narahat olduğunu bildirib:
“Mən tərəfdarı deyiləm ki, mərdi qova-qova namərd etsinlər. Bu insanları hətta separatçı kimi təqdim etməyə çalışırlar. Belə hallar ağır nəticələrə gətirib çıxara bilər. 40 il vətənə xidmət etmiş bir şəxs bu cür hücumlar fonunda özünə qəsd edə bilər. Niyə biz bu insanları sona qədər təqib edib əzməyə çalışırıq? Onlar İmişlidə hörmətə malik, savadlı ziyalılardır.”
Qənizadə əlavə edib ki, həmin şəxslər “Georgi lenti”ni və SSRİ bayrağını müharibə rəmzi kimi istifadə ediblər.
“Bəli, bu yanlış addımdır. SSRİ bayrağının Azərbaycan bayrağı ilə yanaşı dalğalandırılmasına heç bir ehtiyac yox idi. Amma bu siyasətdən uzaq insanların bilməyərək etdiyi bir səhvdir. Onlar ziyalıdır, siyasəti bilməyə bilərlər. Bu hadisəni faciəyə çevirməyin tərəfdarı deyiləm.”
Qənizadə qeyd edib ki, SSRİ-yə aid atributların yığışdırılmasının Rusiyaya heç bir aidiyyəti yoxdur:
“Doğrudur, Rusiya SSRİ-nin hüquqi varisidir, amma Azərbaycan müstəqil dövlətdir. Dil və simvol seçimi, beynəlxalq proseslərə münasibət konstitusion hüququmuzdur. Əgər hansısa heykəl SSRİ-ni xatırladırsa, yığışdırılması normaldır. Amma kiminsə sinəsində döş nişanı varsa, ona görə təzyiq göstərmək olmaz.”
O, məsələnin həssas olduğunu və veteranlara, sovet dövründə orden-medal alan şəxslərə qarşı bu cür yanaşmanın doğru olmadığını deyib:
“İkinci Dünya müharibəsində döyüşmüş veteranlar medallarını sinələrinə taxıb küçəyə çıxırlar. Bəziləri əmək ordenlərini, SSRİ dövründə verilmiş diplomlarını indi də saxlayır. Biz indi deyək ki, onları atın? Tarixə bu cür yanaşmanı qəbul etmirəm.”
Xatırlatma: 9 May Qələbə Günü münasibətilə İmişli rayonunun Sarıxanlı kəndində SSRİ bayrağı qaldırılıb. Bayraq İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə narazılıq yaradıb. Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov “Georgi lenti” ilə çıxış edib, “Den Pobedi” sovet mahnısı səsləndirilib.
Hadisədən sonra Azərbaycan Ağsaqqallar Şurası təcili iclas keçirərək Saleh Səmədovu vəzifədən azad edib, şuradan xaric olunması barədə qərar qəbul olunub. Sədr səlahiyyətləri müvəqqəti olaraq Vahid Tağıyevə tapşırılıb.
Şahanə Rəhimli,
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ